Sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə
verilən yol xərcindən məhrum olmaları barədə xəbər vermişdik.
Bununla bağlı valideynlərlə məktəb rəhbərləri və müəllimlər
arasında münaqişə yaranıb. Hər kəs bir-birini ittiham
edirdi.
"Axar.az"ın araşdırmalarından sonra isə başqa mətləblər üzə
çıxdı. Məlum oldu ki, sağlamlıq imkanları məhdud olan uşaqlara
çatan 20 manat yol pulunu Hesablama Palatası dayandırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni
nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və
reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək
üçün müavinətin həcminin müəyyən edilməsi haqqında" 25 dekabr
2001-ci il tarixli, 200 nömrəli qərarına əsasən, xüsusi təhsilə
cəlb olunanların valideynlərinə ayda 20 manat həcmində müavinətin
ödənilməsi nəzərdə tutulub. İndiyədək həmin pulu həm məktəbə gedən,
həm də evdə təhsil alan şagirdlərin valideynləri alıb. Bu ilin
avqustundan isə uşaqları evdə təhsil alan bütün valideynlər həmin
yol pulundan məhrum olublar. Onsuz da məbləği uşağın müalicəsinə
sərf olunan xərclərlə müqayisədə çox az olan pulun kəsilməsini
valideynlər ayrıseçkilik kimi dəyərləndirirlər.
Hesablama Palatası 20 manatı çox gördü
Məsələyə aydınlıq gətirmək üçün ilk olaraq Bakı Baş Təhsil
İdarəsinə müraciət etdik. Lakin qurumdan göndərilən suallara cavab
ala bilmədik. Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsindən
"Axar.az" a bildirdilər ki, respublikada TN-nin tabeliyində
sağlamlıq imkanları məhdud uşaqlar üçün 14 internat məktəbi
fəaliyyət göstərir. Həmin internat məktəblərində 2 min 908 nəfər
sağlamlıq imkanları məhdud uşaq təlim-tərbiyə alır. Və adıçəkilən
qərarda nəzərdə tutulan yol xərcinin ödənilməsi onların hamısına
şamil edilib.
TN-nin məlumatına əsasən, bu il Hesablama Palatasının Bakı
Şəhəri üzrə Təhsil İdarəsində apardığı yoxlama nəticəsində həmin
müavinətin evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin
valideynlərinə və ya digər qanuni nümayəndələrinə ödənilməsini irad
tutub. Bundan sonra həmin əlavənin ödənilməsi dayandırılıb.
Müəllimlərin pulunu isə Maliyyə Nazirliyi
kəsib
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə
əsasən, xüsusi təhsil müəssisəsində və ya bölməsində, eləcə də
psixoloji-tibbi-pedaqoji komissiyalarda çalışan şəxslərin
əməkhaqlarına 50 faiz əlavə ödəniş edilir. Lakin ötən il Maliyyə
Nazirliyinin qərarı ilə sağlamlıq imkanları məhdud olan uşaqlara
evdə dərs keçən müəllimlər də həmin əlavə ödənişdən məhrum olub.
TN-dən bildiriblər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi evdə
təhsilin xüsusi təhsilin bir forması olmasına istinad edilərək,
evdə təhsil verən müəllimlərin əməkhaqqına 2012-ci ilin sonunadək
50 faiz əlavə ödəyib:
"Lakin Maliyyə Nazirliyi tərəfindən 2012-ci ilin oktyabr ayında
Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan yoxlama nəticəsində adı
çəkilən Qanunun 28.2-ci maddəsində qeyd olunan 50 faiz əlavənin
evdə təhsil verən müəllimlərə şamil edilmədiyi əsas gətirilib və
həmin əlavənin ödənilməsi dayandırılıb".
Qanunvericilikdə boşluq varmış
Belə məlum olur ki, yoxlamalar nəticəsində qanunvericilikdə
boşluqlar üzə çıxıb. Müavinət və əlavə ödənişlərin
dayandırılmasının da əsas səbəbi bununla bağlıdır. Bəs TN bu
problemin aradan qaldırılması üçün nə iş görür? Suala cavab olaraq
qurumdan bildiriblər ki, narazılığın aradan qaldırılması üçün
qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac var. Belə ki,
müavinətin evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların
valideynlərinə də ödənilməsini təmin etmək məqsədilə Nazirlik
NK-nın adıçəkilən qərarında dəyişikliklər edilməsi üçün hazırlıq
işləri aparır.
Müəllimlərə 50 faiz əlavə ödənişin bərpa olunması da "Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanuna
dəyişikliyi tələb edir: "Əlavənin evdə təhsil verən müəllimlərə də
şamil edilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Qanuna
müvafiq dəyişiklik edilməsinə dair layihə hazırlanaraq Nazirlər
Kabinetinə təqdim olunub".
Niyə maliyyə idarəsi?
Hesablama Palatası isə müavinətin ödənilməsini aydınlaşdırmaq
üçün yerli maliyyə idarələrinə müraciət etməyi tövsiyyə edib.
Palatanın rəsmisi Əhliyət Adıgözəlov "Axar.az"a açıqlamasında evdə
təhsilin Nazirlər Kabinetinin 2002-ci ildə təsdiq etdiyi "Evdə
təhsil almaq hüququ verilən xəstəliklərin siyahısı" və "Evdə
təhsilin təşkili qaydaları"na uyğun aparıldığını deyib:
"Sağlamlıq imkanları məhdud olan uşaqlar tam dövlət
təminatındadırlar. Xüsusi təhsilə cəlb olunan uşaqların
valideynlərinə mövcud qanunvericiliyə görə hər ay 20 AZN müavinət
ödənilməlidir. Bu pul ödənilmədiyi halda yerli maliyyə idarələrinə
müraciət etmək lazımdır".