Ana səhifə Toplum |
"1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insidentə görə həbs edilən Rəşad Mirələmovla - deputat Hüseynbala Mirələmovun qardaşı oğlu - bağlı maraqlı məlumat yayılıb.
Bildirilir ki, R.Mirələmov bundan əvvəlki həbsi dövründə cəzasının çəkmədiyi hissəsini də çəkəcək. Bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə qərarına əsasən, Rəşad Mirələmova təyin edilmiş tibbi xarakterli məcburi tədbir ləğv edilib. Həmin tədbirin ləğv edilməsi barədə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən vəsatət təmin olunub.
Məhkəmə qərara alıb ki, Rəşad Mirələmov Ağır Cinayətlərə dair
İşlər üzrə Məhkəmənin 07 iyul 2004-cü il tarixli hökmü ilə ona
təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 8 il
2 ay 3 gün müddətində olan hissəsini çəkmək üçün xüsusi rejimli
cəzaçəkmə müəssisəsinə göndərilsin.
Qeyd edək ki, R.Mirələmov psixi xəstəlikdən əziyyət çəkdiyi üçün
cəzanın qalan hissəsini çəkməkdən azad edilmişdi. Məhkəmə isə
R.Mirələmovun psixi xəstəlikdən sağaldığını əsas gətirərək hesab
edib ki, ona təyin olunmuş cəzanın qalan hissəsni çəkmək üçün
cəzaçəkmə müəssisənə göndərilməlidir.
R.Mirələmov 2010-cu il 16 iyuna qədər ona verilən cəzanın 6 il 9 ay
27 gününü çəkib. Psixi xəstəliklə bağlı məcburi müalicəyə
göndərildiyi üçün cəzanın qalan hissəsini çəkməkdən azad
edilib.
O, 2012-ci il iyulun 17-də "1001 gecə" istirahət mərkəzində daha bir qətl hadisəsi törədib. Ölümlə nəticələnən hadisə ilə bağlı mühakiməsi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
R.Mirələmovun vəkili Kamandar Nəsibov AzNews.az-a bildirib ki,
Lənkəran məhkəməsinin qərarı ilə bağlı Şirvan Apellayasiya
Məhkəməsinə şikayət verilib: "Hamı bilir ki, Rəşad psixi
xəstəlikdən əziyyət çəkib və məcbur müalicəyə göndərilib. Bununla
bağlı bütün sənədlər var. Lənkəran məhkəməsinin onun sağaldığını
əsas gətirərək belə bir qərar çıxarmasından apellyasiya şikayəti
vermişik. O ki qaldı "1001 gecə"də baş verən hadisəyə, Rəşad
Mirələmov hadisəni özünümüdafiə zəminində törədib. Onun hədə-qorxu
ilə kimdənsə pul tələb etməsi məhkəmədə təsdiqini tapmır. Çünki
Rəşad pulu özü üçün yox, əmək haqqı ödənilməyən fəhlələr üçün alıb.
İndi növbəti məhkəmə gedən dövrdə Rəşad Mirələmovun cəzasının
çəkilməmiş hissəsini çəkməsi üçün cəzaçəkmə müəssisinə göndərilməsi
barədə qərar doğru deyil. Çünki Rəşad Mirələmov sağalmayıb".
Qeyd edək ki, Rəşad Mirələmovun hazırda "Makarov" markalı tapança
ilə Ramal Bayramovu qəsdən öldürməkdə, Səməd Mənsimov, Elmar
Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməkdə ittiham
olunur.
Tarix
2013.12.04 / 14:50
|
Müəllif
Axar.az
|