Yuxarı

Qəza zamanı sürücü hüquqları: Sığorta bəhanə gətirərsə…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sığorta bazarı genişləndikcə mülkiyyətin sığortalanmasına maraq göstərənlərin də sayı artır. Ancaq istənilən qəza halında sığorta şirkəti tərəfindən yarıyolda buraxılan vətəndaşın belə şirkətlərə etibarı azalır. Xüsusilə avtomobil sürücüləri sığorta şirkətləri ilə bağlı problemi törətdikləri və ya məruz qaldıqları qəzalar zamanı yaşayırlar. Bu zaman şirkətlər avtomobili təmir etməkdən ya boyun qaçırır, ya süründürməçiliyə yol verir, ya da vaxtı uzadmaq üçün müəyyən sənədlər tələb edirlər.

Mövzu ilə bağlı Axar.az-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, sığorta şirkətlərinin bu tələbləri yolverilməzdir. Onun sözlərinə görə, bu cür hərəkətlər sürücülərin həmin şirkətlərə olan etimadını zədələyir.

Hüquqşünas bildirib ki, belə şirkətlər bəzən qanun pozuntusuna da yol verirlər:

“Son vaxtlar qəzaya düşən sürücülər şikayətlənirlər ki, bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş (protokol) qaydasında sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, deyirlər ki, gedin DYP-dən arayış (Forma-4) gətirin. Belə yanaşma sadəcə qanun pozuntusu yox, həm də sığortaçının və ya onun məsul əməkdaşının öz müştərisinə hörmətsizliyi və ən nəhayət, sığorta şirkətlərinə etimada zərbədir.

Belə sadələşmiş sənədləşmənin şərtləri “İcbari sığortalar haqqında” Qanunda (58-ci maddə) çox aydın yazılıb.

Əgər hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş veribsə, hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə yoxdursa, hadisə nəticəsində sağlamlığa zərər dəyməyibsə və yalnız maddi ziyan varsa və dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edilirsə, bu zaman Forma-4 arayışına ehtiyac yoxdur.

Sığorta əməkdaşı belə hallarda sürüclərə izah etməlidir ki, gəlin, oturun, bu protokolu doldurun, imzalayın, hər şey həll olunsun. Hətta onlara bunun üçün kömək də etməlidir. Protokolun hazır blankı (onun forması Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub) hər bir sığorta şirkətində var”.

Hüquqşünas bildirib ki, sığorta şirkətləri ən çox “hadisə mübahisəlidir” bəhanəsi ilə maliyələşmədən imtina edirlər:

“Qanunda aydın şəkildə yazılıb ki, təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmasın. Hər iki sürücü protokol formasını tələb edirsə, deməli, təqsir məsələsində mübahisə yoxdur. Müşahidələrimiz göstərir ki, xeyli hadisələrdə belə mübahisə olmur, sürücülər dərhal müəyyən edirlər ki, kimdir günahkar.

İstənilən yol-nəqliyyat hadisəsi barədə DYP-yə məlumat verilməlidir və yol polisi qanuna uyğun olaraq təqsirli sürücünün barəsində inzibati tənbeh (daha çox cərimə) tətbiq edərək qərar çıxarmalıdır. Bu qərarın olması heç bir halda o demək deyil ki, sürücülər öz aralarında təqsir məsələsini həll edə bilməyiblər və bunu DYP həll edib. Əgər təqsirkar sürücü DYP-nin bu qərarından şikayət edərsə, onda mübahisə olduğunu demək olar.

Protokolu dolduranda hər iki sürücü altında qol çəkir ki, hansı zərəçəkmiş, hansı təqsirkardır. Protokol qaydasında sənədləşmə mümkün olan halda bunun əngəllənməsi və sürücünün DYP-dən arayış almağa məcbur edilməsi ciddi qanun pozuntusudur”.

Hüquqşünas Ələsgər Məmmədli də hesab edir ki, əslində problemin yaranma səbəbləri qəzadan sonra deyil, müqavilə imzalanan zamandan başlayır. Əsas səbəb də vətəndaşların məlumatsızlığı və müqavilə qaydalarından və şərtlərindən xəbərdar olmamalarıdır:

“İkitərəfli müqavilələrdə vətəndaşlar gərək, bağladıqları müqavilənin şərtləri ilə yaxşı tanış olsunlar. Əsasən sığorta şirkətləri müştərilərinə öz mənafelərinə uyğun şəkildə müqavilə hazırlayıb təqdim edirlər. Müştərilər də bir çox hallarda onu incələmədən, olduğu kimi qəbul edirlər. Sonradan da hər hansı bir problemlə qarşılaşdıqda, sığorta şirkəti öz öhdəliyini yerinə yetirmir kimi görünür. Ancaq əslində sığorta şirkəti vaxtilə həmin hazırladığı müqavilədə o şərtlərdən yayınma imkanlarını da qoyur”.

Tarix
2019.02.22 / 08:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla