"Prezident Aparatının qabağında özümə od
vuracağam"
Milli Şuranın 27 oktyabr 2013-cü il tarixdə "Məhsul" meydanında
keçirdiyi mitinqdə diqqət çəkən bir mənzərə vardı: ciddi səhvlər və
qüsurlarla, bəsit formada yazılmış bir plakat qaldıran, üzündən
ağrı və acı yağan "rayon adamı". O kimdir, bu yağışlı havada uzaq
yol gəlməyə onu nə vadar edib?
Bu düşüncə ilə onun ünvanını aldıq, bu gün isə əlaqə
saxladıq...
Şəhid ailəsi
Adı Mövsüm İbrahimovdur, Sabirabadda yaşayır. Prezident Heydər
Əliyevin onlara verdiyi evin rayon icra hakimiyyəti tərəfindən
aldadılaraq əllərindən alındığını deyir:
"Qardaşım İbrahimov Mehdi 1992-ci ildə şəhid oldu və Sabirabad
rayonunda onun adına küçə verildi. Ondan sonra Prezident Heydər
Əliyevin əmri ilə ata-anama şəhid ailəsi olduğuna görə 3 otaqlı ev
verildi. 1993-cü ildə yığışdıq o evə. 2003-cü ildə anam rəhmətə
getdi və biz 2005-ci ilə qədər orda yaşadıq. Həmin il icra
hakimiyyətindən gəlib bizə dedilər ki, Prezident İlham Əliyevin
göstərişi ilə şəhid ailələrinə verilən evlər təmir ediləcək.
Bunlara inanıb evimizdən müvəqqəti çıxdıq".
Prezidentin verdiyi evi başçı əlimizdən
aldı
M.İbrahimovun sözlərinə görə, bu günə qədər evlərinə qayıda
bilməyiblər:
"Kirayələrdə yaşayırıq. Bununla bağlı Baş prokurur Zakir
Qaralova da müraciət etmişəm. Cavab gəlib ki, şikayətinizə
baxılacaq.
Bu evi rəhmətlik Heydər Əliyev özü bizə vermişdi. İcra
hakimiyyətindən də başımızı aldadıb alırlar əlimizdən. Bizi evdən
təmir adı ilə çıxaranda dedilər ki, evin sənədlərini də verin bizə,
təmirdən sonra İlham Əliyevin iştirakı ilə təntənəli açılış olacaq
və sənədlər bizə həmin vaxt təqdim ediləcək".
Hər mitinqə gəlirəm, dərdimi demək üçün
Mövsüm İbrahimov deyir ki, dövlət qurumlarına yazır, bütün
mitinqlərə çıxıb, şüarını əlində tutur, amma yardım edən
yoxdur:
"Ötən aylarda da mitinqə getmişdim. Orda da plakat tutmuşdum.
İcra başçısı bunu internetdə görən kimi təzə başçı (Sabirabad İcra
Hakimiyyətinin başçısı) məni çağırıb dedi ki, sənin əlindən evi mən
almamışam, bu, məndən qabaqkı icra başçısının işidir, mən nə edə
bilərəm?"
Şəhid evində məmurlar yaşayır
M.İbrahimov deyir ki, hazırda onların evində İcra hakimiyyətinin
nümayəndələri yaşayırlar:
"Bizdən başqa həmin binada Qarabağ əlliləri, veteran ailələri
var idi. Onların bir hissəsini evlə təmin etsələr də, əksəriyyəti
evsiz-eşiksizdir. Evsiz qalanların içərisində şəhid ailəsi olan
bircə bizik".
Özümü yandıracağam
M.İbrahimov evlərini özlərinə geri qaytarmayacaqları təqdirdə,
özünü yandırıb, intihar etməkdən başqa əlac görmədiyini də
dedi.
Məsələ ilə bağlı Sabirabad rayonu İcra Hakimiyyəti ilə əlaqə
saxlamağa çalışdıq. 2 gün ərzində icra hakimiyyətindən telefonlara
cavab verən tapılmadı. Rayon sakinin problemləri ilə bağlı həmin
dairədən deputat seçilən Ceyhun Osmanlı ilə də əlaqə saxlamaq
mümkün olmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.