Müasir dövrdə nağılların uşaqların həyatında yeri, onların
tərbiyəsindəki rolu görəsən bir zamanlar olduğu kimi yenə də
aktualdırmı? Yoxsa "valideyinlərindən çox zəmanəsınə bənzəyən"
uşaqlar indi daha nağılların sehirli aləminə düşə bilmirmi?
Rəngarəng cizgi filmləri, seriallar onları daha çox cəlb edir?
Suallarımızın cavablarını psixoloqlarda aradıq.
Nağıllar uşaqların psixologiyasını pozur
Psixoloq Dəyanət Rzayevin fikrincə, Azərbaycan nağıllarında
hədsiz yalan, aldatmaq cəhdləri var. Onun sözlərinə görə "Cırtdan",
"Qoğal" və "Məlikməmməd" nağıllarında uşaqların psixologiyasına
mənfi təsir edəcək amillər var:
"Burda uşaqlara yalan danışmaq öyrədilir. Hətta "Cırtdan"
nağılında rüşvət faktına belə rast gəlmək mümkündür. "Məlikməmməd"
nağılına gəlincə, burda qardaş-qardaşa öz maraqlarına görə pislik
edir. Bu, uşaqlar üçün heç də yaxşı nümunə deyil. Bu cür nağıllar
onların psixologiyasını pozmaqla yanaşı, həmçinin şəxsiyyətin
formalaşmasına da imkan vermir".
Serialları daha çox sevirlər
Nağıllarla bağlı sorğu apararkən ortaya çıxan mənzərədən bəlli
oldu ki, uşaqlar arasında nağıllar heç də aktual deyil. Onlar
seriallara baxmağa daha üstünlük verirlər. Bəs seriallar uşaq
psixologiyasına necə təsir göstərir?
Dəyanət Rzayevin fikrincə, yersiz, təhrikedici nağıllarla
müqayisədə etik seriallar daha uyğundur. Onun sözlərinə görə, bu
seriallar ən azı uşaqlarda gələcəyə baxış formalaşdırır.
Biri var idi, biri yox idi
Psixoloq bu kəliməni olduqca yersiz adlandırdı: "Burda müəyyən
gizlilik var ki, bu da uşaqların şəxsiyyətinin formalaşmasına imkan
vermir. Bu cür nağıllara meyilli uşaqlarda ikiləşmə müşahidə
olunur. O ki qaldı sonda deyilən "göydən üç alma düşdü" kəliməsinə,
bu çox yersizdir. Məncə, nağılı tam fərqli bitirmək olar. Bu yalnız
xəyali fikirlərə əsaslanan cümlələrdir ki, onlardan da uşaqlar heç
bir fayda əldə edə bilməz".
Nağıl kitabları tapmaq müşkülə çevrilib
Eyni suallarla Uşaq və Ailə Mərkəzinin rəhbəri, uşaq psixoloqu
Kəmalə Baxışın fikirlərini də aldıq. Psixoloqun fikrincə, uşaqların
nağıllarla maraqlanması vacibdir:
"Seriallar uşaqların bədii ədəbiyyata marağını azaldır. Təəssüf
ki, uşaqlar arasında nağıllar, cizgi filmlərinə olan maraq indi
seriallara yönəlib. Kitab dükanlarında nağıl kitabları tapmaq
müşkülə çevrilib. Satışda olan kitabların böyük əksəriyyəti
keyfiyyətsiz kağızlardan hazırlanır, həm də şəkilsiz olur. Bu da
uşaqların kitaba, nağıla olan marağını azaldır".
Kəmalə xanım nağılların başlanğıcında olan "biri var idi, biri
yox idi" kəlməsinə də münasibət bildirdi. O bu cümlənin anlaşılmaz
olduğu ilə razılaşsa da, əslində uşaqları xeyli düşündürdüyünü də
qeyd etdi.