Yuxarı

Nazirlik dərsliyin “çəkisi”ni azaldır – Ekspertlərdən etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərsliklərin çapı üçün 70-80 qramlıq kağızdan imtina edilməsi uşaqların ağır proqramlarla yanaşı, həm də keyfiyyətsiz kitablardan dərs oxumasına səbəb olacaq. Dərs yükünün azaldılması əvəzinə kitab kağızının qramının azaldılması olduqca gülüncdür.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyinin dərsliklərin çəkisinin yüngülləşdirilməsi, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan imtina edilməsi ilə bağlı verdiyi tapşırıqları şərh edərkən deyib.

Ekspert bildirib ki, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan imtina edilib daha az qrama malik kağızdan istifadə heç nəyi dəyişməyəcək. O bildirib ki, bununla məktəblilərin dərs və çanta yükünü azaltmağı hədəfləyiblərsə, bu çox gülməlidir:

“Belə kosmetik işlərlə heç nəyə nail olmağın mümkün olmadığını başa düşmürlər. Kağızın qramının azaldılası ilə başqa bir problem yaranacaq. Bundan sonra uşaqlar ağır proqramlarla yanaşı, həm də keyfiyyətsiz kitablardan dərs oxumalı olacaqlar. Şagirdlərə yorucu və əlavə materialların yüklənməsi az imiş, indi də keyfiyyətsiz kağızda çap olunan dərsliklər gələcək.

Əvvəla, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, alternativ dərsliklərin yaradılması məsələsi sürətlənməlidir. İkincisi isə tədrisdə olan dərsliklərdə şagirdləri yoran materialların çıxarılması və dərsliklərin birbaşa fənn müəllimləri tərəfindən yazılması təmin olunmalıdır. Problem dərs yükünün ağır olmasındadır.

Ümumtəhsil dövlət standartlarında da göstərilir ki, ağırlaşdırıcı materiallar və məlumat yönümlü materiallarla dərsliklərin yüklənməsi yolverilməzdir. Hazırda dərsliklərin ən böyük problemi belə materiallarla dolu olmasıdır”.

E.Qafarovun sözlərinə görə, dərslik çapında rəqabət də olmadığı üçün problem həllini tapmır:

“Rəqabət olsa, dərsliklərlə bağlı vəziyyət bu qədər acınacaqlı olmaz. Mən sosial şəbəkədə tez-tez canlı yayımlar açaraq nazirliyə təkliflər verirəm. Həmçinin rəsmi qaydada müraciət də etmişəm, təkliflər vermişəm. Ancaq təəssüflər olsun ki, nazirlik təklifləri dinləmir və konkret olaraq onlar təhsil işçiləri ilə işləmirlər. Bu səbəbdən də dərs yükünün azaldılması dedikdə onlar proqramın ağırlığını nəzərə almaq əvəzinə, çantanın ağırlığı, kitabların vərəqinin qramını azaltmağı hədəfləyirlər”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılmalıdır ki, yük də azalsın. Kitablarda əlavə, lazımsız mövzulara ehtiyac yoxdur:

“Əslində məktəbli çantasının ağır olmasına 4 amil təsir göstərir ki, onlardan biri çantaya qoyulan dərsliklər, ikincisi isə köməkçi və əlavə dərs vəsaitləridir.

Rəsmi olaraq I sinfin 5 kitabı var, onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm reallığı əks etdirmir. Çəki bundan da artıq ola bilir.

Kitabın yüngülləşdirilməsi müxtəlif formada həyata keçirilə bilər:

1. Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər ki, bu olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır. Yəni yükün azaldılması üçün dərslik kağızının qramının azaldılması doğru yol deyil.

2. Dərsliyin yazı şriftlərini kiçiltməklə həcminin azaldılması ola bilər ki, bundan da ümumiyyətlə istifadə etmək olmaz. Çünki onsuz da orta məktəblərdə təhsil alan şagirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər.

3. Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi ola bilər ki, bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxar.

Dəsrliyin çəkisinin azaldılması istiqamətində atılması ən zəruri addımlardan biri dərsliklərin hər bir şagirdə iki nüsxədə verilməsidir. Bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qoymaq üçün. Bununla şagirdlər çantalarında dərslik daşımayacaq.

Ancaq ən əsas addım dərsliklərdə təkcə lazımi məlumatlar, biliklərin yazılmasıdır. Dərsliklərdə əlavə, lazımsız mövzulara ehtiyac yoxdur. Proqram yüngülləşdirilməlidir. Ağırlaşdırıcı, qavraması çətin olan və ən əsası o qədər də əhəmiyyəti olmayan, vacib hesab edilməyən proqramlar dərsliklərdən çıxarılmalıdır ki, kitab yüngülləşsin”.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib:

“Dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin".

Tarix
2019.05.21 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla