Bakıda "Dobromed"
klinikasının fəaliyyətini dayandırması bir çox suallar doğurub.
Klinikanın qəfil bağlanması və rəhbərliyin bunun səbəblərini
incəliyi ilə aydınlaşdırmaması qeyri-müəyyən vəziyyət
yaradıb.
Axar.az-a verilən məlumata görə, klinikanın fəaliyyətini davam
etdirəcəyi sual altındadır və lisenziya alınması üçün müzakirələr
gedir. Danışıqlarda əsas tələb klinikanın ginekoloji şöbəsində baş
verən neqativ halları aradan qaldırmaqdır.
Bəzi iddialara görə, "Dobromed"in bu şöbəsində texniki təchizat
aşağı səviyyədə olub, şərait və antisanitariya normaları
standartlara cavab verməyib. O da bildirilir ki, Səhiyyə Nazirliyi
klinikada doğuş əməliyyatları ilə bağlı nöqsanlar aşkarlayıb ki, bu
da bağışlanmaz xəta kimi qəbul edilib.
***
Klinikanın iqtisadi məsələlər üzrə direktoru Solmaz Əliyeva da
tibb ocağının fəaliyyətinin dayandırılmasına səbəb kimi
xəstəxananın ginekologiya şöbəsində müəyyən çatışmazlıqlar olduğunu
göstərib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə
bildirib ki, qüsurlar aradan qaldırılana qədər klinikaya verilən
lisenziya dayandırılacaq: "İndi klinikada qüsurlar aradan
qaldırılandan sonra yenidən Səhiyyə Nazirliyinə müraciət edə
bilərlər. Müraciət əsasında yenidən komissiya təşkil olunacaq.
Yoxlamalarda qüsur aşkar olunmasa, o zaman klinikaya lisenziya
verilə bilər".
A.Qədirli əlavə olaraq Azxeber.com-a danışıb: "Klinikanın
ginekoloji şöbəsində ölüm hadisəsi baş verdiyi doğru məlumat deyil.
Ginekologiya şöbəsində hər hansı bir problemin yaşanması məhz ölüm
hadisəsinin olması demək deyil. Əgər bu cür hal yaşansaydı,
müvəqqəti olaraq deyil, daimi olaraq bu klinikanın fəaliyyəti
dayandırılardı".