Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava qəsəbəsi, ev 261
"B"də yaşayan Qurban Xəlilov soyğuna məruz qalıb. Hadisə bu il
sentyabrın 19-da baş versə də, onun pulunu oğurlayan şəxslər hələ
də tapılmayıb.
Hadisənin təfərrüatlarını "Axar.az"a açıqlayan Qurban Xəlilov
böyük bir façiə ilə üzləşdiyini vurğulayıb:
"Bacanağım evini satmaq istədi. Sənədləşmə işlərinə vaxtı
olmadığı üçün etibarnamə verərək alğı-satqını, sənədləşmə işlərini
mənə həvalə elədi. Mən də yaxın qohum kimi təmənnasız olaraq
fikirləşdim ki, ona kömək edim. Razılaşdım və işlə məşğul olmağa
başladım. Alıcı ilə razılaşandan sonra evin pulunu banka
köçürdülər".
Hadisə baş verən gün Q.Xəlilov uzun sürən sənədləşmə prosesini
bitirib pulu bacanağına təhvil verməli idi. Lakin soyğunçular buna
imkan verməyib. Belə ki, evin pulu Nizami rayonu ərazısındə,
"Neftçilər" metrosu yaxınlığında yerləşən "Texnikabank"dakı hesaba
köçürülüb. Q.Xəlilov 50 min 966 manat məbləğində pulu bankdan
götürüb çıxarkən iki nəfər naməlum şəxs bağlamanı onun əlindən
alaraq qaçıb.
Q.Xəlilovun sözlərinə görə, sonradan pulu aparan şəxslərin
tapılıb geri alınması üçün Nizami rayon Polis İdarəsinə müraciət
edib. Araşdırma zamanı soyğunçuluq hadisəsinin anbaan təhlükəsizlik
kameralarında əksini tapması üzə çıxıb. Lakin iki aydan artıqdır
davam edən axtarışlar bir nəticə verməyib. Həmin pulu sahibinə
ödəməyə heç bir maddi imkanı olmadığıni deyən Q.Xəlilov məsələyə
ciddi yanaşılması və hadisəni törədən şəxslərin tapılıb istintaqa
cəlb olunması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinski
müraciətə cavab olaraq bildirib ki, faktla bağlı Nizami Rayon Polis
İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180.3.2-ci
(soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən
şəxslərin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində
zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rəis əlavə edib ki, müraciət, baxılması üçün Nizami Rayon Polis
İdarəsinə göndərilib və rəhbərliyə cinayəti törədən şəxslərin
tapılması istiqamətində zəruri tədbirlərin gücləndirilməsi
tapşırılıb.
Lakin Q.Xəlilov deyir ki, polisin sayğısızlığından bu günədək
axtarışlar bir nəticə verməyib.Vətəndaşın narazılığına aydınlıq
gətirmək üçün sözügedən cinayət işini araşdıran Nizami RPİ-nin
müstəntiqi Abdulla Cəlili ilə əlaqə saxladıq. Cinayəti törədən
şəxslərin axtarışlarının davam etdiyini bildirən müstəntiq bu
istiqamətdə elə bir yeniliyin olmadığını qeyd edib.