Yuxarı

“Doing Business 2015”: Azərbaycan 32 pillə qabaqda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq beynəlxalq iqtisadi hesabatlarda Azərbaycan mövqeyini xeyli möhkəmləndirib. Ötən həftə Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının birgə hazırlayaraq açıqladığı "Doing Business 2015" reytinq hesabatına əsasən, ölkəmiz 8 pillə irəliləyib.

Eyni zamanda ən çox islahat aparan 10 ölkə sırasına daxil olub. Burada bir çox indikatorların rolu xüsusilə qeyd olunub. Ən maraqlısı isə məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində Azərbaycanın 32 pillə irəliləməsi olub. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Hesabatda deyilir: "Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb". Biznesin açılması, mülkiyyətin qeydiyyatı və vergilərin ödənişi sahəsində dəyişiklikləri həyata keçirərək ən çox sayda islahatlara görə Azərbaycan ölkələrin ilk onluğuna daxil olub.

Elektron sistemlər təkan oldu

Ötənilki nəticələrlə müqayisədə Azərbaycan vergilərin ödənişi (bir il əvvəlki 77-ci yerə qarşı 33-cü yer), tikinti (180-ci yerə qarşı 150-ci yer) və elektrik enerjisi təchizatı (181-ci yerə qarşı 159-cu yer) sisteminə qoşulmaq üçün icazələrin alınması kimi sahələr üzrə daha çox uğur qazanıb:

"Azərbaycan yüklülük haqqında arayışın alınması üçün elektron sistemin tətbiqi vasitəsilə daşınmaz əmlakın mülkiyyətə verilməsini sadələşdirib. Bundan başqa, ölkə qeydiyyatın və sosial sığorta haqlarının ödənişinin elektron sisteminin tətbiqi yolu ilə şirkətlər üçün vergilərin ödənişini sadələşdirib".

Ümumilikdə isə Azərbaycan reytinqdə 80-ci yeri tutur. Ölkənin reytinqi aşağıdakı göstəricilərə əsasən formalaşıb:

Müəssisələrin açılması – 12-ci yer, vergilərin ödənişi - 33, beynəlxalq ticarət - 166, mülkiyyətin qeydiyyatı – 10, tikintiyə icazələrin alınması - 150, kreditləşdirmə - 104, müflisləşmənin həlli - 94, müqavilələrin icrasına təminat - 31, investorların hüquqlarının müdafiəsi - 51, elektrik təchizatı sisteminə qoşulma – 159-cu yer.

Şəffaf xidmət

Axar.az "Elektron hökümət" portalının statistikasına əsasən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi vasitəsilə əhaliyə göstərilən elektron xidmətlərin sayı genişləndirilir.

"Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidməti sığortaedənlərə, eləcə də fərdi sahibkarlara və işəgötürənlərə imkan verir ki, ödənişlərini evindən, ofisindən çıxmadan rahat şəkildə həyata keçirsinlər. Bu sistem torpaq mülkiyyətçiləri üçün də əlverişlidir. Elektron xidmət məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına yardım edir.

Elektron hesabat

Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan "Elektron hesabat" xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan xidmət növüdür. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edə bilirlər.

Yeri gəlmişkən, sığortaedənlərin DSMF-yə təqdim etdiyi hesabat formalarının sayı da azaldılır. Bu isə Fondun sədri Elman Mehdiyev bəyan edib. Bildirib ki, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək,vahid rüblük hesabatla əvəz edilməsi nəzərdə tutulur. Yeni forma həm də vətəndaşlara fərdi uçot məlumatlarını rüblük əldə etməyə imkan verəcək. Bununla onların öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanları yaranacaq.

Sığortaolunanın onlayn qeydiyyatı

"Sığortaolunanın onlayn uçota alınması" adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Xidmətdən yararlanmaq istəyən şəxs sistemdə müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilən ərizə DSMF-ya qəbul edilir və bu barədə sığortaedənə elektron bildiriş göndərilir. Təqdim edilən elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və 1 ay ərzində ona sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi verilir. DSMF-nın açıqlamasına görə, 2014-cü ilin yanvar-avqust aylarında 174 min134 nəfərə fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 865 min 491 nəfərə yüksəlib.

Elektron xidmətlər təkmilləşəcək

Son dövrdə qəbul edilən qərarlar bu rəqəmlərin artmasına, elektron xidmətlərin təkmilləşməsinə təkan olacaq. Ölkə başçısının təsdiq etdiyi "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" bu sahədə əsaslı dəyişiklər vəd edir. Sənədə əsasən, yüksək maaş alan vətəndaş pensiyaya çıxan zaman yüksək pensiya alacaq. Ona görə də həmin şəxslər real əmək haqqlarını rəsmiləşdirməkdə maraqlı olacaqlar. Sənədin mühüm hissəsini sığorta-pensiya sistemində elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, hesabat sənədlərinin minimuma endirilməsi kimi məsələlər təşkil edir.

Konsepsiyanın əsas hədəfi DSMF büdcəsinin artımı ilə yanaşı, dövlət büdcəsindən pensiyaların verilməsi üçün ayrılan vəsaitin azaldılmasıdır. Gələcəkdə qısa müddətdə bu ayırmaların 30 faiz, orta müddətli dövrdə isə 20 faiz, daha sonra isə birrəqəmli həddə endirilməsi gözlənilir. Həmçinin, bundan sonra vətəndaşlara özəl pensiya fondlarından istifadə imkanı veriləcək.

İtkilər aradan qalxır

Konsepsiyanın əhəmiyyətini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov bundan sonra nisbətən az əmək stajı olan vətəndaşlara da pensiya veriləcəyini bildirib:

"Mövcud qaydalara görə, əgər vətəndaş, məsələn, 11 il yüksək əmək haqqısı olan işdə çalışıbsa və o, böyük məbləğdə sosial haqq ödəyibsə belə əmək pensiyası ala bilmir. Təbii ki, bu ədalətli deyildi. Bu baxımdan, minimum ödəniş məbləğinin müəyyənləşdirərək bu vəziyyətdə olan şəxslərə də əmək pensiyasının təklif edilməsi vacibdir".

Daha bir yenilik sosial sığorta ödənişlərinin yarı hissəsinin fərdi hesaba köçürülməməsi ilə bağlıdır. Vətəndaş uzun müddət işləyərək, məsələn, 20 min manat sosial ödəniş edir. Hazır ki, qaydalara görə, bu məbləğin ancaq 50 faizi onun şəxsi hesabına köçürülür. Qalan hissəsi isə "itir". Yeni Konsepsiya bu problemi də aradan qaldırmağa imkan verəcək. İtkinin qarşısının alınması yüksək ödənişləri stimullaşdırmağa yönəlib.

Çox ödə, daha çox pensiya al

V.Bayramovun fikrincə, bu sənəd orta və uzunmüddətli dövrdə pensiyaların verilməsində hər hansı maliyyə çətinliyinin olması riskini azaldacaq, pensiya ödənişi sığorta yığımı hesabına olacaq. Praktiki olaraq, nə neftin azalması, nə də dünya bazarında neftin qiymətinin dəyişməsi pensiya ödənişlərinə təsir göstərməyəcək.

"Konsepsiya sığorta ödənişləri ilə pensiya məbləği arasında mütənasibliyi gücləndirməyi, sığorta təminatında maliyyə bazasının genişləndirilməsini, sığortanın baza hissəsinin ləğvini və bunun minimum sığorta məbləğinə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu islahat daha çox sosial ödəniş edən vətəndaşa daha çox pensiya almaq imkanı verəcək. Pensiyanın məbləği müəyyənləşdirilən zaman sığorta ödənişləri əsas meyar kimi götürüləcək".

2014-cü il üçün Dövlət Sığorta Fondunun xərcləri 2,9 milyard manatdan çoxdur. Amma bu məbləğin 1 milyard 142 milyoin manatı büdcədən ayırmaların hesabına düşür. Bu isə o deməkdir ki, pensiya ödənişlərinin 39 faizi dövlət büdcədən asılıdır. Ekspertin fikrincə, Konsepsiyanın tələbləri yerinə yetirilərsə, bu asılılıq mimimuma endiriləcək.

Pensiya yaşını özün seç!

İqtisadçı eyni zamanda bəzi təkliflərini də səsləndirib:

"Biz islahatlar zamanı pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı ABŞ modelini təklif edirik. Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı sosial ödənişlərlə bağlı təyin edilən dəyər limitini keçəndən sonra pensiya yaşını özü müəyyənləşdirir. Nəzərə alsaq ki, bizzim hazırki sistemdə vətəndaş 18 yaşında işləyir, sosial ödəniş edir və 60 yaşında rəhmətə gedir, 42 il sosial ödəniş etməsinə baxmayaraq, bir qəpik belə pensiya formasında geri ala bilmir".

Müasir pensiya ödəniş sistemlərində bu vətəndaşın xeyrinə tənzimlənib. Əgər vətəndaş məsələn, 50 yaşına qədər böyük bir məbləğdə sosial ödəniş edibsə, onun pensiya formasında geri qaytarılması mümkündür. Yəni, vətəndaş əmək pensiyasına çıxmaq üçün, yaş pensiyasının vaxtını gözləməyəcək. Məsələn, 45-50 yaşında artıq könüllü şəkildə pensiyaya çıxa bilər. Əmək pensiya yaşı da keyfiyyət göstəricilərinə əsaslanir.

V.Bayramov yaşlı insanların təlabatlarını nəzərə alaraq müəyyən yaş kriteriyalarının tətbiqinə ehtiyac olduğunu bildirib:

"Təklif edirik ki, yaş meyarları ilə bağlı olaraq xərcləri artdığı üçün pensiyaçıların yaşı 70-ə çatdıqda təqaüd məbləği 10 faiz, 75-ə çatdıqda 20 faiz, 80-i keçdikdə isə 30 faiz artırılsın. Bu ciddi maliyyə tələb etmir, amma xüsusən də səhiyyə xidmətindən tez-tez istifadə edən yaşlı nəsil üçün əhəmiyyətli kömək olar".

Yazı Dövlət Sosial Müdafiə Fondunun elan etdiyi "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır" mövzusunda yazı müsabiqəsinə təqdim edilir.

Tarix
2014.11.08 / 20:16
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla