Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidməti
"Matrosskaya tişina" həbsxanasında azərbaycanlı qanuni oğrular
arasında baş vermiş qanlı "razborka"ya dair araşdırma
başladıb.
Virtualaz.org saytı "Rosbalt"
agentliyinə istinadən xəbər verir ki, təcridxanada yoxlama aparılır
və qanlı "razborka"nın iştirakçılarını dindirirlər.
Araşdırma zamanı müəyyən olunub ki, bu "razborka"da ən çox
xəsarət alan onlarla adam öldürən, "Çolaq Nazim" ləqəbli killer
Nazim Hümbətov və "Zayka" ləqəbli avtoritet Zaur Hümbətovdur. Lakin
onların hər ikisi "kamerada sürüşüb yıxıldıqları üçün xəsarət
aldıqlarını" deyiblər. Xəbər verildiyi kimi, ötən həftə Nazim
Hümbətovun başçılıq etdiyi qrup Zaykanın kamerasına basqın edərək
onu bir neçə saat ərzində döyüblər, işgəncə veriblər. Zaykaya
işgəncə verilməsi səhnəsi Skayp ilə Bakıya, Lotu Qulinin (Nadir
Səlifov) 8-ci kalondakı kamerasına birbaşa translyasiya olunub.
Belə ki, Zaur Əliyevin döyülməsini əmr edən məhz Lotu Qulidir.
Səbəb səkkiz il əvvəl Zaykanın Lotu Qulini təhqir etməsidir. Oğru
qanunlarına görə, oğru titulu daşımayanların "kriminal generalı"
təhqir etməsi bağışlanılmaz səhvdir.
Lakin Zaykanın qruplaşması da bunu cavabsız qoymayıb. Dekabrın
2-də "Matrosskaya tişina"nın "smotryayuşşisi" olan qanuni oğru
Nukri Doçiya tərəfdarları ilə birlikdə Zaykanı döyənlərdən qisas
alıb. Nəticədə Çolaq Nazim və daha səkkiz adamı ağır xəsarətlərlə
lazaretə düşüblər.
"Rosbalt" qeyd edir ki, Zayka dekabrın 5-də "Matrosskaya
tişina"nın xüsusi blokuna yerləşdirilib. O da məlum olub ki, bu
hadisədən sonra Zaykanın yaxın dostu, "Kamo Qorkovskiy" ləqəbli
Kamo Səfəryan Moskvada beş qanuni oğrunun iştirakı ilə "sxodka"
keçirib. Görüşdə Lotu Qulinin təcridxanada təşkil etdiyi
"bespredel"dən söhbət gedib. İştirakçılar bu məsələni "kriminal
generalların" daha geniş çevrəsinin iştirakı ilə müzakirəyə
çıxarmağı və Lotu Qulinin "oğru" statusunun əlindən alınması
məsələsinə baxılmasını qərara alıblar.
Lotu Qulinin "oğru" statusu 9 il əvvəl buna bənzər şəraitdə
alınmışdı. Onda Azərbaycan həbsxanalarından birində Lotu Qulinin
qardaşına hücum edilmişdi və kriminal avtoritet ölkənin bütün
kalonlarında bunt qaldırmışdı. Nəticədə qanuni oğrular hesab
ediblər ki, Səlifov düz etməyib və bunt qaldırmaqla həbsxanalarda
saxlanma şəraitinin sərtləşdirilməsinə səbəb olub, bu da "oğru
qanunlarına" ziddir.
Lotu Quli isə "oğru" statusunu bir neçə il sonra Ded Xasanın
(Aslan Usoyan) dəstəyi ilə geri qaytarıb.
Qeyd edək ki, milliyyətcə erməni olan Kamo Səfəryan Tiflisdə
doğulub. O, Ded Xasanın klanına daxil olub və Krımda uzun müddət
"nəzarətçi" ("smotryaşi") kimi tanınıb. K.Səfəryan öz kriminal
karyerasına SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq
həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui-qəsdə məruz qalıb.
Amma killer səhvən onu yox, qardaşını öldürüb. Bundan sonra
Səfəryan Krıma köçüb və ərazi üzrə "nəzarətçi" olub. 2008-ci ildə
Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına
qoşulub. Burada əsas ziddiyyətli məqamda Səfəryanın Ded Xasan
klanına yaxınlığıdır. Səfəryan Dedin titulunu qaytardığı "oğru"nun
adını almaq kimi işə niyə qol qoysun?
Hələ bu dava xəbərləri yayılanda Rusiya hüquq-mühafizə
orqanlarındakı mənbə də bildirmişdi ki, yaranmış vəziyyət Ded
klanına sahiblənməsi gözlənilən Şakro Molodoyu (Zaxari Kalaşov) da
narahat edib. O, azərbaycanlı qanuni oğruların hazırda çox
özbaşınalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım
olduğunu deyib.