Xudat şəhər sakini 28 yaşlı Məmmədov Zaur Oqtay oğlu
yeddi ay öncə İraqa gedərək İŞİD sıralarına qoşulub.
Bu barədə Publika.az-a Z.Məmmədovun valideynləri məlumat
verib.
Ərkinaz Məmmədova oğlunun iyul ayının 12-də axşam saat 22:00
radələrində sənədlərini götürərək evdən çıxdığını deyir: "Evdən
Bakıya işləmək adı ilə çıxmışdı. Həmin vaxt işsiz idi. Atası ilə
işlə bağlı söhbət edəndə dedi ki, yaxınlarda mənim üçün Bakıda iş
olmalıdır. Evdən çıxandan sonra səhər zəng etdim, telefonuna zəng
çatmadı. Bir müddət səs çıxmadı. İki ay polisə, MTN-nin rayon
şöbəsinə getdim. Heç bir məlumat ala bilmədim".
4 aydan sonra Z.Məmmədov xalası oğluna mesaj yazır: "Mən
İraqdayam, narahat olmayın. İnşallah, cənnətdə görüşərik".
Xalası oğlu dərhal mesaja
cavab yazsa da, həmin mesaj indiyə qədər oxunmayıb.
Anası deyir ki, Z.Məmmədov 4 il öncə namaz qılmağa başlayıb:
"Biz düşünürdük ki, Allahın namazıdır, hər kəs qıla bilər.
Xudatkənd məscidinə gedirdi. Üzündə narın saqqal var idi. Tez-tez
də saqqalını qırxırdı. O vaxt Xudatdan Suriyaya gedənlər olduğuna
görə biz qorxmuşduq. Dedim ki, Zaur, başına dönüm, birdən sən də
onlara qoşularsan. Mənə dedi ki, ana, narahat olma, mənim başım
xarab olmayıb. O getməyənə qədər heç vaxt şübhələnməzdik. Gedəndən
sonra polis mənə bildirdi ki, oğlun əvvəl oturub-durduğu uşaqlardan
ayrılıb. Başqaları ilə namaz qılırmış. Onlardan bu yaxınlarda
tutulan Bəhruz Şahbazi və onun qardaşı Ruslanı tanıyıram. İndi
həmin adamlardan soruşanda boyunlarına almırlar".
Lakin Ə.Məmmədova oğlunu Suriyaya aparan adamı tanıdığını deyir.
Onun sözlərinə görə, həmin şəxs Elçin Babayev adlı Xudat
sakinidir:
"Onun haqqında polisə məlumat vermişəm. Elçin Suriyaya gedib
gəlib. İndi Bakıda işləyir. Nəyəsə görə onu tutmadılar. Amma onun
Suriyadan oğluma yazdığı mesajlar var. Bu yaxınlarda Zaurun nar
nömrəsini aktivləşdirdim, həmin mesajlar ortaya çıxdı. O, həmin
mesajlarda Zaura necə getməyin yollarını göstərir, ona istiqamət
verir. O mesajları da polisə vermişəm".
E.Babayev Z.Məmmədova yazdığı mesajların birində belə deyir:
"Yol boyu səndə vəsvəsələr olacaq. Amma heç nədən çəkinmə, çoxlu
zikr et. Azərilər Suriya məsələsinə pis baxırlar. Səni gələndə
Sabri camaatı qarşılayacaq. Biz bir-birimizi iki ay görməyəcəyik.
Səni Makara aparacaqlar".
Digər bir mesajında isə belə yazır: "Qırmızı torpaqlara gəlib
çatdın? Mənim yanıma gəlsən, yaxşı olar".
Ə.Məmmədova Elçin Babayevdən oğlunun yerini öyrənmək
istəyir:
"Mən demirəm ki, oğlumu məcbur aparıblar. Amma onun beynini
doldurduqları, ürək-dirək verdikləri və yol göstərdikləri faktdır.
Mənim oğlumun 28 yaşı var idi. Heç Xaçmazı yaxşı tanımırdı. Ev
uşağı kimi idi. Birdən-birə necə İraqa gedib çıxıb?! Elçin oğlumu
necə aparıbsa, geri qaytarsın".
Ana oğlu haqqında Nadir Əlixanovun (bu yaxınlarda MTN-nin
keçirdiyi əməliyyat nəticəsində həbs olunub - red) da məlumatlı
olduğunu deyir:
"Onların qrupundan bir nəfər dedi ki, oğlumun yerini və oradakı
ləqəbini Nadir dəqiq bilir. Nadirin həyətinə getdim. İki saat
yalvardım. Heç nə demədi. Axırda dedi ki, məni polis izləyir. Ara
sakitləşsin, mən sənin oğlunla əlaqə yaratmağına kömək etməyə
çalışaram. Bu ayın 12-si Zaurun getməsindən 7 ay keçib. Mənim ana
kimi ürəyim partlayır. Özümə qəsd etmək həddinə çatmışam".
Ə.Məmmədova dövlətdən oğlunun geri qaytarılması üçün kömək
istəyir: "Mənim oğlum böyük axmaqlıq edib. Dövlətimizdən xahiş
edirəm ki, onu tapıb gətirsinlər. Öz hökumətimiz nə cəzası varsa
versin. Oğlumun yad ellərdə qalmasını istəmirəm. Hər yerdən əlimiz
üzülüb, gedəndən bəri heç bir xəbər verməyib bizə. Dövlətimizdən
xahiş edirəm ki, oğlumu ölkəyə gətirsinlər, hansı cəzaya layiqdir
versinlər. Təki gözümün qabağında, öz ölkəsində olsun".