Onu Baba Rzayevin əvəzləyəcəyi gözlənilir.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətində (ASC) böhran hökm sürür.
"Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, böhran
həm maddi sıxıntılar, həm də daxili psixoloji gərginliklə müşahidə
olunmaqdadır. Qurum əməkdaşlarından verilən məlumata görə, hazırda
ASC-də ciddi kağız qıtlığı yaşanır. Əməkdaşın dediklərinə inansaq,
mövcud durumun yaranmasının əsas səbəbi maliyyə sıxıntıları ilə
bağlıdır. Hətta kağız almağa da vəsait tapmayan "Azərenerji"dəki
mövcud vəziyyət ASC-nin böyük layihələri maliyyələşdirməsi ilə izah
edilir.
Digər bir məlumatda isə qeyd olunur ki, böyük məbləğdə kredit
borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkir. Lakin
bütün sıxıntılar sadəcə kredit borcları və sponsorluqla əlaqəli
deyil. Hətta vəziyyət o həddə çatıb ki, "Azərenerji"nin
dəhlizlərində sədrin dəyişdiriləcəyi və "Bakıelektrikşəbəkə"
ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin "Azərenerji"
rəhbərliyinə gətiriləcəyi danışılır.
Mənbəmiz qeyd edir ki, bununla əlaqədar olaraq, ASC-də
qeyri-müəyyənlik hökm sürür. Bu isə özlüyündə bir sıra
gərginliklərə səbəb olub, hətta işçilərin rabitə imkanları
məhdudlaşdırılıb. Belə ki, beynəlxalq çıxışı olan telefonlar ciddi
nəzarətə götürülüb.
Novruz bayramı ərəfəsində yaranan gərginlik hazırda daha sərt
şəkil alıb: "Kiminləsə danışmaq olmur. Deyilən hər şey adamın öz
əleyhinə çevrilir. Çox adam iş axtarmağa başlayıb. Çox böyük
narahatlıq var. Rəhbər şəxslərin heç birinə söz demək olmur. Hamı
çox gərgindir".
Məsələ ilə bağlı "Azərenerji"nin mətbuat xidmətinin (MX) rəhbəri
Fəridə Behbudova ilə əlaqə saxladıq. O, əvvəlcə bu xəbərləri bizdən
eşitdiyini söyləyərək, bütün bunların dedi-qodu olduğunu bildirdi.
Amma bu fikrindən bir neçə saniyə keçməmiş "sizin dediklərinizi nə
təsdiq, nə də təkzib edirəm"- dedi.
Daha sonra isə ümumiyyətlə, bu barədə danışmaq
istəmədiyini söylədi... Bundan sonra Fəridə xanımla olan
dialoqumuzu təqdim edirik:
-Nə vaxt etibarlı mənbənizi bizə təqdim etsəniz, sizə cavab
veriləcək. İndi mənim söylədiklərim mövqe deyil. Çünki siz məndən
"Azərenerji"nin fəaliyyəti barədə soruşmamısınız. Yazsanız, problem
yaşayacağıq.
- Sizin fikirləriniz niyə rəsmi hesab olunmasın ki?
Qurumun rəsmi sözçüsüsünüz.
- Dediklərinizi yazılı şəkildə bizə göndərin, əsaslandırın. Mən
indi sizə belə cavab verməyəcəyəm. Əgər siz mənim dediklərimi mövqe
kimi bildirsəniz, bu, hörmətsizlik olacaq. "Azərenerji"ni
fəaliyyətinə aid, bizim həyata keçirdiyimiz layihələr...
- Siz bizə nə qədər vaxta cavab verə
bilərsiniz?
- Siz yazılı şəkildə göndərin, mən rəhbərliyə təqdim edim.
Cavabı onlar verir, mən vermirəm. Siz məni düz başa düşün. Mən
burda sadəcə olaraq koordinatoram. Jurnalistlərdən daxil olan
sualları götürüb cavablanması üçün aidiyyatı idarələrə, şəxslərə
təqdim edirəm. Siz deyirsiniz ki, mən mövqe bildirim. Mənim nə
ixtiyarım var mövqe bildirim?!
- Problem yoxdu, siz elektron adresinizi deyin, ora
gönderek...
- Offf... sizə sadəcə adamı əsəbiləşdirməklə məşğulsunuz, ey
vallah. Adama elə gəlir ki, jurnalistikada ilk gündür
işləyirsiniz.
Fəridə xanımın onu əsəbiləşdirməyimizlə bağlı dediklərinə də,
bizdən inciməyinə də hardasa haqq qazandırmaq olar. Yəqin ki, onun
bu həyəcanı və hətta "Mənim nə ixtiyarım var mövqe bildirim?"
deməsi elə sözçüsü olduğu qurumdakı qeyri-müəyyənlik, gərginliklə
bağlıdır.