"Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən
nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusu,
yanğınsöndürən balon və qəza-duracaq nişanı olmalıdır.
Bunu APA-ya
açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib. O bildirib ki, dərman
qutusu avtomobildə olmasa, sürücü məsuliyyətə cəlb olunur:
"Əgər həmin qutu avtomobildə olmasa, cərimə yazıla bilər. Digər
vasitələrlə bağlı isə protokol tərtib edilməsi nəzərdə tutulmayıb.
Lakin vətəndaşlar cərimə yazılmasından çox, həmin vasitələrin
avtomobildə olmasının vacibliyini başa düşməlidir. Sürücülər
müəyyən məbləğdə cərimə ödəməkdənsə, həmin vasitələrdən istifadə
etməyi bacarmalıdırlar. Bütün bunlar "Yol hərəkəti haqqında" qanun
və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Necə ki, hava
şəraitindən asılı olmayaraq sürücü avtomobilin işıqlarını və nömrə
nişanlarını təmizləməlidir, elə də bütün bunlar avtomobillərdə
olmalıdır. Yanğınsöndürən balonla bağlı bəziləri deyir, sprey
olmalıdır, bəziləri deyir, toz formasında olmalıdır. Yanğını nə
söndürə bilər - bunu da mütəxəssislər bilir. Hansı vasitə ilə
yanğını söndürmək mümkündür, ondan olmalıdır".
V.Əsədov qeyd edib ki, yol polisinin məqsədi cərimə yazmaq
deyil.
"Biz istəyirik ki, bu qanunlara əməl olunsun. Yol polisi
gündəlik reydlər zamanı bu məsələyə diqqət edir. Əgər kimsə boş
qutu alıb qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman
sürücü özünü aldadır. Bundan əlavə, sürücülər həmin vasitələrdən
istifadə qaydalarını da bilməlidirlər. Bu qaydaları bilən kifayət
qədər sürücü var. Bunu inzibati xəta kimi qələmə vermək lazım
deyil. Bu qaydaları hər kəs bilməlidir və buna əməl etməlidir.
Ajiotaj formasında yazırlar ki, yol polisi sürücüləri cərimələməyə
başlayacaq. Onsuz da hər bir yol polisi xidmət göstərdiyi
ərazilərdə bu məsələyə diqqət edir. Biz bilirik ki, əksər
maşınlarda bu vasitələr yoxdur. Bunun olmasını, həmin vasitələrdən
istifadə olunmasına üstünlük verilməsini təbliğ etmək istəyirik", -
o vurğulayıb.
V.Əsədov bildirib ki, əgər həmin dərman qutusu avtomobildə
olmasa, cərimə yazıla bilər:
"Cərimənin məbləği 5 manatdır. Ötən il ərzində təbliğat
xarakterli reydlər keçirmişik və 30-a yaxın protokol yazmışıq.
Bəzən jurnalistlər elə formada yazırlar ki, elə bil, kimsə dərman
qutusu, yanğın söndürən balon satmaq istəyir. Lakin bu düzgün
yanaşma deyil. Biz demirik ki, sürücü həkim olsun. Lakin bu
qaydalara əməl edilməlidir. Düzgün göstərilən ilk tibbi yardım
xəstənin tez sağalmasına xidmət edir".