Bakının yol polisi toy karvanları ilə əlaqədar nəzarəti
gücləndirəcək.
Bunu Trend-ə
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət
Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin
rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, toy mövsümü dövründə axşam saatlarında
onsuz da sıxlıq müşahidə olunan paytaxtda toy şənliklərinin
keçirildiyi restoran və şadlıq evlərinin həndəvərində, eləcə də
"toy karvanları"nın hərəkəti zamanı yollarda avtomobillərin
hərəkətində çətinlik yaranır. Belə ki, toy şənliklərinə gedən
şəxlər avtomobillərini şadlıq saraylarının qarşısında qeyri-qanuni
saxlamaqla yolu zəbt edərək digər nəqliyyat vasitələrinin hrəkətinə
mane olurlar. Bəy-gəlini müşayiət edən "toy karvanları"nın hərəkəti
zamanı isə əsl dərəbəylik yaşanır: "Toy karvanları"ndakı
avtomobillər yolun hərəkət zolaqlarını bütünlüklə tutur, işıqforun
qırmızı işığında dayanmadan hərəkət edir, yol ayrıclarını keçmə
qaydaları pozur, yol boyu fasiləsiz səs siqnallarından istifadə
edir, həddən artıq asta sürətlə hərəkət edir, avtomobilləri yollara
bitişik şadlıq evlərinin qarşısında qanunsuz park edirlər.
Sürücülərin qayda-qanunu belə kobud şəkildə pozmaları yollarda süni
sıxlıq, tıxaclar yaradır. Bu isə sakinlərin narahatlığı və haqlı
narazılığına səbəb olur".
V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu
hallara qarşı sərt tədbirlər görür. Lakin bundan sonra "toy
karvanları" ilə əlaqədar nəzarətin daha da gücləndirilməsi və bu
halların qarşısının alınması istiqamətində daha ciddi tədbirlərin
görülməsi nəzərdə tutulur: "Yol polisi əməkdaşları tərəfindən "toy
karvanı"nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində
müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı
nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək. Qayda-qanun
pozan şəxslər aşkar edildikdə kimliyindən asılı olmayaraq qanun
çərçivəsində cəzalandırılacaq".
Bölmə rəisi qeyd edib ki, bəzən "toy karvanları"nda iştirak edən
avtomobillərin sürücləri sərxoş halda sükan arxasında oturaraq
ətrafa ölüm saçırlar. Məhz ötən ay belə hallardan birində "toy
karvanı"ndakı avtomobillərdən biri yolu kənarında dayanmış 14 yaşlı
qızı vuraraq öldürüb: "Ümumiyyətlə, 2015-ci il yanvarın 1-dən
fevralın 15-dək isə Bakıda bəy-gəlin cütlüklərini müşayiət edən
avtomobillər tərəfindən 5 yol nəqliyyat hadisəsi törədilib.
Nəticədə 1 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb. 2014-cü ildə isə Bakı və ətraf kəndlərdə "toy karvanları"nın
hərəkəti zamanı 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 6
nəfər ölüb, 29 nəfər xəsarət alıb. Ötən il 2013-cü illə müqayisədə
Bakıda "toy karvanları"ndakı avtomobillərin iştirakı ilə törədilən
yol qəzalarının, eləcə də ölən və yaralananların sayı azalsa da,
belə faktların mövcudluğu hələ də ciddi narahaqlıq doğurur".