Bakı merinin oğlunun təzyiqi ilə ölkədən çıxan Qurban
Mahmudov Kliçkonun əsgər yoldaşı olub.
"Kliçko çox sadə insandır. 8 ay onunla hərbi xidmətdə olduq,
bilmədik ki, o idmançıdır. Halbuki həmin vaxt o artıq Ukrayna
çempionu olmuşdu. Sonradan zabitlərdən eşitdik ki, Kliçko peşəkar
boksla məşğuldur". Bu sözləri "Azadlıq"a ağır çəkidə WBC, WB0, WBA
versiyaları üzrə üç dəfə dünya çempionu olmuş, Ukrayna inqilabının
liderlərindən biri olan, UDAR partiyasının sədri Vitali Kliçkonun
əsgər yoldaşı Qurban Mahmudov deyir.
Qurban Mahmudovu tapmaq o qədər asan olmadı. Düzü, Kliçkonun
azərbaycanlı əsgər yoldaşı olduğu barədə sosial şəbəkələrdən xəbər
tutduq. Ağ-qara olan həmin şəkildə Kliçko və Qurban Mahmudov
işarələnmişdi. Di gəl, onu kiminsə tanıdığı, münasibəti olduğu
bəlli deyildi. Nə isə, uzun axtarışdan sonra öncə Qurban Mahmudovun
dostu, iş ortağı Maqsud Mahmudovu tapdıq.
Maqsud Mahmudovla söhbətimizə keçməzdən öncə kiçik bir arayış
verək. Maqsud Mahmudov tez-tez Ukraynaya gedir. Orada kiçik
bizneslə məşğuldur. Ukraynadakı Maydan hadisələrində də orada olub
və Azərbaycan bayrağını dalğalandırıb. Onun şəkilləri də bizdə
olduğu üçün yanına getdik. Məhz bu şəkillərin hesabına Maqsud
Mahmudovu danışdıra bildik. Necə deyərlər, onu fakt qarşısında
qoyduq, narazı olsa da, bir-iki kəlmə danışdı.
Onu da öncədən bildirək ki, Maqsud Mahmudovla Qurban Mahmudovun
heç bir qohumluq əlaqələri yoxdur. Sadəcə soyadları eynidir.
Söhbətimizə Qurban Mahmudovla Kliçkonun münasibətlərindən
başlayırıq. Xəbəri olmamış olmaz. Ancaq bu barədə danışmadı. Dedi
ki, Qurban Mahmudovla görüşəndə özündən soruşaq.
Müsahibimizi çox da narazı salmamaq üçün birbaşa özüylə bağlı
söhbətə başlayırıq.
- Bizdə olan məlumata görə, Siz tez-tez Ukraynaya
gedirsiniz. Hətta ayda iki dəfə səfəriniz olur. Bu səfəriniz nəylə
bağlıdır? Sizin orada da biznesiniz var?
- Mənim o xalqa - ukraynalılara böyük hörmətim var. Həm də orada
özümə kiçik biznes qurmuşam. Vaxtaşırı ora gedib işlərimlə
maraqlanıram.
- Ancaq bizdəki şəkillərdən bəlli olur ki, siz Maydan
hadisələrində orada olmusunuz, üstəlik, Azərbaycan bayrağını
meydanda birinci siz qaldırmısınız?
- Bəli, bu belə olub. Bu mənim üçün şərəfdir. Bayrağımızın hər
yanda dalğalanmasından qürur duyuram. Əgər bunda mənim də kiçik bir
xidmətim olubsa, sevinirəm.
- Kliçkoyla necə, münasibətiniz varmı?
- Azərbaycan bayrağını Maydanda dalğalandıranda nəinki Kliçko,
bir çoxları mənə yaxınlaşıb qucaqladı, öpdü, bizə və xalqımıza olan
sevgilərini dilə gətirdilər. Hazırda Ukraynanın baş naziri olan
Yatsenyuk da mənlə görüşdü. Bayrağı dalğalandıranda qucaqladı,
gözləri dolmuşdu.
- Dediniz ki, bayrağı dalğalandıranda Kliçkoda sizinlə
görüşdü. İndi də onunla əlaqə saxlayırsınız?
- Mən Ukraynaya onunla tanışlığa görə getməmişəm. Sadəcə olaraq
orada olan azərbaycanlılar kimi Ukrayna xalqının həmrəyliyinə şərik
olmuşam. Bir daha təkrar edirəm, Azərbaycan bayrağını
dalğalandırandan sonra onlar mənimlə görüşdülər.
- Maydan hadisələrində Donetskdən gələn etirazçıların
qurduğu mağara da Azərbaycan bayrağını
sancmışdınız.
- Sizdə olan məlumatlar məndən daha çoxdur. Deyəsən, çox
hazırlıqlı gəlmisiniz? (Gülür)
- Sonuncu dəfə Ukraynada nə vaxt
olmusunuz?
- Üç-dörd gün öncə. Keçən həftənin bazar günü Ukraynadan
qayıtmışam.
Maqsud Mahmudov işlərinin çox olduğunu deyir. Bunu ona gələn
telefon zənglərindən də hiss edirik. "Qardaş, beş dəqiqəyə
çatıram", "Bir azdan gəlirəm" deyib dəstəyin o üzündə olan
insanlara "təsəlli" verirdi. Ondan şəriki Qurban Mahmudovun
nömrəsini istədik. Bunu edə bilməyəcəyini dedi. Onu da qeyd etdi
ki, hazırda ölkədə deyil. Uzun axtarışdan sonra Qurban Mahmudovun
nömrəsini tapa bildik. Moskvada olduğunu öyrəndik. Telefon
nömrəsini tapıb zəng etdik. Onunla da söhbətə bizdə olan
şəkillərdən başladıq. Qurban da soydaşı kimi vaxtının az olduğunu
dedi və söhbəti tez yekunlaşdırmağımızı xahiş etdi. Qurban Mahmudov
indinin özündə də Kliçkoyla münasibətlərinin olduğunu deyir: "Sizin
əldə etdiyiniz şəkillərdəki insanların Kliçkoyla münasibəti var.
Onlar hətta Maydan hadisələri zamanı onun yanında idi. Mən Moskvada
olsam da, bir neçə dəfə onunla telefon əlaqəsi yaratmışam.
Kliçkonun istər mənlə, istərsə də başqa əsgər yoldaşları ilə
münasibətləri əla olub. Çox sadə insandı. Onun idmançı olduğunu
bilmirdik. Baxmayaraq ki, 8 ay bir yerdə xidmət etmişik. Sonradan
zabitlərdən eşitdik ki, Kliçko peşəkar boksçudur. Əsgərlikdə olan
zaman artıq Ukrayna çempionu idi. Ancaq özünü elə aparırdı ki,
deməzdin döyüşçüdür. İdmançı olduğunu, bizdən daha güclü olduğunu
hiss etdirməmişdi". Qurban Mahmudovla çox danışa bilmirik. Bakıya
qayıdandan sonra bizimlə görüşüb, geniş söhbət edəcəyinə söz verir.
("Azadlıq.info").