Yuxarı

Deputatdan həyəcanlı çağırış: Dəhşətli görüntünü izlədim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar koronavirusla bağlı mənə istər ictimai şəxslər, istərsə də sadə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxili olur. Onlar öz doğmalarının xəstəxanaya yerləşdirilməsi və müalicəsinə dəstək olmağımı xahiş edirlər. Bu müraciətlərin həddən artıq çoxalması və xəstəxanaya yerləşdirdiyimiz şəxslərin yaşı, onların kritik durumu çox ciddi həyəcan üçün əsas verir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Deputat bildirib ki, bu gün koronavirusa yoluxma ilə bağlı ölkəmizdəki vəziyyət narahatlığı artırır:

“Artıq günlərdir ki, yoluxma sayı sağalanların sayını iki dəfəyə yaxın üstələyir. Xüsusilə vurğulamaq istərdim ki, mənə müraciət edənlərin əksəriyyətinin yaşı 30-40 arasındadır. Hətta ötən gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirdiyimiz gəncin 29 yaşı var. Əvvəllər deyirdilər ki, bu virus yalnız yaşlı insanlarda özünü ağır formada göstərir. Lakin biz gənclərin də bu virusdan çox ağır vəziyyətə düşdüklərini, hətta bəzən həyatlarını itirdiklərini müşahidə edirik. Təsəvvür edin, səhhətində heç bir problem olmayan bir insan anidən xəstəxanaya düşür, vəziyyəti ağırlaşır və onu xilas etmək mümkün olmur. Yəni koronavirus hətta ən sağlam insanın belə həyatına son qoya bilir. Adi bir misal çəkim: Biz xərçəngin ən ağır xəstəlik olduğunu deyirik. Amma bilirsiniz ki, hətta ağır xərçəng xəstələri belə aylarla, bəzən illərlə yaşaya bilir. Koronavirus isə qısa müddətdə insanın ölümünə səbəb ola bilir. Vəziyyətin nə dərəcədə ciddi olduğunu təsəvvür etməyinizi xahiş edirəm. Birdəfəlik qəbul etmək lazımdır: ölüm bizə heç vaxt bu qədər yaxın olmamışdı”.

Q.Paşayeva vurğulayıb ki, koronavirus pandemiyasının mövcudluğuna inanmayan şəxslərin laqeydliyi ucbatından bu gün xəstəxanalar, reanimasiyalar dolmaq üzrədir:

“Artıq bəzi insanların evdə müalicə alması məcburiyyəti ortaya çıxıb. Bununla yanaşı, həkimlərimiz də çıxılmaz vəziyyətə düşüblər: onlar gecə-gündüz bilmədən bu günü-gündən artan xəstələri müalicə etməli, üstəlik özlərini də qorumalıdırlar. Onların həyatı da risk altındadır və bilirsiniz ki, artıq həkimlərimiz içərisində bu virusa yoluxanlar, hətta həyatını itirənlər var. Tanınmış simalarımızdan birinin reanimasiyadan çəkilmiş görüntülərinə baxıb dəhşətə gəldim. Görün bu virusa yoluxan insan necə əzab-əziyyət çəkir. Gözümüzün qarşısında dostlarımız öz yaxınları, ailə üzvlərini itirir, amma bəzi şəxslər hələ də koronavirusun uydurma olması haqda təhlükəli və ağlasığmaz fikirlər səsləndirməyə davam edirlər. Mən həyəcanla çağırış edərək demək istəyirəm ki, əgər vətəndaşlar özlərini qorumasalar, çox ciddi fəsadlarla üzləşə bilərik”.

Deputat may ayına qədər Azərbaycanda koronavirusa qarşı effektli mübarizə aparıldığını, yoluxma sayının kəskin azaldığını xatırladıb:

“Hətta bir çox ölkələr Azərbaycanı nümunə göstərirdilər. Lakin sanki vətəndaşlarımızda bir arxayınlaşma yarandı, sanki karantin rejiminin yumşaldılmasını pandemiyanın artıq geridə qalması kimi qəbul etdilər. Bunun ağır nəticələri isə artıq özünü göstərir. Çox ciddi, kritik bir vəziyyətə doğru gedirik”.

Millət vəkili qeyd edib ki, biz yenidən pandemiyanı ram edə bilərik:

“Bunun üçün Operativ Qərargahın, TƏBİB-in bütün tövsiyələrinə əməl edilməlidir. Şirkətlərin, dövlət müəssisələrinin bir çoxu güzəştlər tətbiq edir, uzaqdan, evdən işləmək fürsəti yaradır. Mümkün olduqca bu fürsətlərdən istifadə etməli və insanlarımız evdən çıxmamalıdır. Məcbur olduqda isə insanlarımız mütləq tibbi maska taxmalı, sosial məsafəni gözləməli və dezinfeksiyaedici vasitələrdən istifadə etməlidirlər. Virusun belə sürətlə yayıldığı bir vaxtda rayonlara getmək çox təhlükəlidir. Çünki siz özünüz də bilmədən virusu getdiyiniz yerə aparıb, orada da yayılmasına səbəb ola bilərsiniz. Maksimum şəkildə diqqətli olmalıyıq. Virusun necə təhlükəli olduğuna inanmayan şəxslər var. Təəssüf ki, onlar da yaxın vaxtlarda bizim necə bir dəhşətli bəla ilə üzləşdiyimizin şahidi olacaqlar. Daha böyük itkilər yaşamamaq üçün hər birimiz səfərbər olub, koronavirusla mübarizədə bütün zəruri addımları atmalıyıq. Biz özümüzü, doğmalarımızı və yaxınlarımızı, xalqımızı təhlükəyə atmamalıyıq, Azərbaycanın hər bir vətəndaşı bu ölkənin sərvətidir. Dövlətimiz öz vətəndaşını qorumaq üçün ölkənin bütün imkanlarını səfərbər edib, bütün iqtisadi geriləmələri, itkiləri göz altına alaraq, insanlarımızı xilas etmək üçün hər vasitədən istifadə edir. Dövlətimizin, cənab Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın istəyi budur və bu istiqamətdə bütün dövlət qurumları səfərbər olunub. Biz bu məqamda özümüzü qorumaqla dövlətimizə dəstək olmalı, həmrəylik göstərməliyik. Bu virusa birlikdə qalib gələcəyik”.

Tarix
2020.06.16 / 16:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla