Yuxarı

Füzuli meydanında bayılan gəncin dramı - Reportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atamgil məni evdə ac qoyub rayona toya getdilər. Yeməyə heç nə yoxdur, onlar da birisi gün gələcək".

Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı parkda huşunu itirib yerə yıxılan Rəşad Bəxtiyev ayılanda ilk dediyi sözlər bu oldu.

Çiynimə kiminsə toxunduğunu hiss edib geri dönəndə başının ayağımın üstünə düşdüyünü hiss elədim. Birtəhər oturacağa aparıb orda uzatdıq. Özümü itirmədim, ağzını araladım, dilinin qatlanmadığına əmin oldum. Dostum 103-ə - təcili tibbi yardıma zəng etdi. İlk ağlıma gələn onun aclıqdan huşunun itirməsi ehtimalı oldu.

Məsləhət verən çox, kömək edən yox

Bu an hamam kisəsi satan qadın yaxınlaşdı. Gözlənildiyi kimi sorğu-suala çəkməyə, əmrlər verməyə başladı: ""Skoru"ya zən vurdunuz? Bu başı batmışlar da adam öləndən sonra gəlir. A bala, cavan oğlansan, əlini niyə o günə qoyubsan?"

Bu qadın əsəblərimizlə təzəcə oynayırdı ki, polis əməkdaşı yaxınlaşdı. Hiss elədim ki, əraziyə nəzarət edir. Heç təbirini pozmadan, əllərini arxada bir-birinin üstünə qoyub sakit tonda olaya uyğun sualları verməyə başladı. Üzünü qəhrəmanımıza tutub: "Nolub ə, burda? Niyə uzanmısan ora?" – soruşdu.

Rəşadın danışmağa heyi olmadığı üçün onun əvəzindən sualları özüm cavablandırdım: "Huşun itirib yıxılmışdı yerə, gətirdik uzatdıq bura".

- Kim görüb ilk dəfə?

- Biz (yanımdakı 2 yoldaşımı da göstərdim).

- Həkim çağırmağa ehtiyac var?

- Artıq çağırmışıq.

- Kiminsə var? Eviniz hardadi?

Polisin bu sualından sonra özünə gələn xəstə səsi əsə-əsə nəsə deməyə çalışdı: "Atamgil rayona toya gedib. Evdə yeməyə heç nəyim yoxdur. Evimiz də Buzovnadadır. Günorta yemişəm. Sabaha yeməyə heç nəyim yoxdur. Pulum da yoxdur. Onlar da birisi gün gələcək".

- Yaxşı. Otur burda, indi həkim gələcək. – Polis bunu deyəndən sonra sola dönüb əli belində keçidə düşdü.

Al bunu, get bir şey al, ye!

Təcili tibbi yardımı gözlədiyimiz vaxt orta yaşlı, ağ saçlı bir kişi yaxınlaşıb Rəşada 1 manat pul verdi. Pulu verən kimi də cəld geri qayıtdı və köşkün arxasında gözdən itdi. Əsəbi şəkildə hərəkətlər edən həmin şəxs elə əsəbi şəkildə də öz fikirlərini ifadə etdi: "Al bunu, get bir şey al, ye! Oturma burda, dur, dur get bir şey ye!"

Həmişə narazı həkimlər

Satıcı qadın yeri gəldi-gəlmədi müxtəlif mövzularda danışırdı. Heç onu dinləyən də olmurdu. Bu boş-boşuna danışıqlar sona qədər davam etdi. Təcili tibbi yardımın yaxınlaşdığını gördüm və xəstənin yanımızda olduğuna işarə etdim. Maşından 2 həkim düşdü. Onlardan biri 30-40, digəri 50-60 yaşlarında olardı. Görüşdən də hiss olunur ki, yaşlı qadın əsəbidir və bu çağırış heç də ürəyincə deyil. Elə danışıqda da bunu hiss etmək olardı.

- A bala, sənə nə olub, haran ağrıyır?

- Ürəyimdə sıxıldı. Yıxıldım.

- Hmm. Yaxşı, aparın maşına, baxaq.

Artıq ilkin diaqnoz da qoyuldu: "Epileptik tutmalar". Maşında qısa müayinədən sonra xəstəyə "valeryan" verildi. Həkim əsəblərində problem olan bu ürək xəstəsinin aclıqdan huşunu itirdiyini dedi.

Söz verib, əgər vicdanı varsa...

Xəstənin müayinəsi zamanı şəkil çəkmək istəyim həkimi qıcıqlandırdı. Təbii ki, icazə vermədi: "Get həkimləri çək. Rüşvət alanları çək. Bizi yox".

TTY-nin həkiminə "niyə təcili tibbi yardım maşını hadisə yerinə gec gəlir?" sualına isə cavab gecikmədi.

- Çünki həkim azdı.

- Bəs niyə yeni işçilər götürülmür?

- Həkimə pul verən var ki, yeniləri də gəlsin?

- Söhbətin şirin yerində kisə satan qadın şər atmağa başladı: "Bax a, bu səsini yazır. Allah haqqı telefonu cibində tutub yazır". Satıcının bu sözlərinə inanan həkim daha danışmayacağını bildirdi. Vəziyyətin heç də yaxşı olmadığını anladım və telefonu cibimdən çıxarıb onlara göstərdim. Problem həll edildi. Həkimlərin inamı bərpa olundu. Bu an kisəsatan yenə şər kampaniyasını davam etdirdi və həkimin son sözündən sonra susmağa üstünlük verdi.

- O, söz verib səsimizi yazmayacaq, əgər vicdanı varsa bunu etməyəcək.

- Bunu son anda adını boynundan asılmış həkim vəsiqəsindən oxumağı bacardığım Elmira xanım dedi. Düzü, vəsiqənin bir hissəsi həkim xələtinin altında gizləndiyi üçün soyadını görə bilmədim.

İşini qurtaran həkimlər sürücüyə səsləndi:

- Sür qutabxanaya, ordan buna bir şey alaq, yesin. Ac qalıb, belə olub.

Elmira həkim maşının qapısını örtəndə sakitcə: "Elmira xanım, çox sağ olun!" - dedim. Bu sözdən sonra həkim sinəsindən asılan vəsiqəyə baxdı, gülə-gülə başını yellədi.

15 manat... sənə 13-ə verərəm

Təcili tibbi yardım maşını getdikdən sonra keçidə düşdüm. Bir neçə dəqiqə mağazaları gəzdikdən sonra geri qayıdırdım ki, Rəşad Bəxtiyevlə qarşılaşdıq. 2-3 dəqiqəlik söhbət əsnasında anladım ki, yeməkdən sonra vəziyyəti xeyli yaxşılaşıb. Yerişi və danışığı normallaşmışdı. Sağollaşdıq və keçidlə getməyə başladı. Əslində yolumuz eyni idi. Rəşada yaxınlaşmışdım ki, onun uşaq oyuncaqları satılan dükana girdiyini gördüm. Qapının ağzında durub müşahidə etməyə başladım. Əlini oyuncaq BMV-yə uzadıb, satıcıdan qiymətini soruşdu.

- 15 manat... sənə 13-ə verərəm.

Cavabdan sonra dərhal geri dönən qəhrəmanımla dükanın qapısı ağzında üz-üzə gəldik.

- Almaq istəyirsən? Gəl, mən alım!

- Yox, lazım deyil. Eləcə baxırdım! – dedi və getdi. Bir neçə saniyədən sonra sola buruldu və keçiddən çıxdı. Arxasınca getdim. Amma tapa bilmədim. Sanki heç belə bir adam olmayıb.

Tarix
2014.03.28 / 09:00
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla