Aprelin 5-də Qafqaznews.az saytında "Bir azərbaycanlının
Türkiyədə yaratdığı "Qurdlar Vadisi" – ARAŞDIRMA" başlıqlı yazı
dərc olunub. Yazıda Musa Konak, Münir Boztəpə, Celal Zafer, Yusuf
Konu və Ali Gergin adlı türkiyəli iş adamlarının Füzuli Aslanlı
adlı şəxsdən şikayətləndiyi qeyd olunurdu.
"Mən Azərbaycanı və azərbaycanlı qardaşlarımı çox sevirəm. Hər
zaman Azərbaycandan olan qardaşlarımla ortaq iş görməyə maraqlı
olmuşam. Mənim qızım da, bu günlərə qədər Azərbaycan Tibb
Universitetində təhsil alırdı. Lakin mənim 400 min dollar pulumu
mənimsəyən şəxslər öz haqqımı tələb etdikdə məni qızımla təhdid
etməyə başladılar. Bu təhdidlərdən narahat olaraq, qızımı dünən
Türkiyəyə gətirdim, onun Bakıdakı təhsili də yarımçıq qaldı. Füzuli
Aslanlı adlı fırıldaqçının yanında 18.03.1992 -ci il təvəllüdlü
İmişli sakini Məmmədov Elton Yaqub oğlu, 10.10.1961- ci il
təvəllüdlü Naxçıvan sakini Həsənov Hüseyn Həsən oğlu və Fizuli
Aslanlının qohumu Azər adlı şəxs məni və mənim ailəmi öldürməklə,
qızımı oğurlayıb başına oyun açmaqla məni təhdid edirlər", - yazıda
bildirilib.
M.Konak söhbətində Füzuli adlı şəxsin müxtəlif illərdə saxta
pasport düzəltdirdiyini, gah Füzuli Məmmədov, gah Füzuli Mehdiyev,
gah da Füzuli Aslanlı soyadlarından istifadə edərək, sayı 25-30
arası türkiyəli iş adamlarına 30 milyon dollardan çox pul
"atmasından" söz açıb. M.Konak bildirib ki, Füzulinin aldatdığı bir
neçə iş adamını da tapıb, onlar da polisə müraciət ediblər, lakin
onu məsuliyyətə cəlb etmək mümkün olmayıb:
"Polis baxıb ki, bunun sənədində soyadı Aslanlıdır, Mehdiyev
deyil. Digər tərəfdən, müxtəlif şirkətləri oyuna salmaqla, özü
kənarda qalıb. Bir çox adama da yerli vətəndaşla rəsmi nikaha girən
həyat yoldaşı Aygün Kara adından çeklər verib, amma həmin çeklər
boş çıxıb. Onun Türkiyədə 12 yaşlı Hüseyn Kara adlı oğlu da var.
Özü dəfələrlə məhkəmə yolu ilə Azərbaycanda ad-soyadını dəyişdirir,
sonra bura gəlib, kirə tutduğu bahalı avtomobillər, şıq geyimlərlə
insanları aldadır.
Pasport məsələsində ona Naxçıvanda yüksək vəzifəli polis məmuru
Sabo adlı birinin yardım etdiyini öyrənmişik. Mənim qızımı isə
Elton adlı şəxs vasitəsi ilə təhdid edib".
Xatırladaq ki, əldə olunan məlumata görə, F.Aslanlının Hüseyn
Abdullayev, İsgəndər Xəlilov kimi adamlara da pul atdığı, 11 milyon
dollarlıq mübahisə nəticəsində Elbrus adlı ortağının 6 il əvvəl ona
11 bıçaq zərbəsi vurduğu və hazırda həbsdə yatdığı da sözügedən
yazıda qeyd olunurdu.
Aprelin 5-də yazının dərcindən bir neçə saat sonra, özünü Fizuli
Aslanlının bacısı kimi təqdim edən bir xanım F.Aslanlı ilə mobil
nömrəyə zəng edərək, təhdid və şantajlar səsləndirib. Özünü təqdim
etməyən həmin xanım söhbətdə prezidentin adından istifadə etməkdən
belə çəkinmədi. "Azərbaycanda baş qarışıqdır. Şəhidlərimiz var.
Amma inşallah, Allah qoysa sizə prezidentin yanından zəng
vuracağam. Heç narahat olmayın" – xanım təhdid edib. Yazı saytda
yayımlandıqdan sonra, həmin xanım yenidən zəng etmiş, adının Zeynəb
olduğunu və 24 ildir İmişlidə yaşadığını demişdi. Zeynəb xanım
F.Aslanlının bacısı olduğuna dəfələrlə and içərək, əməkdaşımızla
görüşməyi təklif etmişdi: "Gəlin, görüşək, danışaq. İnanın mənə…
Məndən sizə ziyan yox, xeyir gələr".
Bu günlərdə Qafqaz Xəbər Agentliyi araşdırmalarını davam
etdirərək, məsələdə adı keçən Aygün Kara, Elton Məmmədov və Hüseyn
Həsənov adlı şəxslərin mobil nömrələri ilə əlaqə yaratmağa
çalışmışdı. Aygün Kara dəfələrlə saytın əməkdaşına "mən indi
telefonda söhbət edirəm, 5-10 dəqiqə sonra danışarıq" deyərək,
vaxtı uzadıb və nəhayət telefonunu söndürüb. A.Kara ilə əlaqə
saxlamaq və onun mövqeyini dərc etmək imkanı olmayıb, lakin bu
xanımın F.Aslanlı ilə əlaqələri ilə bağlı redaksiyaya məlumat verən
iş adamları bildirib ki, bu yaxında Mersin şəhərində iş
adamlarından 2 TIR mal alıb pulunu verməyən F.Aslanlı həmin pulla
A.Karanın adına "SS 062 TT" nömrə nişanlı "Cip" alıb.
Şikayətçilər A.Karanın birinci ərindən olan oğlu Emin Karanın da
F.Aslanlının dəstəsində olduğunu bildirdilər. Bundan başqa,
Fizulinin yanında Turan Atəş adlı adam da var ki, Antalyadakı
əlaqələri qurur, onun üçün "ov"lar tapır. Baki Ömrüuzun adlı iş
adamı Qafqaznews.az-a bildirib ki, Füzuli 2011-2012-ci illərdə ona
300 min dollardan çox ziyan vurub və ona tora saldığı İbrahim adlı
başqa bir iş adamının çeklərini verib.
"Mən İbrahimin yanına getdim, gördüm Füzuli onu da müflis edib,
oyuna salıb. O, bir neçə şirkəti bir-birilə bağlayıb fırıldaqlar
işlətməkdə mahir ustadır", –Baki Ömrüuzun qeyd edib.
Həmçinin, əldə olunan məlumata görə, F.Aslanlı telefon söhbəti
zamanı Batumidə olub – həmin ərəfədə o Türkiyə polisi tərəfindən
deport olunmuşdu. Səbəb isə, onun Fizuli Mehti adı ilə saxta TC
pasportu düzəltməsi olub. Bu pasportun seriyası isə məlumat
bazasında 1966-cı il təvəllüdlü, Mersin doğumlu Ömer Yılmazın
adınadır.
Məlumata görə, həmin şəxs F.Aslanlının yaxın adamıdır və onun
avtomobil-mənzil icarəsi işlərində də Ömer Yılmaz adından istifadə
olunub. Onun Türkiyə polisinin əlinə düşməyi ilə bağlı isə maraqlı
əhvalat danışıblar:
"Təxminən iki həftə əvvəl bir qrup iş adamı Füzulini
yaxalayaraq, onu 5 saat ərzində meyvə-tərəvəz soyuducusuna salıb
çıxarmış, pul tapıb verməsini tələb etmişdilər. O isə müxtəlif
vədlər ilə onların əlindən xilas olmuş, pul axtarmaq əvəzinə dərhal
polisə getmişdi. Polisdə isə onun saxta pasportla gəzdiyini biləndə
ölkədən çıxarmağı qərara alıblar".
Musa Konak bu günlərdə əlaqə saxlayaraq, Füzuli Aslanlının
hazırda Naxçıvanda olduğu barədə məlumat aldığını və çox güman ki,
Naxçıvan DİN-də çalışan Sabo adlı dostu və digər tanışları
vasitəsilə yenidən pasport dəyişdirərək Türkiyəyə qayıtmağa
hazırlaşdığını deyib. O, həmçinin qeyd edib ki, bu yaxınlarda qızı
ilə birlikdə Bakıya gələcək və Respublika Baş Prokuroru Zakir
Qaralova bu şəxslərdən (Füzuli Aslanlı, Elton Məmmədov və Hüseyn
Həsənov – red.) şikayət edəcək.
M.Konak onlarda bu şəxslər tərəfindən təhdid və şantaj
olunduqlarına dair səs yazıları və digər sübut olduğunu da
bildirib:
"Biz Zakir Qaralovun qəbuluna düşərək, bu insanların
cəzalandırılmasını xahiş etmək istəyirik. Bizdə olan məlumata görə,
Füzuli Azərbaycandadır. Onun növbəti dəfə pasport dəyişdirib
ölkədən çıxması əngəllənməli və o məsuliyyətə cəlb
olunmalıdır".
"Bizim apardığımız araşdırmalar zamanı, Sabo-Füzuli dostluğundan
maraqlı bir etüdlə qarşılaşdıq. Belə ki, bir neçə il əvvəl
Füzulinun qohumu Hüseyn Həsənov onun Türkiyədəki əməllərindən
vahiməyə gələrək, Naxçıvana qayıtmışdı. Lakin mənbənin sözlərinə
görə, Füzuli ilə çoxdan dostluğu olan Sabo onu tutaraq təcridxanaya
salmışdı: "Yalnız Füzulidən üzr istədikdən sonra, onu azad ediblər
və yenidən Türkiyəyə, öz dəstəbaşısının yanına qayıdıb". Beləliklə,
maraqlı bir sual yaranır: Bir insan nə qədər böyük nüfuza və təsir
dairəsinə malik olmalıdır ki, nə Türkiyədə, nə də Azərbaycanda ona
"dur" deyəcək biri tapılmasın? Mövzu diqqətimizdədir", - sayt
bildirib.