Xüsusi Təyinatlı Qüvvələrin yeni yaradılan hərbi
hissələrinə döyüş bayraqları təqdim olunub.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə
nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi
general-polkovnik Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələrin
hərbi hissələrində olublar.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və
ölkəmizin azadlığı, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni
ifa edildikdən sonra Müdafiə naziri Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin müvafiq Fərmanı ilə yeni yaradılan hərbi hissələrə
verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət
Mirzəyev mərasimdə çıxış edərək ölkə rəhbərliyi və Müdafiə
Nazirliyi tərəfindən xüsusi təyinatlılara göstərilən etimada görə
minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin
birləşmələrinin nümayəndələri qarşısında çıxış edərək Müdafiə
naziri general-polkovnik Zakir Həsənov bildirib: "Bu gün biz Xüsusi
Təyinatlı Qüvvələrin yaradılmasının 16-cı ildönümünü qeyd edir və
yeni yardılan hərbi birləşmələrə döyüş bayraqlarını təqdim edirik.
Bu, qısa bir müddətdə düşmənə qarşı keçirilən uğurlu, parlaq
fəaliyyətlərin nəticəsi olaraq, döyüşlərdə sınanmış xüsusi
təyinatlılara ölkə rəhbərliyi tərəfindən verilən ən böyük
qiymətdir.
Burada Vətəninə, xalqına sadiq, hər an torpaqlarımız uğrunda
canından belə keçməyə hazır olan Azərbaycan övladları xidmət edir.
Ordumuzun gücü şəxsi heyətin vətənpərvərliyində, qəhrəmanlığında və
peşəkarlığındadır. Mən bu keyfiyyətləri Xüsusi Təyinatlı Qüvvələrin
şəxsi heyətində görürəm.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin "düşmənin ayaqlarının altında
torpaq od tutub yanmalıdır" sözləri qarşımızda mühüm vəzifələr
qoyur. Bu vəzifələr bizim üçün bir hədəfdir.
Düşmənin kəşfiyyat-təxribat cəhdlərinin qarşısının qətiyyətlə
alınması, onun xeyli sayda itkilərə məruz qalması, mənəvi-psixoloji
vəziyyətinin sarsıdılması və müqavimətinin sındırlması ilə
Ermənistanın hərbi-kriminal rejimi Silahlı Qüvvələrimizin gücünü və
qüdrətini hiss etdi. Bununla da düşmənin əməliyyat və fəaliyyət
imkanlarının məhdudlaşdırılmasının birinci mərhələsi uğurla başa
çatdırıldı.
Bu gün əminliklə bəyan edirik ki, Ordumuz bütün cəbhə boyu
əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələnib.
Biz düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik. Bu
mərhələdə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsində
fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin rolunu qeyd etmək
vacibdir.
İndi isə qarşımızda daha vacib - ikinci mərhələ dayanır. Düşmənə
qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan
torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək. Biz bu
vəzifənin öhdəsindən gəlməyə qadirik və qısa müddətdə buna nail
olacağıq. Buna heç kim şübhə etməsin.
Hamımız Ali Baş Komandanın əmrinə daim hazır olmalıyıq. Bunun
üçün Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığı
səviyyəsini durmadan daha da artırır. Azərbaycan xalqı, dövlət
rəhbərliyi Silahlı Qüvvələrimizə, o cümlədən xüsusi
təyinatlılarımıza inanır, fəaliyyətinizə yüksək qiymət verir və
sizinlə fəxr edir. Biz də öz növbəmizdə bu yüksək etimadı
doğrultmağa daim hazır olmalıyıq. Bir daha sizi təbrik edərək
xidmətinizdə uğurlar arzulayıram".
Sonra hərbi xidmətdə fərqlənmiş şəxsi heyətin
mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub. Hərbi
qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr
təqdim edilib.
Təntənəli mərasimdən sonra xüsusi təyinatlılar soyuq və atıcı
silahların istifadəsi, helikopter və avtomobillə pusquya qarşı
fəaliyyət, yaxın döyüşdə tapşırıqların icrası üzrə müxtəlif
fəndləri məharətlə icra ediblər.