Ana səhifə Toplum |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 4-cü mikrorayon sakinləri tərəfindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub.
Komitədən Axar.az-a verilən məlumata görə, müraciətə əsasən, qurumun mütəxəssisləri əraziyə baxış keçilərək müəyyən edib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə Komfort Plaza MMC tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanılıb.
Aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı şəhər İcra Hakimiyyəti sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi üçün 0,08 hektar torpaq sahəsi ayırsa da, tikintiyə icazə proseduru başa çatdırılmamış və tikintiyə icazə verilməyib. Bununla yanaşı, Komfort Plaza MMC-nin əməkdaşlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinə yerində təqdim olunmuş ərazi planlaşdırma sənədlərinin müvafiq şəhərsalma qanunvericiliyinə zidd tərtib olunduğu müəyyənləşdirilib. Belə ki, ərazidə yerləşdirilməsi nəzərdə tutulan 16 mərtəbəli yaşayış binası miqyasına görə mövcud 5 mərtəbəli yaşayış binalarına uyğun deyil, habelə binada mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları, yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması ilə bağlı və digər tələblərə riayət olunmayıb.
Ölkə prezidentinin 24 noyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçrilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2 nömrəli binanın qarşısında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilib. Eyni zamanda, həmin ünvanda tikinti məqsədləri üçün aparılan hazırlıq işlərinindayandırılmasını təmin etmək məqsədilə məsələ ilə bağlı məlumat Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.
Qeyd edək ki, məsələ ilə bağlı Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsinin sakinləri etiraz aksiyası keçirmişdilər. Onlar 5 ədəd beşmərtəbəli binanın həyətində 16 mərtəbəli yeni bina tikilməsinə etiraz edirdilər.
Rayon İcra Hakimiyyətindən Axar.az-a verilən açıqlamada isə həmin tikintinin icra hakimiyyətinin razılığı ilə həyata keçirildiyi və qanunsuz heç nə olmadığı bildirilmişdi.
Tarix
2018.06.20 / 09:58
|
Müəllif
Axar.az
|