Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Qurban bayramı münasibətilə nazirliyin Abşeron rayonunun Saray
qəsəbəsindəki 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat
evinə gələrək, internat evinin sakinlərini və burada çalışan sosial
işçiləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını
çatdırıb.
Axar.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki,
S.Müslümov bildirib ki, hazırda nazirliyin tabeliyində fiziki və
əqli cəhətdən qüsurlu uşaqlar üçün iki internat evi fəaliyyət
göstərir. Bu müəssisələrdə ümumilikdə 300 nəfərdən çox uşaq tam
dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev Fondunun
"Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı
çərçivəsində onların hər ikisində, yəni bu internat evində və
Bakının Xəzər rayonunun Şağan kəndindəki 3 saylı internat evində
əsaslı təmir və yenidənqurma işləri aparıldıqdan sonra bu
müəssisələrdə uşaqlar üçün nümunəvi şərait hökm sürür. Yeni
avadanlıqlarla və dərman preparatları ilə də təmin edilən bu
internat evlərində fizioterapiya, reabilitasiya, ilk yardım,
funksional diaqnostika otaqları, idman, musiqi, akt zalları və s.
vardır. Həmçinin uşaqların bacarıqlarının inkişaf etdirilməsi mini
emalatxana və müxtəlif dərnəklər fəaliyyət göstərir. Digər bir sıra
sosial xidmət müəssisələrində də normal şərait mövcuddur və hazırda
nazirliyin tabeliyindəki bütün sosial xidmət müəssisələrində belə
müasir tələblərə uyğun şəraitin yaradılması, onların təminatının
gücləndirilməsi üçün zəruri işlər aparılır.
Nazir 4-18 yaş arasında olan 144 nəfər uşağın dövlət himayəsində
yaşadığı internat evində uşaqların qida, geyim, tibbi xidmət və
dərman pereparatları ilə təminatı, aparılan reabilitasiya
prosedurları, müəssisənin kommunal təchizatı, yeməkxanası, yataq
korpusu, musiqi, akt, idman zalları, dərnəkləri, mini emalatxanası,
kompüter otaqları və s. ilə tanış olub.
S.Müslümov burada hər bir uşağa daim diqqət və qayğı ilə
münasibət göstərilməsi, onların maddi və mənəvi tələbatlarının
ödənilməsi üçün bütün tədbirlərin görülməsi barədə tapşırıqlar
verib. Sonra internat evinin balaca sakinlərinin əl işlərinə baxış
olub.