"ATEF Şirkətlər Qrupu"nun əməkdaşları 3 aydır maaşlarını ala bilmirlər.
Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a şirkətdəki mənbələrdən bildirilib.
Məlumata görə, 2000 nəfərin çalışdığı şirkətdə 3 aydır məvaciblər ödənmir. Rəhbərlik bununla bağlı işçilərə ciddi bir izah vermir və müxtəlif bəhanələrlə vaxtı uzadır.
Qeyd edək ki, 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun (BTZ) bazasında qurulan "ATEF Şirkətlər Qrupu"nun 9 zavodu və 2000 nəfərdən artıq işçi heyəti mövcuddur. Müəssisə 500-dən çox layihə reallaşdırıb. Mərkəzi ofisi Bakıda yerləşən bu qurum enerji avadanlıqları istehsalı sahəsində fəaliyyət göstərir və müxtəlif ölkələrin enerji infrastrukturuna avadanlıq tədarükündə iştirak edir. Transformatorlar, reaktorlar, paylayıcı qurğular, yarımstansiya komponentləri və dəmir yolu kontakt şəbəkəsi üçün detallardan ibarət məhsullar hazırlayır.
Nazirlər Kabinetinin qərarını pozaraq audit hesabatı vermir
Maraqlıdır ki, bu qədər işçi sayına və zavodlara malik olmasına baxmayaraq, şirkət maliyyə hesabatı vermir. Bu barədə qurumun rəsmi veb səhfəsində audit hesabatına rast gəlinmir. Halbuki, "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, işçilərinin sayı 50 nəfərdən, illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan çox olan istənilən MMC icbari olaraq kənar audit yoxlamasından keçməlidir. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında" Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.
Dövlətə olan borclar, məhkəmə çəkişmələri
Böyük sifarişlərə, layihələrə baxmayaraq şirkət illərdir dövlətə borcları ilə məşhurdur. 2021-ci ildə MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə vergi borcu 6 milyon, 2023-cü ildə 11 milyon manat olub. 2025-ci ilin mayın 1-nə olan məlumata görə, şirkətin hazırda dövlətə 186 min 504 manat borcu qalıb.
Qeyd edək ki, "ATEF Şirkətlər Qrupu"nun təsisçisi və Müşahidə Şurasının sədri tanınmış iş adamı Talıb Əlixanbəyovdur. Qurumun qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur. Şirkətin nizamnamə kapitalı 33892585.00 AZN-dir.