Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsi
bağlanır. 4 min işçi ixtisara salınır.
Bu məlumatı virtualaz.org saytına adıçəkilən idarədə işləyənlər
veriblər. Mühafizə xidmətinin işçiləri deyiblər ki, onlara özlərinə
başqa yerlərdə iş tapmaq üçün iki-üç ay vaxt verilib.
Daha çox "ARDNŞ Mühafizə Xidməti" adı ilə tanınan Təhlükəsizlik
İdarəsinin işçiləri bildiriblər ki, onlar bu xəbərdarlıqdan
narahatdır, çünki işsiz qalacaqlar: "Bizə vaxt veriblər ki, özümüzə
iş yerləri tapaq. Heç yerdə iş salıb itirməmişik ki, onu tapaq da.
Hara gedəcəyik? Hərəmizin bir çətən külfəti var. 4 min işçinin ailə
üzvlərini də üstlərinə gəlsək, belə çıxır ki, ARDNŞ prezidenti
Rövnəq Abdullayevin bu qərarı nəticəsində ən azı 20 min insan ac
qalacaq".
ARDNŞ Təhlükəsizlik İdarəsinin işçiləri ən yaxşı halda Bakıdakı
yaşayış binalarının və obyektlərin tikintilərində iş tapa
biləcəklərinə ümid edirlər. Nəzərə alsaq ki özəl şirkətlərin
tikinti bumu seyrəlib, onda bu ümidlərin doğrulacağı da sual altına
düşür.
ARDNŞ işçilərinin verdiyi digər məlumata görə, Təhlükəsizlik
İdarəsi ləğv olunandan sonra hazırda fəaliyyət göstərən 36
komandadan 11-i saxlanılacaq. Həmin komandalar isə "Pro-Sekurity"
adlı mühafizə şirkəti ilə müqavilə əsasında yenidən işə
götürüləcək.
Yada salaq ki, Təhlükəsuizlik idarəsinin işçiləri həm Dövlət
Neft Şirkətinin, həm də müqavilə əsasında özəl neft strukturlarının
mühafizəsi ilə məşğul olur. Onlar əsasən şirkətin strateji
obyektlərinin mühafizəsinə cavabdehlik daşıyırlar. Aylıq
məvacibləri 350 manat civarındadır.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin
Quliyev isə virtualaz.org-a açıqlamasında xəbəri təkzib etdi:
"Yaxın vaxtlarda şirkətin hər hansı idarəsində ixtisar
gözlənilmir".
ARDNŞ rəsmisindən əslində elə bu cür rəsmi cavabdan başqa heç nə
gözləmirdik də. Onu dərc etməklə yanaşı bunu da vurğulamalıyıq: bu
ixtisar xəbərini redaksiyamıza ixtisar olunacaqları barədə konkret
rəsmi şəxslərdən konkret xəbərdarlıq alan konkret əməkdaşlar
veriblər...
Qeyd edək ki, ARDNŞ-in Sosial İnkişaf Departamenti də bu
yaxınlarda ləğv olunub və xeyli işçi ixtisara salınıb. Şirkətin
tabeliyindəki "Azəriqaz"da da bir neçə qurumun ləğv ediləcəyi və
ixtisarların aparılacağı planlaşdırılıb. "Azəriqaz" əməkdaşlarına
bununla bağlı şifahi xəbərdarlıq da edilib. Bunu virtualaz.org
saytının əməkdaşı ilə söhbətində qurumun əməkdaşları deyiblər.
Qeyd edək ki, bu ixtisarlar əslində neft gəlirlərini gözlənilən
azalması ilə bağlıdır.