Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən
"Bolluq bazarı" həm xarici, həm də daxili görünüşü ilə viranəliyi
xatırladır.
Bu bazarda vəziyyət sözün həqiqi mənasında acınacaqlıdır.
Havaların soyuq keçməsi, xüsusən də, qar yağması bazarda vəziyyəti
biraz da çətinləşdirir. Burada yağışdan, sudan qorunmaq üçün suni
tavan düzəldilsə də, indi ondan əsər-əlamət qalmayıb. Cırıq-cırıq
olmuş selofanlardan, sallanan ədyallardan süzülən yağış, qar
damcıları bazarda vəziyyəti tamamən çətinləşdirib.
"Axar.az"a vəziyyəti izah edən satıcılar bazarın vəziyyətinin
pis olduğunu, buna görə də satıcı qıtlığı yaşadıqlarını
bildirdilər.
Bazarda çəkiliş edərkən satıcılar bazar boyu səkinin daim palçıq
olmasından şikayətləndilər. Buna səbəb kimi Azərsu Açıq Səhmdar
cəmiyyətinin keyfiyyətsiz işlərini səbəb göstərdilər.
Bazarda apardığımız müşahidən bəlli oldu ki, bu cür havalarda
bura alış-veriş etmək üçün gələn çox az sayda alıcı görmək olar.
Buna səbəb isə bazarın qarşısının tikinti işləri ilə əlaqədar
olaraq söküldüyü, amma hələ də inşa işlərinin başlamamasıdır.
Bazarın qarşısı yağışlı, qarlı havada istifadə olunmaz vəziyyə
düşür.
Qeyd edək ki, hələ bu ilin aprel ayında bazarın söküləcəyi,
yerində yeni, bütün standartlara cavab verən bir ticarət mərkəzinin
inşa olunacağı bildirilirdi. Mətbuata danışan bazar rəhbəri Fərhad
Məmmədov bütün tikinti işlərinin ilin sonunda yekunlaşacağını
bildirsə də, bazarın aqibəti heç də dediyi kimi olmayıb. Burada
nəinki ilin sonuna hazır olmaq, heç söküntü işlərinin tam olaraq
başlamasından danışmaq mümkün deyil.
Məsələyə münasibət bildirməkdən boyun qaçıran Binəqədi Rayon
İcra Hakimiyyəti suallarımıza cavab verməmək üçün hər cür bəhanədən
istifadə etdi.
Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətindən isə məsələyə
gözlənilməz cavab gəldi. Suallarımızı cavablandıran Nurlanə
Mərdanova hazırda İcra Hakimiyyətində bazarın sökülməsi ilə bağlı
heç bir məlumatın olmadığını bildirdi.
Bazarın söküntü işlərinə görə Azərsu Açıq Səhmdar Cəmiyyətinin
apardığı təmir işlərində yanlışlıqlar edilməsi ilə bağlı iradlara
isə qurumun mətbuat xitmətinin rəhbəri Anar Cəbrayılov cavab
verdi:
"Bütün komunikasiya xətlərinin qəzalı olan hissələrini təmir
edib, işimizi yekunlaşdırmışıq. Həmin ərazidə heç bir problemimiz
qalmayıb. Orada olan bütün kanalizasiya və su xətti tam
normasındadır. Deyilən iradlar isə yersizdir".
Qeyd edək ki, 8200 kvadrat metrlik bazarda ərzaq məhsullarından
tutmuş ən xırda ev əşyalarına qədər satış həyata keçirilir. Bütün
satış prosesi isə tavandan alıcının üzərinə damcılayan qar, yağış
sularının altında baş verir.