Qızımla Elməddin 2013-cü
ildə tanış olub.
Axar.az xəbər verir ki, bunu Qubada istirahət mərkəzində
sevgilisi Elməddin Əhmədov tərəfindən öldürülən Könül Zalovanın
anası deyib. Fəridə Zalova Publika.az-a geniş müsahibəsində
bildirib ki, qızı evli olub, bir oğlu var: "Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsini bitirib. Əvvəllər
işləyirdi, yaxşı maaş alırdı. Avtomobili də həmin vaxt almışdı.
Maşını almaq üçün atası da kömək etmişdi. Könülün şəxsi mənzili
də var, kirayə vermişdi. Elməddinlə də telefon mağazasında tanış
olublar. Elməddinin anası əvvəllər müəllimə işləyib, atası isə
vəfat edib".
Onun sözlərinə görə, gənclərin tanışlığından az sonra Elməddin
küçədə qarşısına çıxıb: "Ədəbsiz şəkildə dedi ki, qızını istəyirəm,
evlənəcəyəm, ona yaxşı baxacağam. Sonra həyatından danışdı, dedi,
boşanıb. Demə, Elməddin bizə yalan danışırmış, arvadından
boşanmayıbmış, iş hələ məhkəmədəymiş. Dedi ki, boşanmasına səbəb
arvadının hepatit olmasıdır. Sonra da arvadı haqda nalayiq sözlər
danışdı. Sözünü kəsib dedim ki, "Elməddin, arvad xəstə olanda
boşayırlar? Bəs azyaşlı uşağına, ona kim baxacaq?" Uşağından da
imtina etmişdi. Buna görə xoşum gəlmədi, ailə qurmalarına razı
deyildim. Ancaq qızımdan əl çəkmirdi, mobil nömrəsinə, evimizə zəng
edirdi".
F.Zalova Elməddinin qızını evdən bayıra çıxmağa qoymadığını və
hədələdiyini söyləyib: "Dəfələrlə gecə həyətə gəlib, maşınının
nömrəsini açıb götürmüşdü ki, qızım heç yerə gedə bilməsin. Qətldən
2-3 gün əvvəl də Könülü hədələyib. Qızım axşam rəfiqəsigildən
gəlirdi. Elməddin zəng edib hədələdi ki, maşının nömrəsini açıb
götürəcək.
Qızım gecə tələsik avtomobilini qarajımıza aparmağa çıxdı. Sən
demə, oğlan həyətdə onu güdürmüş. Könül zəng edib həyəcanla dedi
ki, mama, Elməddin dalımca gəlir. Özünü evə zorla, təngnəfəs
çatdırdı. Yaman qorxmuşdu. Elməddin ona çata bilməmişdi..."
F.Zalova qızına bir neçə dəfə təklif edib ki, onu qarabaqara
izləyən Elməddindən polisə şikayət etsin: "Amma Könül razı olmurdu.
Bir neçə dəfə qızımdan borc pul alıb. Deyirdi ki, ana, əgər
Elməddini polisə versək, aldığı pulları qaytarmayacaq. Könülə deyib
ki, alverə başlayır, pulları qaytaracaq".
Qadının sözlərinə görə, Könül Elməddinə inanaraq dəfələrlə
anasından, atasından və qardaşından borc pul alıb: "Ümumilikdə, 15
min manata qədər borc götürüb. Bu da bir yana, Könülün maşınını
satmaq istəyirdi. Qızımın qızıllarının bir hissəsini "Lombard"a
qoyaraq pul götürmüşdü. Təxminən 8 min manatdır. Borc kağızları
qızımın avtomobilindən tapılıb".
Ana qızı ilə sonuncu dəfə yanvarın 13-də, gecə saat 12-də
telefonla danışdığını xatırladıb: "Ad günümü təbrik etdi. Dedi,
səhər evdə olacaq, doğum gününü restoranda qeyd edərik. Səsini
sonuncu dəfə onda eşitdim. Həmin gecə oğlu Fəridlə də telefonla
danışdı. Sonra oğlu ilə mesajlaşıb, sabah saat 5-də evdə olacağını
deyib.
Saat 5 oldu, amma Könül gəlib çıxmadı. Gecə saat 11-də narahat
oldum. Dedim, yəqin nəsə oldu ki, gəlib çıxmadı. Sən demə, son
mesajları yazan Könül yox, Elməddinmiş..."
F.Zalova qeyd edib ki, yanvarın 15-nə keçən gecə polislər
qızının meyitinin iki gündür morqda olduğunu bildiriblər: "Elməddin
qızımı öldürdükdən sonra açarla avtomobilin qapısını açaraq bəzi
sənədləri götürüb. Onların kəbini vardı, kəbin kağızı da yoxa
çıxıb.
"Retro" otelinin administratoru ilə söhbət etdik. Bildirdi ki,
hadisə yanvarın 13-dən 14-ə keçən gecə baş verib.
Elməddin yanvarın 14-də səhər oteldən çıxıb. Administratora
sərhəd buraxılış məntəqəsinə getdiyini deyib. Bildirib ki, onunla
gələn qız oteldə qalacaq: "Könül yatıb, yuxudan duranda nə lazım
olsa verin, yeməyini gətirin". Qızımı öldürdükdən sonra onun
telefonunu götürüb, şəkilləri internetdə yayıb ki, övladımı
ləkələsin.
Otelin mühafizəçiləri Könülün uzun müddət oyanmamasından
şübhələniblər. Cavab gəlməyəndə ehtiyat açarla qapını açıblar. Bu
zaman Könülün öldürüldüyünü görüblər.
Elməddin Könülü dəsmalla boğub. Kondisioneri də söndürərək
pəncərələri açıb ki, meyitin iyi ətrafa yayılmasın. Televizorun da
səsini qaldırıb ki, guya qız hansısa verilişi izləyir..."
F.Zalova Elməddinin bu qətli tamah məqsədilə törətdiyini deyib:
"O, Könülü qətlə yetirib ki, pulları qaytarmasın. Saxlanılan zaman
üstündən 5 şəxsiyyət vəsiqəsi çıxıb. Bir şəxsiyyət vəsiqəsini isə
oteldən tapıblar. Bununla yanaşı, Elməddin aliment ödəmədiyinə görə
son günlər axtarışa verilibmiş".
Qeyd edək ki, K.Zalova yanvarın 15-də öldürülüb və qatili
E.Əhmədov həbs olunub. Hadisə Qəçrəşdəki "Retro" istirahət
mərkəzində baş verib.
Könülün atası Zülfi Zalovun Sumqayıt Dövlət Universitetində
müəllim işlədiyi deyilir.