Novruzun atributlarından biri də gənc qızların gələcək
taleləri ilə bağlı müxtəlif inancları sınaqdan keçirməsidir. Bu
bayramda subay qızlarımız fallar açmaqla bəxtlərini yozmağa
çalışırlar.
Yazar xanımlar Axar.az-a vaxtilə açdıqları Novruz fallarından
danışıblar.
Rəbiqə Nazimqızı:
"Heç vaxt ciddi yanaşmamışam fal söhbətlərinə, amma əyləncəlidir
deyə, istifadə eləmişəm - xoş zarafat kimi. Yeniyetmə vaxtlarımda
yatmazdan öncə kökə yediyim olub, amma yuxu görməmişəm. Bu günlərdə
işdə yenə üzük falını təkrarladıq. Çox əyləncəlidir, zarafatlaşırıq
belə proseslərdə. Adamın eyni açılır. Qulaq falına çıxdığım da
olub, amma həmişə də qeyri-müəyyən söhbətlər eşitmişəm. Ya da
beynim həmişə alternativlərlə işləyir deyə, eşitdiklərimə müxtəlif
yozum vermişəm və sonda da demişəm ki, nə olacaqsa, olacaq. Amma
bir neçə il əvvəl çərşənbə axşamı gördüyüm bir yuxu olub ki, hələ
də onu yoza bilmirəm. Bilirəm ki, nəsə nəticəsi mütləq olacaq".
Çinarə Ömray:
"Universtetə hazırlaşırdım. Qızlarla qonşuya qulaq falına
getdik. Hərə özünə lazım olan cümlələri eşitdi. Sıra məndə idi.
Allah haqqı, az qala yarım saat qulaq asdım. Elə bil, zalım uşağı
bütün ölüləri yarım saatlıq sükutla yad edirdilər. Səsləri də
çıxmırdı. Axırda televizor bu sakitçilikdi bezib dilləndi ki,
"Beko, bir dünya markası". Elə bil, evdən kimsə onun üzünə
tərs-tərs baxdı, o da səsini kəsdi. Heç zad! Gəlib nənəmdən
açmasını soruşdum. Nənəm dedi ki, bala, bunun açması bizim dövrə
aid deyil, ona görə də cavab verə bilmərəm. Hələ də o cümlənin
açılmaması beynimdə qalıb. Bilən varsa, yozsun..."
Sevinc Elsevər:
"13 yaşım olarkən əmim qızlarına qoşulub Novruz fallarından bir
neçəsini sınaqdan keçirmişəm. Sonra böyüdüm, fallara həvəs qalmadı.
Əmim qızları duzlu kökə bişirib yeyir, suya üzük sallayırdılar. Mən
isə qapı pusmuşam. Nənəmin danışdığı bir əhvalat da məni çəkindirib
fallardan. Nənəm gənc qız ikən təndirin içinə bir yumurta və
qırmızı-qara mürəkkəb qoyub. Sınamaq istəyirmiş ki, bəxti qırmızı,
ya qara olacaq. Səhər baxıb ki, yumurtaya qara xətt çəkilib. Nənəm
özünü inandırmışdı ki, o yumurtaya görə bədbəxt olub. Bu, mənimçün
çox kədərli əhvalat idi. Atası müharibədə itkin düşüb, nişanlı
olduğu əmisi oğlunu qatardan vurub salmışdılar. İki körpəsini
itirmişdi. Əri isə - yəni babam çox erkən yaşında vəfat etmişdi.
Nənəm də bütün bədbəxtliklərinin səbəbini o yumurtada görürdü. Bu
fal söhbəti məni heç açmayıb, inanmasam da..."