Yuxarı

Efir üçün kredit götürəcəm – Namizəddən maraqlı reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-dən etibarən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar təşviqat kampaniyası başlayır. Artıq İctimai Televiziyada (İTV) deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatı üçün qiymətlər də müəyyənləşib.

Namizədlərin çıxışının saniyəsinin qiyməti minimum 22, maksimum isə 65 manatdır. Çıxışlar 5 və 6 dəqiqə nəzərdə tutulur. Bu hesabla 22 manatlıq pullu efir vaxtından 5 dəqiqə istifadə edən namizəd 6.600 manat, 65 manatlıq pullu efir vaxtından 5 dəqiqə istifadə edən namizəd isə 19.995 manat ödəməlidir.

Maraqlıdır, parlament seçkilərinə ilk dəfə qatılan hansı namizəd pullu efir vatından istifadə edəcək?

Axar.az mediaya bu və ya digər dərəcədə bağlı olan namizədlərin cavablarını təqdim edir:

Nəsimi Paşayev:

“Mənim ümumiyyətlə pullu efirdən istifadə etmək kimi bir fikrim yoxdur. Açıqlanan qiymətlərin ölkə standartlarının üstündə olduğunu düşünürəm. Qiymət müəyyən edilərkən hesablamaq lazım idi ki, bir millət vəkilinin, deputatlığa namizəd olan şəxslərin aylıq gəlirləri nə qədərdir. Xalqa, seçicisinə müraciət edən bir namizədə minimum, təxminən 3-4 dəqiqə lazımdır. Saniyəsi 65 manata olan pullu efirin 1 dəqiqəsi təxminən 3900 manat edir.

Təbliğat günü üçün hazırladığım video-müraciət var, təxminən 4 dəqiqəyə yaxındır. Mən orada tam fikrimi ifadə etmişəm”.

Aygün Muradxanlı:

“Bu, Azərbaycan reallığında çox fantastik rəqəmdir. Bəli, başa düşürəm ki, reklam dünyanın hər bir yanında bahalıdır. Ancaq burada söhbət dövlət üçün, ölkə üçün çox önəmli bir tədbirdən gedir. Dövlət büdcəsindən maliyyələşən ictimai bir kanalın efir vaxtı niyə bu qədər baha olmalıdır? Düzdür, İctimai Televiziya son vaxtlar baxımlı kanala çevrilib. Ancaq təəssüf ki, pullu efir vaxtından istifadə etmək mənim imkanlarım xaricindədir. Təbliğatımı Yutub, Feysbuk üzərindən, öz bloqum vasitəsilə aparacağam. Həmçinin böyük səhifələr var ki, onlarla da əməkdaşlıq edəcəm. Düşünürəm ki, bu da müəyyən qədər vəsait tələb etsə də, ən azından İctimai Televiziyanın qoyduğu qiymətlərdən çox ucuz olacaq”.

Jalə Mütəllimova:

“Düşünmürəm ki, pullu efirlər doğrudan da millətə vəkillik etmək arzusunda olan insanların cibinə uyğun düşünülüb və təşkil olunub. Bu, nə bizim büdcəmizə uyğundur, nə də məqsədlərimizə. Mən təbliğatımı sosial şəbəkələr üzərində çıxışlar etməklə aparacam”.

Xəyal Məmmədxanlı:

“Müəyyən edilmiş qiymətlər olduqca bahadır. Pullu efir vaxtından istifadə etmək niyyətim yoxdur. O büdcə ilə daha effektiv kommunikasiya vasitələrindən istifadə etmək olar”.

Səbuhi Abbasov:

“Pullu efir vaxtının qiymətinin bu şəkildə müəyyən edilməsinə münasibətim mənfidir. Təbii ki, bu, televiziyanın daxili işidir və müəyyən qurumlarla razılaşdırılmış şəkildə bu məsələ təşkil olunur. Bu səbəbdən televiziyaya bununla bağlı heç bir iradım yoxdur. Ancaq hesab edirəm ki, buna xüsusi diqqət yetirmək lazım idi. Çünki 20 gün ərzində hər dairə üçün müəyyən efir vaxtının ayrılması o qədər də ciddi problem olmazdı. Əksinə, bu, seçkini daha da canlandıracaqdı. Ancaq bu qiymətlər səbəbindən mən təbliğatımı onlayn kanalım vasitəsilə aparacağam”.

Kamran Əsədov:

“İTV tərəfindən müəyyən edilmiş ödənişli efir üçün qiymətlər çox bahadır. Nəzərə alsaq ki, dövlət tərəfindən seçkiyə qoşulmuş namizədlərə maliyyə dəstəyi yoxdur, bu qiymətlər onlar üçün əlçatan deyil. Seçki bərabər imkanlar şəraitində həyata keçirilir. Siyasi partiyalar öz namizədləri üçün vəsait ayıra bilər. Amma müstəqil namizədlərin bu resursu yoxdur. Digər tərəfdən, bəlkə elə müstəqil namizəd var ki, onun seçilməsi dövlət, hökumət üçün lazımdır və labüddür, amma maliyyə dəstəyi olmadığı üçün prosesdən kənarda qalır. Nəzərə alsaq ki, mən Neftçala 61 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm, təbliğat üçün isə 21 gün vaxt ayrılıb, bu müddət ərzində Neftçaladakı 58 yaşayış məntəqəsinin hər birində 42 min seçici ilə görüşmək praktik olaraq mümkün deyil. Bu mümkün olsa belə keyfiyyətli olmayacaq. Ona görə də elektron resurslardan, sayt və TV-lərdən istifadə etməliyəm. Bunun üçün ən optimal resurs İTV-dir. Çünki bütün bölgələrdə izlənilir. Hazırda ən baxımlı kanaldır və onun efirindən istifadə etmək çox effektiv olardı. Ona görə də imkanlı şəxslərdən, seçilməyimi istəyənlərdən bank hesabıma ianə vermələrini xahiş edəcəm və mütləq şəkildə bu imkandan istifadə edəcəm.

Birmənalı şəkildə deyim ki, İTV-də olacaq ödənişli efir vaxtından istifadə edəcəm. Hətta bunun üçün bankdan kredit götürmək belə lazım olsa, edəcəm. Çünki Neftçalamın, təhsilimizin mənə ehtiyacı var”.

Tarix
2020.01.13 / 17:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan ona görə xahiş etdi, Türkiyə icazə vermədi

Bakıda Frank Palloneyə qarşı aksiya keçirilir

Paşinyan Bakının əsas tələbini qəbul etdi

İlham Əliyev Klaudio Şermi ilə görüşdü

Bayden və Szinpinin son görüşü: Xəbərdarlıq etdilər

İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

Hersoqun Bakı səfəri niyə ləğv edildi? – Sensasion səbəb

İlham Əliyev İSESKO-nun baş direktoru ilə görüşdü

Birinci xanım Dirçəliş Günü münasibətilə paylaşım etdi

Türkiyə Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla