"Bəzi qüvvələrin tolerantlığımıza, bərabərliyimizə,
din-dövlət münasibətlərinə zərbə vurmaq, eyni zamanda dövlətimizi
zəiflətmək və dövlətə mənəvi cəhətdən təcavüz etmək imkanlarının
yarandığını hiss edirəm Bu təcavüzlər həm ölkənin cənub, həm də
şimal bölgəsində öz təsirini göstərir. Son vaxtlar isə bu hallar
daha çox şimal bölgəsində müşahidə olunur".
"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Quba
rayonunda din xadimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri Suriyaya döyüşməyə gedənlər haqqında da danışıb. O
bildirib ki, torpaqlarımızın işğal altında olduğu bir vaxtda bəzi
vətəndaşlarımızın səsi Suriyadan gəlir: "Onların orda qanları
axıdılır. Bəzən onları şəhid adlandırırlar. Bu düzgün deyil. Din
adamı öncə öz ailəsini və torpağını qorumalıdır".
A. Paşazadə Azərbaycan Respublikasının qanunlarına əməl etməyən
dindarlara qarşı birgə mübarizə aparmağın vacibliyini bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti dindar insanlar
üçün hər cür şərait yaradıb: "Yeni-yeni məscidlər tikilir və bu iş
davam etdirilir. Təkcə məscidlər deyil, digər dinlərin
nümayəndələri üçün eyni şərait yaradılıb. Bu gün özünü vəhhabi,
nurçu və təkfirçi adlandıran şəxslər öz siyasətlərini Azərbaycan
dövlətçiliyinə qarşı aparmamalıdır. Hər bir dövlətin öz
qayda-qanunu var. Əgər bu insanlar dövlətin qanununu qəbul
eləmirlərsə, onlara qarşı birlikdə mübarizə aparmalıyıq. Bununla
mübarizə aparmaq tək mollaların işi deyil, hamı bu yolda bir
olmalıdır".
QMİ sədri kənar qüvvələrin Qubada təxribat törətmək
niyyətlərinin baş tutmayacağını da bəyan edib.