Feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində üç
azərbaycanlı gəncin aeroport şossesindəki yarışması geniş müzakirə
olunur.
Videodan aydın görünür ki, sürətə görə bəhsə girənlərin
maşınları Nissan GTR R35 AMS700 ALPHA, Corvette Z06 Tuned və
Cadilac CTS-V Hennessey-dir.
Maşınlardan birinin spidometri göstərir ki, avtomobillər saatda
250 km sürətlə hərəkət edirlər. Bu da kobul qayda pozuntusudur.
Amma nə bu, nə də yoldakı radarlar bu ekstrim həvəskarları üçün
narahatlıq yaratmır.
"Day.az" məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət
Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif
Əsədovla əlaqə saxlayıb.
"Mən bu videonu görməmişəm. Ancaq deyə bilərəm ki, aeroport
şossesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər
sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, yol hərəkəti
qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə,
sürücülərə qarşı müvafiq tədbirlər görüləcək", – V.Əsədov
bildirib.
Respublika Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yolunda
avtomatik rejimdə işləyən radarlar quraşdırılıb.
"Yollarda hətta radarların olduğu barədə nişan da quraşdırılıb.
Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb
olunacaqlar", – o qeyd edib.