Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan
1996-cı il təvəllüdlü Zaur Ələsgərov bir il əvvəl avtomobil
qəzasında ayağından məhrum olub. Lakin onu bu duruma salan sürücü
hələ də məsuliyyətə cəlb edilməyib.
"Axar.az"a danışan Zaurun atası Məhəmmədzakir Ələsgərovun
sözlərinə görə, oğlu Zaur 2012-ci il noyabrın 23-də Neftçilər
prospektində, Kukla Teatrının qarşısındakı yolu keçərkən
"Mersedes-Benz E-klass" markalı avtomobil onu vurub: "Sürücü
yaralını yolun ortasında qoyaraq dərhal hadisə yerindən uzaqlaşıb.
Sonradan xəstəxanaya çatdırılan Zaur Ələsgərov Neyrocərrahiyyə
İnstitutunda uzun müddət müalicə aldı. 5 min manatdan artıq pul
xərcləmişik. Lakin onun tam sağalmasına lazım olan qədər pulumuz
olmadığından müalicəsi yarımçıq qaldı".
Səbail polisi cinayət işi qaldırıb, amma…
Zauru vuran sürücünün tapılıb məsuliyyətə cəlb olunması ilə
bağlı polisə müraciət edən M.Ələkbərov günahkarın hələ də üzə
çıxarılmadığından şikayətçidir. Belə ki, valideynin ərizəsi
əsasında 2013-cü ilin fevral ayının 26-da Səbail Rayon Polis
İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Məlum olub
ki, qəzanı törədən "Mersedes-Benz E-klass" markalı 90 HU 310 nömrə
nişanlı avtomobili həmin vaxt Nəhmətov Ruslan Tofiq oğlu idarə
edib. Lakin maşın Bakıda çalışan türkiyəli iş adamına məxsus olub.
Qeyd edək ki, qəzanı törədən şəxs barəsində Cinayət Məcəlləsinin
263.1-ci (az ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanılıb
və axtarış elan edilib. Maşının sahibi olan türk iş adamının isə
başqa bir qanun pozuntusuna yol verdiyinə görə Azərbaycandan
deportasiya olunduğu bildirilir. İstintaqın gedişindən narazı
qaldığını vurğulayan M.Ələsgərov günahkarın tapılaraq vurduğu
zərəri ödəməsini istəyir.
M.Ələsgərov onu da deyib ki, istintaq aparılarkən oğlu Səhiyyə
Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində
müayinədən keçib. Birliyin məhkəmə-tibb ekspertləri Z.Ələsgərovun
baş-beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin
travması, sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı, sol qamış
sümüyünün qapalı sınıqları diaqnozu qoyublar. Lakin bu diaqnozlara
və vuranın şəxsiyyətinin müəyyənləşməsinə baxmayaraq, polis tədbir
görmür.
Ata bildirir ki, günahkarın üzə çıxaraq heç olmasa onun
müalicəsinə kömək edəcəyinə ümid bəsləyir.
İstintaq yekunlaşıb, iş məhkəməyə gedir
İstintaqın gedişi və şikayətçinin iddialarına münasibət öyrənmək
üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşı,
işin istintaqını aparan müstəntiq Mirrəvan Ağayevlə əlaqə
saxladıq.
Müstəntiq bildirdi ki, işin istintaqı yekunlaşıb, bir neçə günə
qəza tərədən avtomobili etibarnamə ilə idarə edən sürücü Nəhmətov
Ruslan Tağı oğlunun məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə
təhvil verəcək:
"Burda kiminsə qanundan yayınmasından söhbət gedə bilməz. O ki
qaldı zərərçəkənə dəymiş maddi ziyanın ödənməsinə, bu, artıq
məhkəmənin qərarından asılı olacaq".