"Dünən Elgiz öz verilişində (ANS - red.) ağzına gələni
danışırdı, bu sözlərlə ailəmizi təhqir edirdi, çox əsəbiləşdim.
Mənim oğlum ora sığınacaq almağa-filan getməyib, əsgərlik vaxtı
xəstələnmişdi, ona görə borc-xərc etdik, müalicəyə getdi. Bu dəqiqə
borcun içində batıram".
Bu sözləri Almaniyada vəfat edib Azərbaycana gətirilməsi üçün
qohumları axtarılan Natiq Quliyevin atası Əli Quliyev "Axar.az"a
dedi. Mərhumun atası ilk olaraq mətbuatdan gileyini dilə gətirdi,
sonra isə mərhumun Almaniyaya necə getməsini danışdı:
"Özümüz Salyan rayonu, "Dəmiryol Stansiyası" adlı qəsəbədə
yaşayırıq. Bu gün internetdə gedən xəbərlər məni çox əsəbiləşdirib,
çox həyəcanlandırıb. Heç kim düz informasiya verməyib; oğlum ora
müalicəyə getmişdi. Natiq il yarım əsgər olub, vətənə olan borcunu
yerinə yetirib, sonra könüllü hərbi xidmətə gedib, Gədəbəydə xidmət
eləyib. Gəlib deyirdi ki, ata, bizim qadınları tankın lüləsinə
bağlayırlar...
Gələndən sonra burda gizirliyi oxuyub yenidən Tərtərə (N saylı
hərbi hissəyə) qayıdıb, qaynar nöqtədə qulluq eləyib, sinəsini
düşmən gülləsinin qabağına verib. Amma bir az sonra orda onu həbs
eləyib 4 il cəza verdilər, guya özbaşına işi buraxıb. Sonra
sağ-salamat çıxıb gəlib evə. Təxminən, 2004-2005-ci illərdə olub bu
hadisələr.
Dünən Elgiz öz verilişində (ANS - red.) ağzına gələni danışırdı,
bu sözlərlə ailəmizi təhqir edirdi, çox əsəbiləşdim. Mənim oğlum
ora sığınacaq almağa-filan getməyib, əsgərlik vaxtı xəstələnmişdi,
ona görə borc-xərc etdik, müalicəyə getdi. Bu dəqiqə borcun içində
batıram.
Həkimlər oğlumu daha da pis vəziyyətə saldı
"Meqaplaza" klinikasında Şəkərov familiyalı həkim oğlumu
əməliyyat eləyib daha da pis günə qoydu. Belindən müalicə alırdı.
Danışmalı deyil e, mənim dərdim! Orda oğlumu doğrayıb şikəst
eləyəndən sonra atdı bir tərəfə, yanına da gedəndə məni hədələyir
ki, hələ sənə hörmət eləmişəm, sənin özünü də itirərəm.
Borc-xərc eləyib İrana göndərdim dəfələrlə, getdi müalicə aldı,
gəldi, xeyri olmadı, sonra yenə borc-xərc elədi, özü getdi
Almaniyaya. Bir də xəbəri gəldi ki, ordadır...
Canından bezmişdi
Keçən ilin noyabrının 25-də gedib Almaniyaya. Orda heç kimi
yoxdu. Xəstəliyi çox ağır idi, altını batırırdı, yaşaya bilmirdi,
canından bezmişdi, burda bütün klinikaları gəzdi, ancaq baxan
olmadı.
Evlənə də bilməmişdi oğlum. (Üzr istəyirəm, sidiyini saxlaya
bilməyən adam necə evlənsin?!)
Özümü öldürəcəm
Yaşlı adamam, 64 yaşım var, qanun-qaydanı yaxşı bilmirəm, sağ
olsun ordakı Azərbaycan uşaqları, pul yığıb qoymayıblar cəsədi
yandırmağa. Ordakı həmyerlilərimizdən biri ilə əlaqəm var mənim,
deyir, sabah, ya da birisi gün göndərməlidilər meyiti.
Meyiti gözləyirəm, oğlumu torpağa basdırandan sonra özümü də
öldürəcəm, benzin töküb yandıracağam. Belə yaşamaq istəmirəm…
Oğlumun ölümündən özlərini reklam edirlər
Oğlumun ölümündən özlərini reklam eləyirlər televizorda. Elgizə
(ANS – red.) zəng vururam, müavini götürür, mənlə danışmaq istəmir,
deyir, sən söz güləşdirirsən bizlə. Sözümü ağzımda qoyub telefonu
söndürürlər, belə də haqsızlıq olar?!
Mənim oğlum ölüb, içim parçalanır, onlar reklam güdürlər, belə
insanlıq, belə müsəlmanlıq olar?!"
Xatırladaq ki, fevralın 10-da Almaniyada vəfat edən 34 yaşlı
Salyan şəhər sakini Natiq Quliyevin cəsədinin Almaniya hökuməti
tərəfindən təhvil verilməsi üçün mərhumun yaxınlarının axtarışa
verilməsi barəsində məlumat yayılmışdı.
Almaniyada yaşayan güneyli soydaşımız Farzin Qarehçuların
"Axar.az"a verdiyi məlumata görə, Natiq Quliyev Zirndorf şəhərində
vəfat edib. Almaniya hökuməti mərhumu kimsəsiz hesab etdiyindən
onun cəsədini yandırmaq haqda qərar qəbul edib. Lakin bundan xəbər
tutan Almaniyada məskunlaşan həmyerlilərimiz mərhumun yaxınlarını
taparaq cəsədi dövlətdən təhvil alıb və Azərbaycana göndərmək üçün
müəyyən məbləğ toplayıblar.