Yuxarı

Bizi qınayanlar desin: Nə etməliyik?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən Rusiyanın məşhur “Rossiya-l” telekanalının populyar “60 dəqiqə” proqramına müsahibə verdi. İndiki – mübaliğəsiz taleyüklü xarakter daşıyan çox önəmli dövrdə verilən müsahibə sentyabrın 27-də Ermənistanın növbəti hücum cəhdi, hərbi avantürası nəticəsində yenidən alovlanan müharibə haqqında həqiqətləri rusdilli auditoriyaya çatdırdı.

Cənab Prezident ilk növbədə Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında bilgiləndirdi. Onu da vurğulayaq ki, Rusiyada məskunlaşmış yüzminlərlə ermənininin, dediyimiz kimi, bütün rusdilli auditoriyanın da həqiqətləri bilməsi baxımından bu müsahibənin özünəməxsus önəmi var. Məhz hadisələrin indiki vaxtında, məhz bir çox rusdilli KİV-in yanlış təbliğat apardığı ortamda həqiqətlərin dövlət başçısı tərəfindən söylənməsi özlüyündə bir fürsət oldu.

Əlbəttə, fürsətkar, hiyləgər, riyakar və ən əsası, işğalçı Ermənistan hakimiyyəti ilə müqayisədə bizim ən əsas silahımız haqlı olmağımız, məhz həqiqətin özünü deməyimizdir. İkinci silahımız, üstünlüyümüz isə işğala məruz qalan tərəf olsaq da, daha güclü olmağımızdır. Bax, bu iki amil auditoriyanı düşündürməyə bilməz: haqlıyıq, amma haqsızla eyni yanaşma görür, eyni çağırş eşidirk, bir çox halda ikili standartla qarşılaşırıq; haqlıyıq, amma haqsızın güclü diaspor və lobbi təzyiqi, təbliğatı ilə üz-üzəyik... Habelə, güclüyük, amma torpaqlarımız 30 ilə yaxındır işğal altındadır; güclüyük, amma sülh danışıqlarında uzun illər iştirak etmişik və nəticəsiz olsa da, kövrək sülh danışıqları məhz Ermənistan tərəfindən pozulub.

Bu gerçəklik fonunda bir də ardarda hərbi təxribatlara, hücumlara məruz qalırıqsa, bizi qınayanlar desin: NƏ ETMƏLİYİK!?

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saat 06.00-da başladığı hücum da bütün öncəki hücumların davamı və inkişafı “dəyəri”ndədir. Yenə hərbi obyektlərlə yanaşı, mülki obyektlər, dinc əhali hədəf alındı.

Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qaldı. Bu hücumun zamanlama baxımından da (istirahət günü, səhərin erkən saatı...) daha çox insan tələfatına hesablandığı şübhəsizdir. Belə olan halda, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavab verməkdən başqa yolu qalırdımı?! Özü də nəzərə alsaq ki, döyüşlər Ermənistan-Azərbaycan dövlət sərhəddi boyunca deyil, respublikamızın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin dərinliklərində gedir – o zaman adekvatlığın bir adı, bir təyini, bir ünvanı olmalıdır: ya ən sonuncu erməni əsgəri ərazilərimizi birdəfəlik tərk etməli ya da tək-tək, yaxud toplu halda təsirsiz hala gətirilməlidir.

Bax, bu, əsl adekvatlığın özüdür! Çünki biz 30 ilə yaxındır sülhpərvərlik göstərdik, əvəzində, müharibə ritorikası ilə qarşılaşdıq.

Dövlət öz vətəndaşlarını, öz ərazisini müdafiə etməyə mükəlləfdir.

***

“Rossiya-1”ə müsahibəsində “Təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var” deyən Prezident İlham Əliyev Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu, ümumən müharibənin mahiyyətini faktlarla, rəvan nitq, məntiqi ardıcıllıq və cəsarətlə göstərdi.

Böyük və həssas bir auditoriya qarşısında həqiqətlərin məhz bu təcallada ifadəsi özlüyündə uğurlu bir hadisədir.

Cənab Prezidentin tutarlı, peşəkar, səlis cavabları qarşılığında “guya demokrat” Nikol Paşinyanın eyni kanal, eyni proqramdakı çıxışı sönük, dolaşıq, təkrarçı və faktoloji bazadan məhrum idi. Bu, Paşinyanın həm siyasi cəhətdən qeyri-yetkin olduğunu, həm də müdafiə etdiyi mövqenin heç bir tənqidə dözmədiyini aydın göstərdi. Paşinyan istər Münhen debatında, ondan öncə Aşqabad dəyirmi masasında, istərsə də, BBC-nin “Hard Talk” proqramında olduğu kimi, “Rossiya-1”-də də bir daha öz səbatsızlığının və haqsızlığının aqibətini yaşadı.

Azərbaycan Prezidenti “Rossiya-1” efirində Ermənistanın son hücumlarından, hərbi təxribatlarından müharibənin tarixinə, mahiyyətinə güzgü tutaraq, Rusiya ictimaiyyətinin diqqətini həqiqətlərə cəlb etdi. Bu sitatlar cənab Prezidentin müsahibəsindəndir:

“Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır. Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir”;

“Ermənistanın hərəkətlərinin və bəyanatlarının xronologiyası göstərir ki, bu ölkə təxribata uzun müddətdir hazırlaşıb və şüurlu şəkildə gedib”;

“Erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi”;

“Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirdilər...”

Prezident İlham Əliyev həqiqətin özü olan sərrast cavabları ilə Ermənistan hakimiyyətinin avtoritar, diktator mahiyyətini – demək ki, mahiyyətsizliyini ifşa etdi. Paşinyanın hakimiyyətə gəlməsini bir “siyasi layihə” kimi şərh edərək, onu əlaltı adlandırdı. Dövlət başçımız öz fikrini, Ermənistanda daxili siyasi böhranın hökm sürməsi, bu böhranın Paşinyanın 2 il öncə çoxlu vədlər verərək hakimiyyətə gəlməsi (və hazırda bu vədlərin altında qalması) ilə əlaqələndirərək, “Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın” şəklində ifadə etdi.

Müsahibədə diqqətçəkən başqa bir məqamsa Prezidentin rusdilli auditoriyanın nüfuzlu efirində də qardaş Türkiyənin maraqlarını qoruması, qardaş ölkəni Ermənistanın və erməniyanlıların haqsız “media hücumu”ndan müdafiə etməsidir. Cənab İlham Əliyev bununla Ermənistan təbliğatının iç üzünü açdı, artıq öz saxtakarlıqlarından əziyyət çəkməyə başlamış işğalçı ölkənin dövriyyəyə buraxdığı yalan məlumatların məqsədyönlü tirajlandığını göstərdi.

“Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır;

...Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur”.

Prezidentin gətirdiyi tutarlı faktlar qarşı tərəfin “feyk-nyus” tirajlamalarını, o cümlədən, qardaş ölkənin hərbi arsenalında olan F-16-ların döyüş əməliyyatlarında iştirakı, respublikamıza Suriyadan muzdlular gətirilməsi barədə iddiaları puç etdi. Necə deyərlər, bir cümlə yetər: “Ermənistandan fərqli olaraq Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qabildir”.

İnanıram ki, Azərbaycan Prezidentinin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramı aparıcılarının suallarına tutarlı cavabları – qaldırılan məsələlərə dair sağlam fikirləri, yalnız respublikamızda deyil, peşə kodeksini bütün keçici maraqlardan, siyasi mülahizələrdən üstün tutan xarici medianın da diqqətində olacaq.

Bizim işimiz haqq işidir, biz qalib gələcəyik!

Dövlətimiz var olsun!

Qənirə Paşayeva

MM-in Mədəniyyət komitəsinin sədri

Tarix
2020.09.30 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla