Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


M.Ə.Rəsulzadənin indiyədək naməlum iki əsəri - İlk dəfə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirməmməd HÜSEYNOV

M.Ə.Rəsulzadə – 130

Bu barədə ilk dəfə

Məlumdur ki, 1918-ci il iyunun II yarısında M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti erməni və gürcü nümayəndələri ilə birgə konfransda iştirak etmək üçün İstanbula getmişdir. Konfransın baş tutmamasına rəğmən M.Ə.Rəsulzadə və nümayəndə heyəti Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə, rəsmi dairələrinə şərh və izah etmək üçün çox geniş fəaliyyət göstərmişlər. Hətta 1918-ci il iyulun 3-də vəfat etmiş Osmanlı sultanı V Mehmedin dəfn və iyulun 4-də Sultan VI Mehmedin taxta oturması mərasimlərində iştirak etmişdilər. Sentyabrın 6-da M.Ə.Rəsulzadə və onun yoldaşları VI Mehmed tərəfindən qəbul edilmişdi. Azərbaycan və Qafqazdakı vəziyyət Sultana izah edildikdən sonra Sultan bildirmişdir ki, Azərbaycana lazım olan bütün yardımlar ediləcəkdir. M.Ə.Rəsulzadə özü bu barədə geniş və hərtərəfli məlumat vermişdir.

Bu dövrdə İstanbul mətbuatında M.Ə.Rəsulzadə ilə bir sıra müsahibələr də dərc olunmuşdur. Məsələn, İstanbulda nəşr olunan "Yeni məcmuə"nin 25 iyul tarixli 54-cü nömrəsində "Milli məsələlər" rubrikası ilə onun müxbir Halim Sabit bəyin suallarına verdiyi cavablar dərc olunmuşdur. Bu vaxta qədər bu müsahibə tədqiqatçıların nəzər diqqətindən kənarda qalmışdır. Bakıya qayıtdıqdan sonra isə Məhəmməd Əmin bəy İstanbul səyahəti ilə bağlı geniş bir konfrans təşkil etmişdi. O, Rusiyada, İranda, Türkiyədə və Qafqazda bilavasitə şahidi olduğu və ümumiyyətlə, Avropada cərəyan edən hadisələri öz milli təfəkkürünə uyğun şərh etmişdi. Qeyd edim ki, M.Ə.Rəsulzadənin həmin konfransdakı çıxışı "Azərbaycan" qəzetinin 3 nömrəsində (17, 20 və 22 noyabr tarixli 42, 45 və 47-ci nömrələr) "İstanbul səyahəti haqqında Rəsulzadə Məhəmməd Əmin bəyin konfransı" sərlövhəsi ilə dərc olunmuşdur. Bu yazıların əhəmiyyətini nəzərə alaraq onları "525-ci qəzet"in oxucularına təqdim edirəm.
Cümə günü 15 təşrini-sanidə (noyabrda) Türk ocağı salonunda sevgili natiqimiz Məhəmməd Əmin bəy bir konfrans verdi. Natiq cənabları səhnəyə çıxar-çıxmaz alqışlar ilə qarşılandı.
Konfrans təxminən öylə başlandı:

– Əfəndilər! Heç şübhəsiz ki, imdiki zamanda bütün cəmaətimizin nəzəri, huş və guşi və həp əfkarı bir şeyə mərcudur (yönəlmişdir). Üsuli-siyasəyyə hamımızı işğal ediyor.

İstanbulda Aləmi-İslamın mərkəzində bulunduğumuz sırada gördüklərimiz şeylər, aldığımız təəssürat və xatirat ilə sizi aşina edəcəgiz. Nə üçün Türkiyə müharibəyə girdi? Nə üçün öylə bir surətdə hərbdən çıxıyor? Türkiyədə əhval və yeni cərəyanlar nasıldır? Azərbaycan həqqində nə düşünürlər? Və əhvali-hazirə nə kibi bir mövqe işğal edəcəgi xüsusunda sizə söyləmək istiyoruz.

Hərbi-ümumi başlandığı sırada Türkiyənin vəziyyət pək ağır idi. Bu zaman Türkiyə Balkan müharibəsindən yeni çıxmış – həm də məğlub olaraq çıxmış idi. Burada o böyük Şərq məsələsi Türkiyə məhafilini (ictimaiyyətini) mütərəddid bir halda buraxmışdı. Türkiyə hərbə girsəmi çox qazanar, yaxud bitərəf dursa? Bu məsələ hamını düşündürüyordu. Türkiyə müharibəyə girdigi vəqt Rusiya bu gün gördügümüz yorğun, məğlub, dağınıq Rusiya degildi. O zaman Rusiyada qüvvətli bir çarlıq (çarizm) var idi ki, bunun da məqsədi, çalışdığı daima Aləmi-İslamı, böyük türklügi əzməklə gələn bir hökumət idi. Türküstan, Tatarıstan, Qafqasiya və başqa türk irqi ilə məskun yerlərin nə kibi bir istibdad altında olduğu hamıya aşikardır. O günlər Türkiyə müharibəyə atılmazsa idi icbarən boğazlar açıq olacağı mühəqqəqdi. Öylə olduqda İngiltərə Rusiyaya silah daşımaqla, ərzaq dəfinəsi olan Rusiya da buğda və arpa ilə İngiltərəyi təchiz edəcək və yekdigərinə olduqca kömək edəcək idi. O zaman Rusiya Almaniyayı Şərqi Prussiyadan sıxışdırdığı kibi get-gedə iləriləyəcək idi. Və Rusiyada böylə təzəlzülə (sarsıntıya), böylə inqilaba düçar olmaz və işlərin sonunda müharibədən qalib olaraq çıxacaqdı.

Bunu Türkiyə hərbə soxulmadan görüyorduq. Etilaf Dövlətləri zaman-zaman müvəffəqiyyətlərə nail oluyordu.
Türkiyə bitərəf də qalamıyacaqdı. Çünki qəhhar dövlətlərin hankisi düşərsə türk topraqlarını ayaqlıyacaqdı. Bu aləmşümul müharibədə bitərəf qalmaq imkanı yox idi. Nitəkim yunan, İran istənildigi kibi müharib dövlətlərin keyfinə tabe oldu, hüdudu onlar üçün tamamən açıq buraxıldı. Nəticədə bir faidə çıxmadı. Odur ki, Türkiyə də öylə vəziyyətə məruz ola idi, olsun ki, Türkiyə istər-istəməz övzai-zamanə və siyasiyyəti tədqiq etdikdən sonra müharibəyə girdi. Girməsinə də səbəb Rusiyanın etilaf zümrəsində olduğundan dolayı məlum ki, Türkiyə də bu zümrəyə qarışıb getməli idi. Türkiyə hərbə girməzsə idi, o zaman qaliblər həpsini başında "Cəmiyyəti-Əqvam" şüarı ilə bu gün meydana çıxmış Vilson degil, istibdad heykəli-mücəssəmi olan Nikolay duracaqdı. O zaman gərək islamiyyət, gərək türklük nəşvü-nüması ümidləri büsbütün sönəcək və cahanda bu qədər qan tökmə nəticəsində yenə zülm və istibdad paydar olacaqdı.

Türkiyənin bu müharibədə iştirak etməgə olduqca həqqi var idi. Buna biz hökm edəriz. Zənn ediyoruz ki, atidə bitərəf müvərrixlər (tarixçilər) Türkiyənin bu müharibəyə girməsindən qələm yürüdür isə böylə hökm xaricində bir hökm vermiyəcəklər.

Türklər üçün bu cahan müharibəsi bir çox siyasi və ictimai məsələləri həll edəcək və qəti bir cavab verəcək müharibədir.

Bu müharibədə fədakarlıqların yüksəkligi gərək miqdarca, gərək ülviyyətcə təsəvvürat xaricindədir. Hələ Çanaqqala müharibəsində 4 yüz minə qərib qurban verən türklər qazanc götürdülər degil, kəndi həyatlarını müdafiəyə qadir olduqlarını isbat etmişlər. Artıq göstərdilər ki, həqiqətən onlar Vətən yolunda lazım gələrsə ölə bilərlər. Düşmənlər nə qədər insafsız olsalar da böylə bir cihadi-kəbir yapan ruhi-ülviyyətinin qarşısında əgilmiyə bilməz!

Bu müharibədə türklər bir şey daha isbat etmişlər ki, türk əskərinin vəqtində qarını doyurulsa, əlbəsəsi verilsə, bilməmum ehtiyacı ödənsə bu əskər öylə bükülməz bir qol təşkil edərsə, heç bir kimsə o qolu bükə bilməz. Nasıl ki, kəlibillah mərkəzə yaxın olduğundan, zaman-zaman silahı, aşı, suyu gəldigindən türk ordusu öylə bir müdhiş bir qol oldu ki, ingilis, firəng və digərləri kibi qüvvətli düşmən zərbələri bunları qaytarmağa müvəffəq olamadığı kibi, Türkiyə də onlar qarşısında məğlub olmadı.

Halbuki Rusiyada və digər Avropa dövlətlərində olan miqdarda Türkiyədə vəsait yoxdur. Dəhşətli dəniz toplarına qarşı çox zaman fəqət köks gərmişlər və zirehliləri batırmışlar.

Böylə bir millət heç bir vəqt həqqi-həyatdan məhrum ediləməz. Türkiyədə şu müharibədən sonra hər kəsin Çanaqqala müharibələrinin mənzərələrindən söylər, mədhiyyələr ilə mütəhəssis olur. Hər kəs bu müharibədə bir adamını qeyb etmiş, qardaşımı, özümü, pədərimi, burada iştirak etmiş hər kəs sənə bu müharibədən mənqəbələr (təriflər) nəql edər, onun əhəmiyyətindən, ülviyyətindən bəhslər açar. Bu müharibədə alaylar nasıl yekdigərilə rəqabət etdigini hər kəs burada şəhid olmaq üçün əmr bəkləmədən hərbə soxulduğunu söyləyəcəkdir.

lll

Mərkəzi-islama gəldikdə oradakı ənənatı, o gözəlligi, o məhasını (əzəmətini) tamamilə dərk etmiş olursunuz. Tamamilə bunları görər-görməz hiss edəcəksiniz ki, islam nöqteyi-nəzərində İstanbul bədayei içində yeni bir həyat doğuyor. O vəqt anlarsınız ki, nə yolda və nə üçün bu qədər fədakarlıqlar olur, xarüqələr göstəriliyor. O zaman etiraf edərsiniz ki, yeni doğmaqda olan həyat uğrunda həqiqətən fədakarlıq etmək türklər üçün lazımdır.
Məəttəssüf Türkiyədə degil, bəlkə Aləmi-İslamın həpsində ictimaiyyət Avropadakı kibi olmayıb fəlc bir halda qalmışdır.

Avropanın bütün ictimaiyyəti xəlqinə də xəlq üçün doğuyor.

Ədəbiyyat ümum heyətilə xəlq ruhilə, xəlq əfkarilə ümumiyyət naminə yaşıyor. Bizlərdə isə böylə degil, ədəbiyyatın əsaslarını xəlqin malı etmək istəmədik. Ayrı-ayrı kimsələr pək alimdir, pək müxbirdir. Fəqət onu bir araya gəlsə onlarda bir ümumiyyət, bir həyat olmaz. Qiymətli bir həyati-ictimai islam məmləkətlərinin heç birində yoxdur. Bunun ən doğru şəklini İranda görərsiniz. Küçələr bir zibil yatağı, hər tərəfə baxılsa bir xarabazar, bazardakı satıcılar əlinə zir-zibili qarşısındakı çaya atar, suyunu öylə bir hala gətirər ki, baxmaq istəməzsən. Haman bu ümumiyyət halını qiymətsiz edən, alçaldan cənabın həyat qapısından içəri girdikdə evində bir cənnət olduğuna şaşıracaqsan, bu nədir! Onun xüsusiyyəti üçündür.

Bundan bəllidir ki, burada insanlar ayrı-ayrı yaşar, fəqət xüsusi həyatından ləzzət aparar.

Ədəbiyyat da öylədir. Şeirlərimiz hər bir şairin öz zövqünə mütabiq olmuş, olsa-olsa ətrafındakı bir takım əhbabı (dostları), rüfəqası onu anlar, yaratdığı bədiələr, gözəlliklər fəqət onun kəndisi üçün imiş zənn edər, xəlq üçün yaramaz.

Qərbdə isə böylə degil. Orada bütün ədiblər, şairlər xəlq dərinliginə atılıb onun içərisində duyduğu təəssürata, gördügü həyata həp yazdığını uydurar. Olduqca həyati-ictimaiyyə həyati-münfəridəyə tərcih verilər.
Qərbdə bugünki tərəqqi ilə bizdəki bu inhitat (tənəzzül) bu iki aləmin miyanında olan fərqi nəticəsindəndir.
Şərqdə bir zaman yüksək bir mədəniyyət var imiş. Lakin o da xas olub gündən-günə zəifə izmihalə uğradı.
Avropada isə ümumə mal olan mədəniyyəti-ammə (xalq) sayəsində özünə tərəqqi yollarını aradan buldu və bu gün də ondakı qələbə ilə bizdəki məğlubiyyət həp bundan dolayıdır.

İştə bunu da türklər ep iyi anlamış və bu yolda get-gedə tərəqqi etməkdədirlər. Bu yolda ədəbiyyat Türkiyədə gözəl bir mövqe tutuyor. Yeni türk ədəbiyyatı fəqət xəlqin qalın təbəqəsinə enir və yazılanların həpsi xəlq üçün yazılır. Türklər ədəbiyyat yolunda çox çalışdılar. Bu vəqtədək onlarda bir çox tərcümələr olmuş, Qərb ruhunda kitablar yazılmış idi. Fəqət Qərbdən alınmış şəklin eynən qəbul edilməsi yanlış olduğu artıq bəllidir. Çünki iqlimdən iqlimin fərqli vardır. Hər yerdə bir xüsusiyyət bir də ümumiyyət olar. Sənət, elm, fənn ümumidir. Dil, din, ənənat, ruh başqa-başqadır. Bunların hər birini qəbul etdikdə millətin ruhunu, xüsusiyyətini nəzərə almaq lazımdır.

İşbu belə də Türkiyədə olmuş idi. Türklər bu vəqtədək London səyahətindən, Parisdən, Hinddən və digər yerlərdən əhəmiyyətsiz şeylərdən belə bəhs edib bircə Anadolunu bu gün bütün xarüqələr, bütün rəşadətlər yaradıcısı, həp İstanbulu və başqa yerləri ərzaq ilə təchiz edən Anadolunu unutmuşlar idi. Məktəblər tamamən İstanbulda, həyati-ictimaiyyə nümunələri İstanbulda, türklərin nəsi varsa İstanbulda idi. Anadolunun məktəbi yox, sənaəti yox, bəlkə belə həyatı da yox kibi idi.

Şimdi isə öylə degildir. Yeni cərəyan Anadolu xəlqi ruhundan, həyatından, ehtiyacından yazıyor, dərdinə ağlıyor.
Bu da siyasətə təsir ediyor. Türk məhafili də buna diqqət etməgə başlıyor.

Əbdülhəmid zamanı İttihad və Tərəqqi firqəsi düşünürdü ki, hürriyyət olsa, hər millət kəndisini unudar. Hamısı qardaş kibi yaşamağa ibrazi-qeyrət edər. Böylə bir düşüncəni həyatə də, siyasətə də tətbiq etdilər. Fəqət məşrutiyyət zamanı gəldi. Kimsə kəndisini unutmadı. Arnaudlar, ermənilər, ərəblər, hər kəs kəndisini düşündü. Unudulmuş bircə türklər qaldığını artıq gördülər.

Bir türk mütəfəkkiri söylüyor ki, – bən türklügümü fəqət hər millətin Türkiyədə kəndisi üçün çalışdığı zaman duydum.

Türklər də ümumən böylə bir fikrə gəlmiş idi. Ona binaən türklərin siyasəti böyük bir təbəddülatə uğrayıb hər şeydə milliyyət iləri sürülmüşdür. Lakin burada da bir qədər yanlışlıq, bir qədər ifrat edilibdir. Məlumdur ki, hər kəs öz millətini istədigi kibi digərini istəməz. Hər kəsdə bir milliyyət fikri müqəddəs tutuluyor. Lakin bir fikrin müqəddəs olduğu kafi degil, o fikir namüqəddəs yollar ilə yürüdülsə fikir də namüqəddəs olacağı bəlli. Məsələn, bolşevizm əqidəsinin müqəddəs olduğunu kimsə inkar etməz. Fəqət bolşeviklərin apardığı siyasət, tutduğu yol namüqəddəs olduğundan bu gözəl məsləki nə kibi şəklə saldığını gördünüz. Aləmi kəndilərindən mütənəffir etməklə həpsini bolşevizmədən ürkütdülər.

İştə bu müqəddəs "milliyyət" fikrində türklər də bir çox ifratə uyduqlarından dolayı bir çox yerlərdə məmurlar digər millətlərə qarşı "milliyyət"dən suyi-istifadə etdilər. Ümuri-idarələrdə əxlaqsızlıqlar vücudə gəldi. Böylə suyi-istemal müharibədən fürsəti qənimət bilən və bundan dolayı üsyan qaldıran ermənilər həqqində rəva görüldü. Lakin üsyan bir ermənilər miyanında vaqe olmuyor. Ərəbistanda asilər olur. Türk ordusu çəkildigi yerlərin həpsində qiyam başlanır. Muxtariyyət iddiasına qalkışıyorlar. Böylə ki ümumiyyət üzrə Türkiyənin daxilində rahatlıq pozulmuş oluyor. Bundan maəda türk dörd il degil, səkkiz il, bəlkə də bir az fəzlədir ki, müharibə ediyor idi.
Dörd illik müharibədə Avstriya parçalanmağa başlamış, Almaniyada isə böylə bir inqilab qopduğunu görüyorsunuz. Artıq bu kibi hər bir cəhəti qüvvətli dövlətlər böylə taqətfərsa müharibənin təzyiqindən bu halə gəldi, ondan maəda müttəfiqlərin yekdigərindən əli də üzüldü. Türkiyə də mütarikəyə məcbur oldu.

lll

Hərbi-ümumi zatən Almaniya ilə İngiltərənin arasında olan müharibədən ədd edilməlidir. İki müharib zümrələrin əvvəldə birinin başında alman, digərinin İngiltərə durduğu bədihidir. Burada iki mədəniyyət mübarizə ediyordu. Alman sənaət və ticarəti İngiltərə ticarətinə rəqabət etdigi və hər iki mədəniyyətin özü üçün bu bir ərsə aramasilə istehsalatına da satış meydanı bulmaq üçün can atdıqlarından dolayı bu iki millətin faidələri müğayir olurdu.
Almanlar gənc bir millət və olduqca mütəşəbbüs xəlqdir. Onların güvəndikləri zor və qüvvələridi və qüvvətli olduqlarını bütün cahana anlatdılar. İnsafla deyilər isə bu onlar üçün məğlubiyyət degildi, bu onların siyasətinin bərhəm olması idi.

İngilislərin dənizlərə təsahübi bir tərəfdən və yürütdükləri siyasəti, millətlər ilə rəftarı tamamilə başqa bir tərzdə idi. Almanlar bütün müvəffəqiyyətlərini fəqət yumruq qüvvətlərində görüyor, vəqt uzandıqca İngiltərəyə müavinət ediyordu. Müharibənin başında daha zorlu, daha dəhşətli almanın get-gedə yekdigərini təqib edən xətalara uğruyordu. Həp millətləri və ən axırda Amerika kibi müəzzəm bir milləti də öz dəmir yumruğuna qarşı qaldırdı. Amerika hərbə girdikdən sonra Almaniyanın işi fənalaşmağa başlıyor. Almaniya onun müharib bir dövlət olmadığını onun üçün və Avropaya lazımi miqdarda əskəri qüvvə çıxarmaz zənn ediyor idi. Bunlar həp yanlış oldu. Almanlar təsəvvüratlarında xətalı siyasətlərində də əsla nəzakət bilməz olduqlarıyçun dost və düşmənlərini özlərindən incitmişlərdi. Türklərə qarşı yürütdügü siyasətdən dolayı hətta türk məhafilində də nifrət qazanmağa başlamış idi. Qafqasiya məsələsində Almaniyanın siyasət yaramazlığı meydana çıxdı.

Onun Estlandiya, Turliyandiya, Yiflıyanda və işğal etdigi başqa məmləkətlərdə yapdığı hərəkəti eynilə türklər də Qafqasiyada öz irqləri üçün yapmaq istərlərdi. Lakin burası Almaniyanın keyfinə müğayir gəliyordu. Hətta Azərbaycanın kəndisinə ittixaz etdigi paytaxtını gizlicə bolşeviklərə vermək istədi.

İləridə ərz etdik ki, Türkiyənin hərbə girməkdən məqsədi Rusiya çarizmini sərnigün etmək idi. İştə türk bu məqsədə nail olmuşdu. Ona binaən də sülhü əvvəlcə yapmaq lazım idi. Çünki Türkiyə üçün artıq məqsədi hərb qalmış idi. Bu da hasil olduğu zamanlarda sülh əqd edilsə idi. Qazanc çox olurdu. Bu babda İttihad və Tərəqqi ricali-dövləti millət tərəfindən tənqid edilməkdədir. Bilməm istənildigi vəqt hərbdən çıxmaq səhl idimi? Buna da vəsait mümkün idi. Ya yox məsələsi məchuldur.

Fəqət hər nədənsə türklər ilə müttəfiqlərinin arası açılmış idi.

Bunu da təsviyə üçün Tələt Paşa Berlinə əzimət etdi. Oradan da döndügi kibi sülhə girişmək tərəfdarı olduğunu göstərdi. Məlum oluyor ki, yolda Avstriyanın və Bolqariyanın əhvalını Tələt Paşa ep iyi tədqiq etmiş imiş.
Bu zamanda idi ki, Bolqariyada qarqaşalıq başladı, əskər dönüklük göstərdi. Düşmənlər Bolqariyayı sıxışdırmağa başladı. O da bütün cəbhəxanasını anbarlara qoyur, onu da müttəfiqlər kontrolu altına veriyor. Böyləliklə, Türkiyənin Mərkəzi Dövlətlər ilə münasibatı qət oluyor. Digər tərəfdən də Avstriyanın da halı bərhəm oluyor, xəbərləri gəliyordu. Şu sırada idi ki, Almaniyanın özündə də daxili hərəkətlər çıxdı. Artıq Almaniya da kəndi zəifini və müvəffəqiyyətsizlikligini etiraf etməliydi. Zatən böylə müvəffəqiyyətsizlik bu gündən degil, ta almanların Paris üzərinə hücum etdikləri zaman arxalarına baxmadan pək məğruranə Fransa paytaxtına zərbə endirməgə çalışdığı zaman meşəyə gizlənmiş fransız ordusunun onları yardığı gündən başlanmış idi.

Bu yarışdan başlayaraq gündən-günə ricət davam ediyor. Nəticədə bugünki hal meydana gəliyor.
Nəhayət, Almaniyanın özündə hökuməti sıxışdırmağa başlıyorlar. Üsuli-idarənin dəgişməsi, hökumət məmurlarının məsul olması məsailindən mübərra qalmış Almaniyada parlamentarizm başlıyor. Az bir zamanda millət özü öz idarəsinin başında müntəxəb kişilər qoymaq arzusuna düşüyor. Almaniya halı Türkiyəyə də təsiri-nüfuz ediyor. Türkiyə də daxili təşkilatı yolunda olmadığından onları müntəzəm etmək üçün çalışıyordu. Bu zamanda idi ki, burada da hökumət böhranı başladı. İstefa vermiş hökumət əvəzinə yeni bir hökumət gəldi.

Ta Tələt Paşa kabinəsi getməmiş Avstriya hökuməti münfəridən müttəfiqlərə sülh təklifini etmişdi. Hətta fransızlar da öz müvəffəqiyyətlərini bildiklərinə "Klemanso bu notanın cavabını keçmiş nitqində vermişdir" demişlər. Avstriyanın bu müraciəti etinasız qalmışdı. Ondan sonra Vilsonun nitqləri əsnasında sülh şəraiti həqqində anlatdığı 14 maddəyi almanlar da təsvib edib müttəfiqən tərəfi-müqabilə mütarikə təklif etmişlər idi. Bu maddələrin 13-cüsündən böylə seziliyor ki, türklər məskun olan yerlərdə tam hakimiyyət onların, türklərdən qeyri olan millətlər ayrı hökumət quracaqlar.

Bunun üzərinə Vilson nitqində 4 maddədən ibarət bir şey də əlavə ediyor ki, heç bir millət üçün bir dövlət təbəəligindən çıxıb digərinə keçmək olmaz.

Alman və Avstriyanın müraciətinə Vilson cavab verməyib sonra anlatdı ki, Almaniyada imperator olduqca mütarikə olmayacaqdır. Onun üçün Qeysər təxtdən əl çəkdi. Vəliəhd də qəbul etmədi.

Baxıyorsunuz ki, hər yerdə hökumət böhranı sühulət kəsb edərsə Türkiyədə nədən isə bir az çətinlik ilə oluyor. Burada bir də parlaman böhranı oldu. Səbəbi də o idi ki, parlamanda külliyyətli bir firqə təşəkkül ediyor, bunun bir müxalif firqəsi yoxdur. Onun üçün də İttihad və Tərəqqi firqəsi şübhələndi, tez bir zamanda "Hürriyyətpərvəran" firqəsi meydana gəldi. Hamısı buna bəyani-etimad etdi. Ümumi sülh müzakiratını təklif etmək mümkün degildi. Almaniya ilə müttəfiqlər arasında israr ediliyor. Türkiyə ilə də Almaniyanın əlaqəsi kəsilmiş idi.
Yeni parlamanda proqramı başında bütün dağınıq ordunu toplamaq Qafqasiyayı boşaltmaq, almanların Türkiyədən getməsi, siyasi cinayətkarların, sürgünlərin vətənə ovdəti müsaidəsi və bir çox böylə maddə qəbul etdigi kibi boğazların şimdilik müttəfiqlər dövlətlər və Amerikanın təhti-işğalında qalmasını qəbul etdi.

Bu ancaq mütarikədir və ümumi konfransadək hökmü vardır. Siyasətdə cilvələr pək müxtəlif ola bilər. Kim diyordu ki, iki ay əvvəl Paris üzərinə yürüyən o möhtəşəm ordu birdən-birə böylə məğlub bir halə düşəcəkdir. İki ay əvvəlki halət böylə bir vəziyyətə təbəddül ediləcəkdir. İmdidən də gələcək xüsusunda bir şey söyləmək imkan xaricindədir. Firəng və İngiltərə, Amerika ordusu Batum təriqilə gəlib Qafqasiyadan keçəcəkdir. Ola bilsin ki, gəlib buradan da keçsinlər, yaxud buranı özlərinə bir əsülhərəkə qərar verəcəkdir.

Bunu da zənn etmək olmaz ki, bu gün bütün cahanın 14 maddələr ilə hüsni-təvəccöhini qazanmış Vilson ümumi iğfal etmək üçün bir bilöf yapıyor. Yəqin ki, o da bu gün bir qüvvət qarşısındadır. Hər şeydən daha qüvvətli olan millətlər hüquqi bir cəmilə yapmaq üçün tədil və təfsirlər ola bilər. Lakin bu prinsiplər bütün-bütünə məhv olar fikri doğru degildir.

Bolşevizm bir yorğunluq fikridir. Millətlərin hüquqi-mədəniyyəsi fikri də bu yorğun və parçalanmış Rusiyadan doğdu. Əgər bu sosializmənin əsaslarından biri olan bu maddə cahil Rusiyada məsxərə şəklində oldusa da artıq Avropanın yarısı bununla müstövli olmuşdur.

Şübhəsiz bu qədər qan tökmənin bir nəticəsi, bir səmərəsi olacaqdır. O səmərə də bəşəriyyətin, insaniyyətin, millətlərin yekdigəri hüququnu tanıyan "Cəmiyyəti-Əqvam" təşkil edəcəkdir.
Onu da bilməlisiniz ki, bu şüar böylə nahaq qan tökməkdən bıkmış, yorulmuş bütün bəşəriyyətin nəticeyi-əfkarıdır.

İştə onun üçün xəlqimiz də öz hökumətləri arxasında dursunlar, həqqi-hüquqa layiq olduqlarını isbat etsinlər. Bu da macəra yapsınlar demək degildir. Maddətən tabe olmaq mənən də tabe olmaq degildir. Gələnlər də bizdəki intizamı, bizdəki birligi görüb hörmət etmək məcburiyyətində olacağı aşkardır. Ondan maəda şəhərimizə gəlmək istəyən ordu bir paraları kibi təkrar qarqaşalıq salmaq üçün gəlmiyor, onlar gəlib buradan gedəcək və Rusiyayı toplayacaqlar.

Burada hökumətin qaim olduğunu gördükdən sonra onlar bizə riayət edər. Bizim hökumət də o hökumətə etilaf edə bilər. Bunun üçün xəlqimiz də özünü toplayıb təşkil etdigi hökumətə müavinət etməlidir. Həyəcanə imkan yoxdur. Məyusiyyətə gəlməz, cürəbəcür küçələrdə danışılan sözlərdən artıq təşvişə düşülməsin. Vəzifəmiz kəndi idarəmizi müdafiə etmək olacaqdır. Yarından parlaman adından lazımi yerlərə müraciət edilir. Teleqraflar çəkilir, öylə olmaz ki, bu gün hər millətin öz kökü üstə bitməsi tərəfdarı olanlar bir dövlət rəisi, yaxud mədəni Avropa cümlənin səsini eşitdigi halda bizləri eşitməgə qadir olmasın, yaxud ümumcahanı iğfal etsin. Bu gün Avropayı millətlərin həqqi-hüququnu tanımağa məcbur edən yarınki məhkəməyi-kəbirada yəqin ki, orada bizim də həqqimiz aranılar. Biz də istədigimizə nail olarız. Bu gün millətlər hürriyyəti tərəfdarı olanlar da ədalətsizligin zirvəsinə qalxıb da bir şey yapamazlar ("525.az").

Tarix
2014.01.30 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev 10 sərəncam, 7 fərman imzaladı

Dövlət qurumundan qarpız alanlara - Xəbərdarlıq

Nazir Qusara gedir - Qəbul

Bakıda ağac “qətliamı”: sakinlər etiraz edir - Foto

7 çəki balığına görə 462 manat ödəyəcək

DİN işçi axtarır

Bakıdan Batumiyə avtobus reysi yenidən açılır

Bakı AŞPA üçün çox önəmlidir – Deputat

DGK-da texniki nəzarət vasitələri ilə bağlı seminar - Foto

Prezident Rövşən Əkbərovu təltif etdi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla