Yuxarı

Dünya belə məhv olur – Fizikdən şok faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünya əhalisinin sayının sürətlə artması prosesi müşahidə edilir. Bu artım isə Yer kürəsi üçün müəyyən təhdidlər yaradır. Çünki planetin resursları əhali artımı ilə eyni templə artmır, əksinə, sayımız çoxaldıqca, təbii resurslar azalır.

Fizik Yalçın İslamzadə Axar.az-a müsahibəsində kainatın yaradılışı, dünyanın təbii ehtiyatlarının tükənməsi və dünyanın sonu haqqında fikirlərini bölüşüb:

- Kainatda milyonlarla, milyardlarla ulduz, planet var. Başqa planetlərdə həyatın olması məsələsi tez-tez gündəmə gəlir...

- Kainatdakı ulduzların ümumi sayı haqqında təxminlər müxtəlifdir. Yaşadığımız Süd Yolu qalaktikasındakı ulduz sayı 100 milyard civarındadır. Süd Yolu qalaktikasının kütləsi 100 milyardlarla Günəş kütləsi mərtəbəsindədir, deməli, qalaktikamızdakı bütün ulduzlar Günəş böyüklükdə olsaydı, Süd Yolu qalaktikasındakı Günəşlərin sayı ~10 üstü 11 mərtəbəsində olardı.

Süd Yolu qalaktikasında ortalama olaraq ulduz başına düşən planet sayı birdən çoxdur. NASA-nın hesablamalarına görə, Yerin ətrafındakı 50 işıq ili radiusda 1500 planet mövcuddur. Bizim qalaktikanın radiusu isə 100 000 işıq ilindən böyükdür. Kainatdakı qalaktikaların sayı, bir təxminə görə, yenə 100 milyard mərtəbəsindədir. Hubble Fəza Teleskopunun göndərdiyi son məlumatlar isə ulduz və planetlərin real sayının yuxarıdakı təxminlərdən 10 dəfə çox ola biləcəyini göstərir.

Kainatda milyardlarla ulduz və planet olmasına baxmayaraq, mürəkkəb həyat sadəcə Yer kürəsində mövcuddur. Kainatın başqa yerlərində həyat varsa, güman ki, onların mürəkkəblik səviyyəsi bizimkindən azdır. Bizdən daha inkişaf etmiş olsaydılar, sayları artmış, texnologiyaları inkişaf etmiş və çoxdan öz planetlərini tərk etməyi bacarıb ulduzlararası səyahətə çıxmış və ulduzlararası fəzada görünmüş olardılar. Başda SETI olmaqla, yerdənkənar həyat axtarışı təşəbbüsləri hələ ki, heç bir nəticə verməyib. İndiki halda, çox ciddi sübut əldə olunana qədər mürəkkəb həyatın sadəcə Süd Yolu qalaktikasındakı Günəş sistemindəki planetlərdən biri olan Yer kürəsində mövcud olduğunu qəbul etmək ən doğru yanaşmadır. Deməli, milyardlarla planet arasında yalnız Yer kürəsində həyat formalaşıb. 14 milyard yaşı olan, milyardlarla və milyardlarla ulduzu olan Kainatda təkcə Yerdə həyatın olması, həyatın planlaşdırılmadığını, milyardlarla il ərzində çox fərqli faktorların bir araya gəlməsi ilə meydana çıxdığını düşündürür.

- Sizcə, Yerdəki həyat yaradılış möcüzəsidir?

- Dinlər kainatın başqa bölgələrində həyat olmasını yaxşı qarşılamazlar. Tarixdən bilirik ki, Cordano Bruno başqa planetlərdə də həyat ola biləcəyini iddia etdiyi üçün Kilsənin İnkvizisiya Məhkəməsi tərəfindən yandırılıb. Teologiya bir dilemma qarşısındadır: dinlərdə lokal olaraq təsvir olunmuş yaradılışı açıqlamaq üçün, həm də Kainatın milyardlarla il yaşını, milyardlarla işıq ili genişliyini, Kainatdakı milyardlarla ulduz və planetin yaradılma səbəbini açıqlamalıdırlar. Dinlərə görə təsadüf yoxdur, elə isə bu zaman, məkan və maddə israfının da bir izahı olmalıdır. Əgər bu miqyas başqa yerlərdə həyatın olması üçündürsə, o zaman ilahi həqiqət, qanun və qadağalar, hər biri özünü doğru sayan dini təlimlər ən azından ikiləşmiş olur. Həqiqət çoxalır, kopyalanır. Din üçün bu vəziyyəti izah etmək asan deyil. Əgər zamanda, sayda və məsafədə inanılmaz böyüklükdəki rəqəmlərlə ifadə olunan Kainatda həyat sadəcə kiçik bir planetdə (Yerin radiusu vur-tut 6 min 400 km-dir) meydana çıxıbsa, 25 milyard dollarlıq büdcəsi olan, dünyanın ən büyük sərnişin təyyarəsi A-380-ni bütün böyüklüyü ilə ərsəyə gətirib 410 milyon dollara satmaq və sadəcə iki sərnişin yeri qoymaq necə “mühəndislik möcüzəsi” sayılmazsa (sifarişdən asılı olaraq A-380, 500 ilə 800 arası sərnişin tutur), Yer kürəsindəki həyat da yaradılış möcüzəsi sayılmaz.

Din təbliğatı təbiətdəki yaşamaq uğrunda mübarizəni, 6000 genetik xəstəliyi, müxtəlif geoloji dövrlərdə, müxtəlif ərazilərdə yaranmış növləri, bəzi növlərin digərlərindən gənc olmasını, bəzi növlərin yox olmasını görməzdən gəlir. Çünki yavaş təşəkkül edən və müxtəlif dövrlərdə yaranmış növlər, bütün canlıları eyni anda yaradan sonsuz qüdrət sahibi yaradıcı fikri ilə ziddiyət təşkil edir. Genetik xəstəliklə doğulmuş bir insanın imtahan üçün bu xəstəliklə doğulduğunu iddia etmək, ciddi arqument sayılmaz.

Biz bütün növlərin eyni anda meydana çıxmadığını yaxşı bilirik. Ən qədim hominin (müasir və nəsli kəsilmiş insanların daxil olduğu taksonomik qrup) fosilləri milyonlarla il mərtəbəsindədir. Ancaq dinozavrların (ən qədim növü Nyasasaurus parringtonun fosili 240 milyon il olaraq tarixləndirilir) insan yaranmazdan çox əvvəl nəsillərinin kəsildiyini bilirik. Bu yox olma hadisəsi isə yenə planlaşdırılmış və nizamlı dünyada baş verməsi mümkün olmayan bir meteoritin Yerlə toqquşmasının nəticəsidir.

Yerdəki həyat olduqca orijinal və təkrarsızdır. Onu qiyamət sonrası cənnət və cəhənnəm gözləntisi ilə müvəqqəti dayanacaq, sınaq, imtahan meydançası kimi görmək, ona lazımi əhəmiyyəti verməməklə nəticələnə bilər.

- Dünya əhalisinin bu qədər artması gözlənilən idimi?

- Bilinən ilk hominin fosillərinin yaşı bir neçə milyon ildən çox deyil. İlk insanabənzər canlıların ortaya çıxmasından əvvəl Yer kürəsi 4 milyard il, digər canlılar isə mürəkkəblik dərəcəsinə görə yüzmilyonlarla il əvvəl mövcud olublar. İnsanlar tarixlərinin böyük bir qismində qida zəncirinin aşağılarında, kiçik ovçu-toplayıcı qruplar halında yaşadılar. Dünya onun üçün nəzərdə tutulmamışdı və adaptasiyası yüz min illərlə vaxt və milyonlarla qurban bahasına mümkün oldu. Müxtəlif xəstəliklər, yırtıcılar, iqlim dəyişiklikləri, insanlararası müharibələr və qida təminatının zəmanət altında olmaması uzun müddət insanların sayının kəskin artmasına imkan vermədi.

- Son 2-3 əsrdə insanların sayında ciddi artım yaşandı. Bu artımın eyni templə davam etməsi gözlənilirmi?

- Dünya əhalisi, təxminlərə görə, 1804-cü ildə 1 milyardı keçdi. Əhalinin bir milyarda çatması üçün yüz minlərlə illərin keçməsi lazım gəlmişdi, ancaq sonrakı iki əsr ərzində əhali 7.5 dəfə artaraq hazırkı sayına çatdı. İlk milyarddan sonra milyonlarla insanın ölümünə səbəb olan müharibələrə, epidemiyalara, aclıqlara baxmayaraq, artım davam edir. BMT-nin təxminlərinə görə, 2050-ci ildə dünya əhalisi 9.1 milyard olacaq və bu artım əsasən dünyanın kasıb bölgələrindəki artımın hesabına baş verəcək. Təxmin hazırkı doğum nisbətinin yavaşlayacağına ümid edən optimist təxmindir.

- Əhalinin sayının sürətlə artmasının səbəbi nədir?

- Mikrob nəzəriyyəsini, vaksinləri, qida təminatını, müasir sanitariya və gigiyena sistemini icad etmək əhalinin sayının sürətlə artmasına şərait yaratdı. Ölkələr inkişaf etdikcə insanların orta ömrü uzandı, uşaq ölümləri nisbəti azaldı. Modernizmdən öncə uşaqların hüquqları yox idi, istismar olunurdular. Uşaq ölüm nisbəti yüksək olduğu üçün ailələrin çoxuşaqlı olmaları düzgün strategiya idi. Çox sayda uşaqdan bir neçəsi ölsə də, digərləri həyatda qalıb nəsli davam etdirə bilərdilər. Ancaq modern dövrdə qadınların karyera imkanlarının artması və uşaq ölümlərinin azalması, eləcə də uşaqların valideynlər üçün sərmayə kimi görülməyib, onların öz gələcəklərinə sərmayə qoyulması səbəbi ilə ailələrdə uşaq sayı azaldı. Təfəkkür çox gec dəyişir. Kasıb ölkələrdə hələ də qədim strategiya, çox sayda uşağa sahib olma strategiyası tətbiq olunur. Ancaq çox sayda əhalisi olan kasıb ölkələrin inkişaf etməsi olduqca çətindir. Burada sanki bağlı dövrə mövcuddur. Bağlı dövrələri isə, sadəcə, problemi yaradan məntiqdən fərqli bir məntiq qura bilər. Bugünkü ifrat əhali artımını yaradan məntiq problemin səbəbidir, həlli deyil.

- Dünyanın təbii fəlakət və ya kosmosdan gələn bir fəlakət nəticəsində dağılması ilə bağlı iddialar nə dərəcə doğrudur?

- Dinlərin günahı əsaslandırmaq üçün istifadə etdikləri vasitələrdən biri də bu dünyanı fani, günahkar, sınaq üçün dayanacaq kimi təqdim etməkdir. Dinlər dünyanın dağılacağını, qiyamət qopacağını bildirsələr də, güman ki, Yer kürəsi təbii fəlakət və ya kosmosdan gələn bir fəlakət nəticəsində dağılmayacaq. Dünyanın “dağılması” onun qaynaqlarının tükənməsi və insanın asılı olduğu ekosistemin, hava və su dövranının, həyat zəncirinin pozulması ilə baş tutacaq. İnsan fəalliyəti minillər ərzində təbiətə ancaq cüzi, marjinal zərər verə bilərdi. Bu gün isə bu zərər dünya miqyasındadır. Yerin dərin qatlarındakı neft təbiətə zərərli deyil, ancaq o neftdən yanma prosesi nəticəsində alınan karbon oksidləri havanı kirlədir, istehsal olunan plastik materialların həcmi daima artır - təbiətin isə plastik materialları neytrallaşdırmaq üçün minlərlə ilə ehtiyacı var. Bizim fəaliyyətimiz ona bu zamanı tanımır. Təbiət özünü yeniləyə bilmir. Əgər meşələr kəsilib ağaclar kağıza çevrilirsə, meşələr kəsilib palma plantasiyaları, yaşayış evləri salınırsa, təbiətin “həyat sahəsi” getdikcə daralır. Beton yaşılı udur...

- Dünyanın qaynaqlarının tükənməsinin qarşısını necə ala bilərik?

- İstənilən sərgidən sonra zibilliyə atılan kataloqların, reklam broşürlərinin jurnalların həcmi, istehlak üçün ünvana çatmayan reklamın belə çox sayda ağacın həyatı bahasına başa gəldiyinə sübutdur. Supermarketlər biri digərindən fərqlənməyən məhsullarla, məsələn, şirələrlə doludur, bu şirələrin istehsalı üçün ayrılan ərazi, onları marketlərə daşımanın yaratdığı hava kirliliyi və tıxaclar, çox sayda ehtiyac artığı məhsullarla bərabər, insanları istehlak vərdişlərini gözdən keçirməyə dəvət edir. Mən su təmizlənməsi sahəsində işlədiyim üçün dünyanın şirin su ehtiyatlarının nə qədər az olduğunu təsəvvür və sənaye məhsulları ilə kirlənmiş suların təmizlənməsinin nə qədər çətin olduğunu yaxından müşahidə etmişəm. Dünyadakı bütün su ehtiyatının sadəcə 2.5%-i şirin sudur, bu ehtiyatın isə sadəcə 1%-i əlçatandadır. Bir təxminə görə, bütün şirin su ehtiyatını diametri 260 km olan sferik həcmdə toplamaq mümkündür. Bir ucdan artan dünya əhalisinə isə yaşayış yeri, təmiz su, qida çatmalıdır. Bu fəaliyyətlər isə qlobal isinməni artırır, buzlaqlar əriyir, su səviyyəsi yüksəlir və isinən sulardakı həll olunmuş oksigen miqdarı azalır, dənizlərin ekosistemi pozulur. Dünya əhalisi 2 milyard artdıqda, insan bədəninin 70%-nin su olduğunu bildiyimizə görə və ortalama insan kütləsini 50 kq qəbul etsək, bu artım üçün lazım olan təkcə su miqdarı 84 milyard kiloqramdır. Hər bir insanın gündəlik içmə və gigiyena məqsədli su ehtiyacını da bura əlavə etdikdə, yaxın gələcəkdə suyun neftdən qiymətli olacağını, bir az fantastik təxmin kimi görünsə də, gözləyə bilərik.

Tarix
2017.11.14 / 23:24
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla