Feysbuk sosial şəbəkəsində bir xanım istifadəçi Bakıda bina
evlərindən birində uşağın atası tərəfindən döyülməsi ilə bağlı
ürəksızladan məlumat və foto yayıb.
Məlumatda deyilir ki, bu uşaq
hər gün atası tərəfindən işgəncəyə məruz qalır, sifəti zərbələrdən
tanınmaz hala salınır. Məlumatı paylaşan xanım uşağına işgəncə
verən həmin kişinin adını çəkməməsini ondan qorxmasıyla izah
edib.
Bu vəhşiliklə bağlı hər hansı
bir tədbir görülübmü? Ölkədə fəaliyyət göstərən, azyaşlı kimsəsiz
uşaqların müdafiəsi və hüquqları ilə məşğul olan qeyri-hökumət
təşkilatları hər hansı bir addımı atıbmı? Bəs dövlət
orqanları?
Səhiyyə nazirliyi ünvanı tapa bilmir
Səhiyyə Nazirliyinin mətbuat
xidmətinin əməkdaşı Səbahət Əhmədova paylaşılan şəkillə və uşağın
zorakılıqla qarşılaşması haqda məlumatlı olduqlarını dedi: "Lakin
ünvanı və tam olaraq zərərçəkənin adını bilmədiyimizə görə heç bir
kömək edə bilmədik. Biz sosial şəbəkədə bunu yayanlara üz tutduq,
ünvanı istədik ki, həmin usagı heç olmasa həkim müayinəsindən
keçirib, müalicəsi ilə məşğul ola bilək. Əfsus ki, cavab
vermədilər".
DİN-dən bu vəhşiliklə bağlı açıqlama
olmayacaq
Daxili İşlər Nazirliyinin
mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə də bu hadisəni analoqu
olmayan vəhşilik kimi xarakterizə etdi: "Bu, insanlığa zidd olan
bir işgəncədir. Azyaşlı uşağa bu qədər əzab vermək ürəkağrıdıcı
haldır. Uşağın şəklini paylaşan o xanıma sərgilədiyi vətəndaşlıq
mövqeyinə görə təşəkkür düşür. Lakin o xanım bu hadisə ilə bağlı
102 qaynar xəttinə, yaxud yaxınlıqdakı polis bölməsinə xəbər
versəydi, daha yaxşı olardı. Sözsüz ki, araşdırmaya ehtiyac var.
Doğrudanmı bu uşaq atası tərəfindən döyülüb, yaxud doğrudanmı bu
uşaq paytaxt sakinidir? Ünvan yox, ad yox, müvafiq instansiyalara
müraciət yox. Valideynin məsuliyyətə cəlb olunması, onunla
profilaktik söhbətin aparılması da bundan sonra mümkün ola
bilərdi".
Bu olayla bağlı nazirliyin hər-hansı bir açıqlaması gözlənilirmi
və yaxud DİN kimi təcrübəli bir dövlət orqanı üçün bu məsələni
dəqiqləşdirməyin nə dərəcədə çətin olub-olmaması ilə bağlı
sualımızı isə DİN yetkilisi belə cavablandırdı: "Biz "102 Qaynar
xətti"ni ona görə yaratmışıq ki, vətəndaşlar hər hansı bir
cinayətin açılmasında bizə yardımçı olsunlar. İndiki halda isə
həmin xanım hadisədən xəbər yaysa da, heç bir koordinat
göstərməyib. Bizim texniki imkanlarımız imkan vermir ki, bu
hadisənin izinə düşə bilək".