Bu ilin yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mənfəət vergisindən əvvəlki mənfəəti 2 milyon 801 min manata düşüb. Bu da 2024-cü ilin müvafiq dövründəki 3 milyon 393 min manatla müqayisədə 28,7% azalma deməkdir. Bank ilin birinci rübünü 2,28 milyon manat xalis mənfəətlə (ötən ilin eyni dövrünə nisbətən 7,7% az) başa vurub.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bankın aktivləri 2025-ci ilin yanvarın 1-nə olan 730 milyon 362 min manatdan aprelin 1-i tarixinə 560 milyon 082 min manata (23%-dən çox və ya 170,3 milyon manat azalma) düşüb. Cəmi öhdəlikləri isə 28% azalaraq 447,41 milyon manata enib. Göstərilən dövr ərzində bankın nağd vəsaitləri 306 milyon 404 min manatdan 123 milyon 711 min manata qədər azalıb.
Ticarət və investisiya qiymətli kağızlar üzrə əməliyyatları 74 milyon 858 min manatdan 72 milyon 244 min manata düşüb.
İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”nın faiz gəlirləri 8% artaraq 11,54 milyon manata yüksəlib. Faiz xərcləri də 2 dəfədən çox artıb. 2024-cü ilin birinci rübündəki 984,5 min manatdan 2025-ci ilin eyni dövründə 2,01 milyon manata yüksəlib.
Nəticədə bankın xalis faiz gəlirləri 9 milyon 525 min manat olub. Bu da 2024-cü ilin birinci rübü ilə müqayisədə 1,7 faiz azdır. Həmin dövrdə bankın xalis faiz gəlirləri 9 milyon 686 min manat təşkil edib. Göründüyü kimi, bankın faiz gəlirləri artsa da, faiz xərclərinin kəskin artımı səbəbindən xalis faiz gəliri azalıb.
Maliyyə qurumunun depozit portfeli 2024-cü ilin sonuna olan 534 milyon 754 min manatdan 147 milyon 674 min manat azalaraq aprelin 1-i tarixinə 387 milyon 80 min manata düşüb.
320 milyon 602 min manatlıq kredit portfelində vaxtı keçmiş kreditlərin məbləği 32 milyon 236 min manata çatıb. Beləliklə, əgər 2025-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin kredit portfelində çəkisi 9,9% idisə, aprelin 1-i tarixinə bu faiz nisbəti 10,1%-ə yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bankın mart ayında müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi ilə bağlı açıqladığı hesabatda “Yapı Kredi Bank Azərbaycan” ən çox şikayət edilən maliyyə qurumu kimi 3.73 indeksi ilə birinci olub.