Televiziya şəbəkəsinin rəqəmsal yayıma keçid etməsi ilə
vətəndaşlara iki sosial və kommersiya tipli paketlər təklif olundu.
Sosial paketlərdə yerli yəni dövlət və özəl televiziyaların yayımı
pulsuz, kommersiya tipli paketlərdə isə xarici kanalların pullu
yayımı nəzərdə tutulur. Bu ilin yanvarın birindən rəqəmsal yayıma
keçidin tam başa çatması isə vətəndaşların xarici kanallara
baxmasını məhdudlaşdırdı.
Rabitə və İnformasiya Texnalojiyaları Nazirliyinin Teleradio
İstehsalat birliyinin texniki direktoru Mikayıl Abbasov
vətəndaşların rəqəmli şəbəkə üzərindən televizorlarını xüsusi
qurğulara qoşaraq xarici kanallara baxa biləcəklərini bildirib.
Onun sözlərinə görə, kommodul tipli həmin qurğuları əldə etmək üçün
onların satış mərkəzinə müraciət etmək lazımdır. Modeli köhnə olan
televizorlarda ayrı bir qurğu, müasirlərdə isə bir başqa qurğudan
istifadə edilməlidir.
Ölkədə rəqəmsal TV paketinə daxil edilmiş xarici TV kanalların
yayımı dayandırılıb. Azərbaycanın Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən ANS
PRESS-ə verilən məlumata görə, yayımı dayandırılmış xarici kanallar
sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib.
Hazırda ölkə ərazisində yayımlanan sosial rəqəmsal TV paketi milli
telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider
TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1
telekanalından ibarətdir.
"Teleradio" İB-dən verilən məlumata görə, bundan əvvəl sınaq
dövründə açıq rəqəmsal paketə xarici kanallar əlavə edilmişdi.
Sınaq işləri bitdikdən sonra paketə daxil olan telekanalların
yayımı dayandırılıb:
"Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici
kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula
bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86
xarici kanal daxildir".
Qeyd edək ki, hazırda respublika əhalisinin 97 faizi sosial
rəqəmsal paketlə əhatə olunub. (ANS)