Yuxarı

Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118 B ünvanında yerləşən qalmaqallı mülkün sahibi ilə “Melissa Group” tikinti şirkəti arasında razılıq əldə olunub.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında evin sahibi Həbib Hacıyevin vəkili Ülvi İsmayıllı deyib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar olub, problemin sakit formada, sülhlə həllinə dair qarşılıqlı razılıq əldə edilib: “Artıq mübahisə bitib”.

Vəkil bildirib ki, ev sahibi evin real ölçülərinə uyğun təzminat istəyib, şirkət isə sənədlərdəki ölçüyə uyğun məbləğ təklif etdiyi üçün məsələ bu yerə gəlib çatıb.

“Ərazidəki 20 evdən 17-si sökülüb. Qalan üç evdən biri də budur. Qonşulara kvadratmetr üçün 1800 manat ödənilib. Biz də bu qiymətlə razıyıq. Sadəcə Həbib müəllimin evi sənəddə 480-500 kvadratmetr yazılıb, amma real ölçü 700 kvadratmetrdir. MTK kommersiya marağı güdüb tam məbləği vermirdi. İndi isə evin yekun qiyməti, yəni neçə kvadratmetrin əsas götürülməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Həbib müəllimə kompensasiya ödəniləcək və bununla da məsələ bitəcək”, - Ü.İsmayıllı vurğulayıb.

O qeyd edib ki, qanunvericiliyə əsasən, əgər hər hansı bir kommersiya şirkəti vətəndaşın mülkiyyətini alırsa, real ölçünün dəyəri ödənilməlidir:

“Dövlət ehtiyacları üçün mülklər alınanda isə onun dəyərini müvafiq icra hakimiyyəti məyyənləşdirir. İndiki halda tərəflər yekun qiymətdə razılığa gələcək. Həbib müəllim çox dərinə getməyəcək. O da başa düşür ki, bu vacib məsələdir və razılığa gəlmək lazımdır. Həbib müəllimin istədiyi kompensasiya ödəniləcək”.

Vəkil söyləyib ki, məhkəmə “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun ev dustaqlığına buraxılması məsələsinə baxanda buna etiraz etməyiblər: “Biz buna müsbət yanaşdıq, mübahisə açmadıq. Bu, o deməkdir ki, biz heç kimin həbsdə qalmasını istəmirik və məsələnin danışıqlarla həll olunmasının tərəfdarıyıq”.

Ü.İsmayıllı vurğulayıb ki, “Melissa Group”a daxil olan “FEBA MTK” Alatavadakı mülkün sahibi Həbib Hacıyevə qarşı qaldırdığı məhkəmə iddiasını da geri götürüb: “Məsələ bu hissədə də yekunlaşmaq üzrədir. Bizim isə məhkəmədə iddiamız yoxdur. “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin sürücüsü barədə cinayət işinə gəlincə, buna məhkəmə qiymət verəcək”.

Beləliklə, Alatavadakı mülk mübahisəsi bitir. “Melissa Group” evin 700 kvadratmetr olduğunu qəbul etsə və hər kvadratmetr üçün 1800 manatdan ödəniş olsa, onda Həbib Hacıyev 1.260.000 manat kompensasiya alacaq.

Əgər tərəflər 500 kvadratmetrlə razılaşsa, onda bu məbləğ 900.000 manat təşkil edəcək.

Xatırladaq ki, hadisə martın 27-də baş verib. “Melissa Group” tikinti şirkətinin sürücüsü Qala Seymur oğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.

Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.

Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.

Tarix
2025.06.05 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Kreml üçün qara gün: Dünya Rusiyaya qarşı birləşdi!

Əliyev Şuşa forumunda Tramp haqda nə demişdi?

Kreml cini buraxdı: Bakının bombalanmasından danışan Z-lər...

Bayramov Gürcüstana getdi

Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi

Tramp Əliyevin Xankəndidəki bu çıxışını paylaşdı - Video

Milli mətbuatın yaranmasından 150 il ötür

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla