Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə
Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin
Əbdüləzizin himayəsi ilə İslam Aləmi Liqasının "Terrorizmə qarşı
mübarizə" adı altında təşkil etdiyi beynəlxalq konfransda iştirak
etmək məqsədi ilə 21-24 fevral 2015-ci ildə Məkkədə səfərdə
olmuşdur.
QMİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Səudiyyə Ərəbistanı
kralının müşaviri, Məkkə quberniyasının əmiri Xalid Feysəlin açdığı
konfransda dünyanın bir çox ölkələrindən ali dini liderlər, islam
alimləri, dini işlər üzrə nazirlər və müxtəlif elm və beyin
mərkəzlərinin rəhbərləri iştirak edirdi. Konfransı giriş sözü ilə
açan İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin
Əl-Türki konfransın mövzusunun aktuallığına toxunaraq, terrorizmin
bütün dünyanı bürüyən bir bəla olduğunu, bu bəlanın qarşısının
alınması üçün beynəlxalq ictimaiyyətlə yanaşı bütün dinlərin əl-ələ
verməli olduğunu xüsusi vurğulamışdır. İslamın terrora qarşı
olduğunu söyləyən Quran ayələrindən sitatlar gətirən Əl-Əzharın
şeyxi Əhməd Əl-Tayyib isə bir sıra qərb ölkələrinin terroru İslamla
bağlamağa çalışdıqlarını qətiyyətlə pisləmiş, qərb ölkələrindən
çox, bu gün müsəlman dünyasının terrordan əziyyət çəkdiyini
təəsüflə qeyd etmişdir.
Sonra Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi
əlahəzrət Salman bin Əbdüləzizin müraciətini konfrans
iştirakçılarına oxuyan Məkkə əmiri Xalid əl-Feysal Səudiyyə
dövlətinin beynəlxalq terrorizmə qarşı mübarizədəki rolundan
danışaraq, ölkəsinin İŞİD-ə qarşı beynəlxalq koalisiyada təmsil
olunmasının buna nümunə olduğunu diqqətə çatdırmışdır.
Tədbirin açılışından sonra günün ikinci yarısı nümayəndə
heyətlərinin rəhbərlərinin çıxışları dinlənilmişdir.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri
Şeyxülislam Hacı Allahşükür Paşazadə İslam dünyasının və bütün
bəşəriyyətin kəskin ziddiyyətlər, qanlı olaylar və narahat gündəm
yaşadığı bir dövrdə İslam Aləmi Liqasının belə bir konfransı təşkil
etməsini məntiqi bir qərar kimi dəyərləndirərək minlərlə günahsız
insanın məhv olduğu bir dönəmdə müsəlman dünyasının özünün sülh
məramını bir daha bəşəriyyətə bəyan etməli olduğunu xüsusi ilə
vurğulamışdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün dünyada, xüsusilə
İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını
məyusluqla qeyd edərək bildirmişdir ki, eyni qibləyə namaz
qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin
qarşısını almaq üçün islam aləminin bütün nüfuzlu şəxsiyyətləri
birləşməlidir.
Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd
edən Şeyxülislam Hacı Allahşükür Paşazadə 20-ci əsrin ən dəhşətli
faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və
terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının
diqqətinə çatdırmışdır.
Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Şeyxülislam Hacı
Allahşükür Paşazadənin İslam Aləmi Liqasının Baş katibi Abdullah
bin Əbdüllmühsin Əl-Türki ilə təkbətək görüşü olmuşdur. Görüş
zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayan Əl-Türki
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi
ilə maraqlanmış, ölkəmizin bu istiqamətdəki haqlı mövqeyni bir daha
dəstəklədiyini dilə gətirmişdir. Bu günlərdə Azərbaycan xalqının
Xocalı faciəsinin 23-cü il dönümünü qeyd etməyə hazırlaşdığını
bildirən Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlman dünyasının
bu soyqırım faktına laqeyd qalmamasının vacibliyini diqqətə
çatdırmışdır.
Daha sonra Şeyxülislam Hacı Allahşükür Paşazadə Əl-Əzharın şeyxi
Əhməd Əl-Teyyib, İordaniyanın Baş Qazisi Məhəmməd Həlil, Küveyt
Əmirinin dini işlər üzrə müşaviri Adil Fəlah, bir sıra ərəb və
müsəlman ölkələrinin baş müftiləri və dini işlər nazirləri ilə
görüşlər keçirmişdir. Görüşlərdə bütün Qafqazın şeyxini ölkəmizin
Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevin başçılığı
ilə Səfirliyin digər əməkdaşları müşayiət etmişdir.