AZAL prezidenti Cahangir Əsgərovun himayəçisi olduğu
şirkətin rəhbəri Tofiq Heydərovun ən müxtəlif dini qruplarla müdhiş
əlaqələri üzə çıxır; MMC rəhbərinin hətta dindarların 2011-ci
ildəki mitinqlərinə maliyyə dəstəyi verdiyi də iddia
olunur.
Bir müddət əvvəl mətbuatda "AAAF Park" yaşayış kompleksində
əməliyyat keçirildiyi və kompleksin daxil olduğu "AAAF İnşaat"
MMC-nin rəhbəri Tofiq Heydərovun saxlanıldığı barədə məlumatlar
yayılmışdı. Bu əməliyyatın həm vergidən yayınma, həm də korrupsiya
faktları ilə bağlı keçirildiyi bildirilirdi. Eyni zamanda
T.Heydərovun radikal dini qruplarla, vəhhabilərlə əlaqələrinin
olduğu qeyd olunurdu.
Sonra MMC rəhbərliyi tərəfindən bu məlumatlar təkzib olunsa da,
"AAAF İnşaat" daxilindən gələn məlumatlarda ortada ciddi
problemlərin olduğu bildirilirdi.
Həmin məlumatlarda bildirilirdi ki, Xırdalanda yerləşən "AAAf
Park" yaşayış kompleksində əməliyyat keçirilməsinin əsas səbəbi heç
də T.Heydərovun vergidən yayınması deyil. Deyilirdi ki, bu
əməliyyat daha çox T.Heydərovun Xırdalanda və ümumilikdə Abşeron
rayonunda radikal vəhhabilərə maliyyə dəstəyi verməsi və onlarla
sıx əlaqələr qurmasıdır.
Həmin məlumatlara görə, uzun illər T.Heydərov radikal
vəhhabilərlə əlaqələri əsasən "AAAF İnşaat" MMC-nin rəhbərliyində
təmsil olunan Pərvin Əliyev vasitəsilə qurub. Onun şirkətində
P.Əliyev vasitəsilə xeyli vəhhabi işə götürülüb. T.Heydərovun isə
dini cərəyanlarla münasibətdə ikibaşlı oyun oynamasına dair
məlumatlar dolaşırdı. Bildirilirdi ki, əgər o, P.Əliyev vasitəsilə
bir tərəfdən vəhhabilərlə münasibətlər qurur və onlara maddi dəstək
verirsə, digər kanallarla nüfuzlu şiə dindarlarla münasibətlər
yaradır, onlara köməkliklər göstərir.
Vəhhabilərə qarşı bir sıra əməliyyatlar keçirilməsi, özünün
radikal dini qruplarla əlaqələrinin üzə çıxması, eləcə də elə
Xırdalanda yerləşən "Sevil Massivi Yaşayış Komleksi"ni inşa etdirən
"Sevil" MMC-nin rəhbəri Aynur Zeynalovun vəhhabilərlə əlaqələrinə
görə həbsi T.Heydərovu qorxuya salıb.
Qeyd edək ki, "Sevil Yaşayış Massivi" Kompleksi ilə bağlı
keçirilən əməliyyat və aparılan araşdırmalar zamanı bu massivdə
vəhhabilərin çoxluq təşkil etdiyi, vaxtaşırı orada toplantılar
keçirdikləri, hətta kompleksin ərazisində onlar üçün məscid
tikintisinə başlandığı aşkarlanıb. Buna görə də "Sevil" MMC-nin
fəaliyyəti dayandırılıb və rəhbəri həbs edilərək şirkətin qapısı
möhürlənib.
Bütün bunlardan əndişələnən T.Heydərov isə vəhhabilərlə
əlaqələri kəsmək qərarına gəlib. Bu isə həm "AAAF İnşaat"da
gərginlik yaradıb, həm də bu şirkət və T.Heydərovun əməlləri ilə
bağlı şok məlumatların yayılmasına səbəb olub. Belə ki,
vəhhabilərlə əlaqələrinin üzə çıxmasından qorxuya düşən T.Heydərov
"AAAF İnşaat" MMC-nin rəhbərliyində təmsil olunan Pərvin Əliyevi və
onun vasitəsilə şirkətdə işə düzələn vəhhabiləri işdən çıxarıb. Bu
isə işdən çıxarılanları qəzəbləndirib və mətbuata T.Heydərovun
fəaliyyəti ilə bağlı müdhiş məlumatlar ötürülüb.
"Yeni Müsavat"a daxil olan məlumatda bildirilir ki, T.Heydərovun
2011-ci ildə Bakıda Azərbaycan İslam Partiyasının (AİP) xətti ilə
mitinqlər təşkil edən ilahiyyatçı Zülfüqar Mikayılzadə ilə sıx
əlaqələri olub və bu mitinqlərin təşkilinə dəstək verib.
Xatırladaq ki, Z.Mikayılzadəyə bu mitinqlərə görə şərti həbs
cəzası verilib.
Aldığımız yeni məlumatda bildirilir ki, T.Heydərov "AAAF Park"
yaşayış kompleksində toplanan xumsu Z.Mikayılzadəyə verirmiş.
Xəbərdə kompleksdə toplanan xumsun illik məbləğinin 1 milyon dollar
olduğu deyilir. O da qeyd edilir ki, İran müştehidləri bu xumsu
dini fəaliyyət üçün Z.Mikayılzadənin götürməsinə icazə
veriblərmiş.
Bundan başqa, T.Heydərov "AAAF Park" yaşayış kompleksindən
Z.Mikayılzadəyə 87.565 manat dəyərində olan ev verib. Məlumatda o
da qeyd edilir ki, T.Heydərovla Z.Mikayılzadənin 2015-ci ilin
parlament seçkilərinə yönəlik bir sıra ciddi planları var.
T.Heydərovun axşamlar AİP-in sədr əvəzi Elçin Manafovla görüşdüyü
və tez-tez İrana səfər etdiyi də bildirilir.
Yayılan məlumatda T.Heydərovun İrana tez-tez səfərinin
arxasındakı sirr pərdəsinin artıq açıldığı və bunun Azərbaycandakı
dindarlarla sıx əlaqələri ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, T.Heydərov əvvəllər AZAL prezidenti Cahangir
Əsgərovun rəhbəri olduğu Azərbaycan Ağır Atletika Federasiyasının
(AAAF) vitse-prezidenti olub.
Elə onun təsis etdiyi "AAAF-İnşaat" MMC-nin də adı məhz bu
federasiyanın abreviaturasından götürülüb, himayəçisinin C.Əsgərov
olduğu bildirilir.
Amma T.Heydərovun vəhhabilərlə və başqa dindarlarla sıx
əlaqələrinin ortaya çıxması indi onu bitirə bilər. İndiki şəraitdə
C.Hacıyevin də onu xilas edə biləcəyi çox çətin görünür.
Mövzu ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.