Yuxarı

Bu, cəbhədən qalan ən gözəl yadigardır – Tibb kapitanı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, cəbhədən qalan ən gözəl yadigardır – Tibb kapitanı

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı günüdür.

Axar.az-ın müsahibi Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş tibb xidməti kapitanı, stomatoloq Üzeyir Hüseynovdur:

- Stomatoloq olduğunuz halda Vətən müharibəsində ön cəbhəyə getdiniz...

- Əlbəttə, 20 il stomatoloq işləmişəm, müharibə zonasında ümumi profilli həkim kimi çalışmaq çox çətin idi. Böyrək ağrısından, dəri xəstəliyindən, şişkinlikdən əziyyət çəkən əsgərə kömək etmək üçün köhnə təcrübələrimi xatırlamağa özümü məcbur edirdim. Həyəcan keçirtmək yaralı əsgərin də sağlamlığını təhlükəyə ata bilərdi. Səhhətində problem olan əsgərlərin siyahısını tuturdum. Həmkarlardan məsləhət almaq üçün çətinliklə də olsa, telefon əlaqəsi yaradırdım. Ən çox da həkim həyat yoldaşım arxa cəbhədə mənə kömək edirdi.

Müharibə və həkimlik bir yerdə çox çətin idi. Ən birinci özünü qorumalısan ki, əsgərlərə faydalı ola biləsən. Psixoloji vəziyyətini sağlam saxlamalısan. Müsbət ovqatla əsgərlərlə yanaşı zabitlərə də kömək edirdik. Onları bacardığımız qədər depressiv vəziyyətə düşməməyə kökləyirdik.

- Döyüş zonasının ən qaynar nöqtələrində, mərmilərin altında yaralı əsgərlərə xidmət etmək... Nələr edə bildiniz?

- 350-400 nəfərlik tabor heyətinin səhhətində gündəlik yoxlama aparırdıq. Qızğın döyüş zamanı qripdən, qızdırmadan əziyyət çəkən əsgərlərə qulluq etmək imkanımız çox az olurdu. Çünki bütün sanitar maşınlar yaralı əsgərlərə köməyə istiqamətlənirdi. Yaralılara yerindəcə ilkin tibbi yardım göstərirdik. Atışma səngiyən kimi əsgərləri risk zonasından çıxarıb dərhal hospitallara təxliyə edirdik. Hər bölüyün sanitar işçilərinin hesabatına baxırdım. Hər işçi 50-100 əsgərin sağlamlığıyla bağlı hesabat gətirirdi. Bu qədər əsgərin hamısını diqqətdə saxlayırdıq, çətin olsa da, vəzifəmizi şərəflə yerinə yetirirdik.

- 4 övladınız var. Hansısa məqamda onlar gözləriniz önünə gəlirdimi?

- Ailəmizi, övladlarımızı döyüş zonasında sakitlik olarkən xatırlayırdıq. Döyüş zamanı yalnız əsgərləri xilas etməklə məşğul idik, düşüncəmiz də, hərəkətimiz də bu idi.

- Müharibədən özünüzə “yadigar” kimi nə saxlamısınız?

- Hərbi geyimimi. Bu, ən gözəl xatirədir. Belimdə gəzdirdiyim kiçik çantada dəmir əsgər stəkanı daşıyırdım. 3 ay suyu həmin stəkanın altına spirtə batırılmış pambıq qoyaraq isitdim. Həm düşmənə yerimizi bəlli etməmək üçün od qalamırdıq, həm də tez başa gəlirdi. Soyuq havada boğaz ağrısı olan əsgərlərə də bu metodu öyrətdim.

- Ən çox sevindiyiniz hadisə nə oldu?

- Əlbəttə ki, bir-birinin ardınca qələbələr. Amma bir həkim kimi düşməndən ələ keçirdiyimiz tibbi qənimətlər bizim üçün sevincli olurdu. Ordumuz Hadrutu azad edərkən Hadrut hospitalına əsgərlərlə birgə girdik. Ordan çantalarla dolu dəva-dərman, pambıq, spirt, bint götürdük.

- Həmkarlarınıza peşə bayramı ilə əlaqədar arzunuz nədir?

- Müharibə insanı elə dəyişir ki, bunu yalnız döyüşdən qayıdanlar anlaya bilər. Əvvəlki həyata adaptasiya olmaq zaman alır. Bir də müharibə olmasın. Bütün həkimlərimizə xəstələrə faydalı ola bilmələri üçün sağlamlıq, peşə fəaliyyətlərində uğurlar arzu edirəm.

Tarix
2021.06.17 / 22:01
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla