Azərbaycanda orta aylıq əmək haqqı heç 500 manat olmadığı təqdirdə "Abituriyent” jurnalından da göründüyü kimi təhsil haqları fantastik həddədir. Bundan başqa, nəzərə almaq lazımdır ki, ölkə əhalisinin 2.5 milyonunun banklara kredit borcu var. Bu halda əlbəttə ki, təhsil haqqını ödəmək müşkülə çevriləcək. Hesab edirəm ki, tələbələrə təhsil haqqını il ərzində hissə hissə ödəməyə imkan yaratmaq və təhsil haqlarını artırmamaq lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayevanın təhsil kreditləri ilə bağlı Milli Məclisdə səsləndirdiyi fikirləri şərh edən ekspert Kamran Əsədov Şərq.az-a açıqlamasında deyib. Millət vəkilinin mövqeyini dəstəkləyən təhsil eksperti bildirib ki, son illərdə təhsil sahəsində aparılan islahatlara baxmayaraq, ölkəmizdə ali təhsillə əhatə əmsalı kifayət qədər aşağıdır:
"Söhbət dünya miqyasından getmir. Qonşu ölkələrlə müqayisə edəndə Azərbaycanda orta və ali təhsillə əhatə əmsalı çox aşağıdır. Bu gün Azərbaycanda orta məktəbi bitirən şagirdlərin ən yaxşı halda 27-28 faizi ali məktəblərdə oxuyur. Ümumilikdə isə orta təhsillə əhatə əmsalı 25-26 faiz civarındadır. Halbuki, bu göstərici qonşu Gürcüstan və Ermənistanda 30 faizdən çoxdur. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 50 faizdən yuxarıdır. Bu da onu göstərir ki, Azərbaycanda ali təhsilin əlçatan olması ilə bağlı problemlər var. Bunun bir səbəbi də 90-cı illərin ortalarından başlayaraq dövlət ali təhsil sistemində ödənişli təhsil sisteminə sürətli keçiddir. Bu gün dövlət təhsil sistemində elə ixtisaslar var ki, onların 60-70 faizi ödənişlidir. Yəni bir tərəfdən ödənişli təhsilin miqyası böyüdü, o bir tərəfdən isə son illərdə Tarif Şurasının qərarı olmadan universitetlər təhsil haqlarını davamlı şəkildə artırdılar.
Apardığım araşdırmalara görə, bəzi universitetlərdə təhsil haqları 2009-2016-cu illərdə təxminən 4 dəfə artıb. Məncə, bu vəziyyətdə ali təhsilin əlçatanlıq səviyyəsinin aşağı, yoxsulluğun isə müəyyən faiz olduğu ölkədə dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin miqyası azaldılmalıdır. İndiki vaxtda ödənişli təhsilin miqyası 30-35 faizdən çox olmamalıdır. Söhbət ondan gedir ki, təhsil haqlarını artırılması nəticəndə təhsilin keyfiyyəti artacaqmı? Əlbətdə ki, xeyr. 400 baldan yuxarı nəticə göstərən abituriyentlər təhsil haqqından azad edilməlidir.
Bu gün bizim universitetlərin problemi ondan ibarətdir ki, bizneslə işləyə bilmirlər. Buna görə də onlar bütün xərcləri məhz təhsil haqları ilə örtməyə çalışır. Bu da praktik olaraq mümkün deyil. Əgər özəl universitetlərdə təhsil alan tələbə bir təhsil ilində 3000 manat və ya 3000 avro təhsil haqqı ödəyirsə, bu, İsveçrənin aparıcı universitetlərinin təhsil haqlarından çoxdur. İsveçrə vətəndaşının orta əməkhaqqı Azərbaycan vətəndaşının orta aylıq maaşından 8-9 dəfə çoxdur. Bu da sosial baxımdan ədalətli deyil. Buna görə də hər il minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsillərini yarımçıq qoyur”.
Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva parlamentin yaz sessiyasının gündəliyinin müzakirəsi zamanı gənclərin çağırışını səsləndirib və "Təhsil kreditləri haqqında” qanunun qəbuluna çağırıb.