Bakı Apellyasiya Məhkəməsində Tərtər rayon sakini
1979-cu il təvəllüdlü Emin Heydərovun CM-nin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
Oxu.az xəbər verir ki, ötən il
mayın 27-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi
köçkünlərin yaşadığı "Alov" düşərgəsində Emin Heydərov keçmiş həyat
yoldaşı, Zəngilan rayon sakini 27 yaşlı Şəlalə Nağıyevanı namaz
qıldığı yerdə, elektrik naqili ilə boğaraq qətlə yetirib və
hadisədən sonra könüllü Sabunçu RPİ 15-ci polis bölməsinə gələrək,
təslim olub. Dərhal sonra hadisə yerinə polis və prokurorluq
əməkdaşları cəlb olunublar, qadının meyiti otaqda, boynuna naqil
sarılmış vəziyyətdə aşkar edilib. Qonşular əvvəl evlərindən səs-küy
gəldiklərini, lakin belə hallar tez-tez baş verdiyi üçün əhəmiyyət
vermədiklərini bildiriblər, lakin sonra qışqırıq səsləri eşidiblər
və qadını evdə uzanıqlı vəziyyətdə görərək təcili tibbi yardıma
zəng ediblər.
Məhkəmə prosesində zərərçəkmiş qismində ifadə verən mərhumun
anası 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşdükdən
sonra Pirşağı sanatoriyasında məskunlaşdıqlarını bildirib. Qızı
Şəlalə 4 il idi ki, Eminlə ailə qurmasına baxmayaraq, tez-tez küsüb
evə gəlirdi, deyirdi ki, Emin onu döyür və incidir, 8 aylıq
körpəsinə baxmır. Buna görə məcbur olub yeməyi qadın özü alıb.
Sonuncu dəfə belə analoji münaqişələrdən sonra Şəlalə qəti şəkildə
Emindən ayrılacağını deyib və rayon məhkəməsinə müraciət edib və
hadisədən 2 gün əvvəl məhkəmənin qərarı ilə onlar boşanıblar.
Boşanan gün Heydərov insanların gözü qarşısında Nağıyevanı
öldürəcəyini söz verib. Hadisə baş verən gün işdə olduğunu deyən
zərərçəkən evə gələndə həyətdə camaatın toplaşıb, qışqırdıqlarını
görüb, otağa daxil olanda isə yerdə qızını görüb.
Təqsirləndirilən şəxs günəmuzd fəhlə işlədiyini və kirayədə
yaşadığını bildirib, zərərçəkənin söylədikləri ilə razılaşmayaraq
ailəsinə baxdığını qeyd edib. Heydərovun sözlərinə görə, Şəlalə
məhkəməyə müraciət edəndə o, bunun səbəbini soruşub, arvadı isə
sərbəst yaşamaq istədiyini deyib. Məhkəmənin qərarı ilə ona uşağı
ilə görüşməsinə icazə verildiyi üçün iki gündən sonra o Şəlalənin
anasının yaşadığı evə yollanıb, evdə həmin vaxt Şəlalə və bacısı
qızı olub, uşaq isə yatıb. Boşanmasını heç cür qəbul eləyə
bilmədiyi üçün yenə mübahisə etməyə başlayıblar, onun dediklərinə
əhəmiyyət verməyən Nağıyeva namaz qılmaq üçün başqa otağa keçib.
Bundan istifadə etdiyini bildirən Heydərov otağa daxil olub və
əlinə keçən naqili götürüb, arxadan Şəlalənin boynuna keçirib. Var
gücü ilə sıxaraq onu boğub, öldüyünə tam əmin olandan sonra isə
polisə gedib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Heydərov 11 il
azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti
verərək cəzasının yüngülləşdirilməsini istəyib.
İşi araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya
məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.