Ana səhifə Toplum |
Son vaxtlar cəbhə xəttində narahatçılıq yaşanır. Düşmən tərəfin dəfələrlə atəşkəsi pozması əsgərlərimizin cavab atəşi ilə susdurulur. Bu bizə təskinlik versə də, müharibə hələ ki, bitməyib. Bəs görəsən qələm əhlimiz "çağırsa ellər, gedərmi davaya?" Getsələr, müsəlləh əsgərə dönə bilərlərmi? Cəbhə xəttində onların əllərində qələm, yoxsa, silah olacaq? Bu suallarla yazarlarımıza "çağırış vərəqəsi" göndərdik.
Döyüşməyə gücüm var
Gənc şair–tərcüməçi Cəlil Cavanşir: "Əlbəttə gedərəm. Hələ ki, döyüşməyə gücüm var, döyüşərəm",– dedi.
Adam öldürmək vəhşilikdir
Şair Saday Şəkərli "çağırış vərəqəmizi" alan kimi müharibəyə, onun qan-qadasına nifrət etdiyini yazdı: "Mənim davalıq halım yoxdur. Adam öldürmək vəhşilikdir. Torpaq da, can da bizim olmayandır".
Yazmaq da lazımdır
AYB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, şair Xəyal Rza:
"Sonunu düşünən qəhrəman olmur! Vətən üçün döyüşmək də, yazmaq da, şəhid olmaq da şərəfdir. Qorxaq min dəfə ölər, igid bir dəfə, deyiblər. Düşünürəm ki, həm döyüşərəm, həm də yazaram. Gələcək nəsillər oxuya bilsin deyə, qəhrəmanlıqları yazmaq da lazımdır".
Təki, ellər çağırsın bizi
Yazıçı Varis Yolçuyev də çağırış vərəqəsinə "qol çəkdi", döyüşə hazır olduğunu dedi:
"Müharibəyə gedib Vətən üçün döyüşmək hər kəsin müqəddəs borcudur. Hansı ampluada faydalı ola bilərəmsə, təbii həmin ampluada da davaya getməyə hazıram, təki, ellər çağırsın bizi".
Mən nəsr stilində döyüşərdim
Şair Qurban Yaquboğlu: "Ellər çağırsa, əlbəttə, müharibəyə getməlisən. Müharibə isə bütün şəxsi fəaliyyətin, sənətin bitdiyi müstəvidi. Orda öldürməsən, öldürüləcəksən. Ancaq açığı, yəqin mənim döyüşüm şeirin sərbəst vəznində olmazdı. Heca və əruz döyüşü də mənə yaramaz. Mən nəsr stilində döyüşərdim - sonda, epiloqda Günəş qəhrəmanın üzünə düşür. Fərqi yoxdu, qəhrəman ölüb, ya sağdı",- dedi.
Bu ləkəylə yaşamaq rəzillikdir
Tanınmış jurnalist Zöhrab Əmirxanlı: "Yox, Allah məni 13 yaşımdan ora qədər bədbəxt eləyib ki, heç nəyə yaramıram... Ancaq öyüd-nəsihət verə bilərəm. O zəhrimara da bu gün heç kəs burun silmək istəməz. Amma bütün ömür boyu bu ləkəylə yaşamaq rəzillikdir... gedərəm davaya".
Qələm işə yaramır
Yazıçı Sayman Aruz: "Gedərəm. Milli dava hamının davasıdır. Qələmin də silah olduğu vaxtlar olur. Ancaq elə vaxtlar da olur ki, qələm işə yaramır və ancaq silah götürüb torpaq və millət uğrunda candan keçməli olursan. Mən müharibə tərəfdarı olmasam da, bəzən onu qaçılmaz hesab edirəm".
Tarix
2014.01.28 / 17:44
|
Müəllif
Faiq Balabəyli
|