Azərbaycan Nazirlər Kabineti
"Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi,
onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi
Qaydaları"nın təsdiq edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan
Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay
ərzində orta aylıq gəliri müəyyən səbəblərdən hər bir ailə üzvü
üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr
ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq
məbləğində sosial yardım almaq hüququna malikdirlər. Yardım almaq
hüququ verən səbəblər ailə üzvünün əmək qabiliyyətini itirməsi,
əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına
çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa
qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani
təhsil alması, Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz
kimi qeydə alınması;
Ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin
düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan
məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmamasıdır.
Yardım üçün müraciət elektron formada və ya kağız üzərində edilə
bilər.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən
2 il müddətinə təyin olunur.
"Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması
zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda, sosial yardım üçün
müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin
orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər
və ya məcmusundan yuxarı olduqda, sosial yardım üçün müraciətdən
əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq
edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı
etdikdə, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat
vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün
verilmiş nəqliyyat vasitələri istisna olmaqla), ailənin əmək
qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq
Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən
imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar
müraciəti əsasında 1 (bir) aydan sonra baxılır), ailənin adambaşına
düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği
ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox
olduqda, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni
təyinatlı daşınmaz əmlak olduqda yardımın verilməsindən imtina
edilir.
Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və
ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və
nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi
həmin halın baş verdiyi gündən dayandırılır.