Yuxarı

“Ey, bakirə, sənə bağlama var...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türmə əhvalatları" layihəsində

(Əvvəli)

Gülsüm xanım üçün görüşümüzün ən ağır anı başladı. O, həbsinin baş verdiyi anı soyuqqanlı olaraq nəql edə bilmədi. Hərçənd bunun üçün çox çalışdı. Amma səsi titrədi, dodaqları əsdi:

- İşə getməyə hazırlaşırdım. Qapının zəngi çalındı. Anam açdı. Evə bir neçə yad adam daxil oldu. Mülki geyimdəydilər. Evinizdə axtarış olacaq, dedilər. Səbəbini soruşduqda cavab məni şoka saldı:

"Siz narkotik maddələrin yayımında günahkar bilinirsiniz".

İçimdə nə isə qırıldı. Bu, böhtan idi, ünvanı səhv salıblar əminliyi vardı məndə. Eyni zamanda dəhşətli bir qorxu içimdə ilan kimi qıvrıldı. İstər-istəməz ayaqyoluna tərəf getdim. Yekəpər gənc əli ilə tualetin qapısını qapadı, olmaz, dedi. Sonra özü girdi içəri, tualeti axtardı. Üst-başıma baxışları ilə "əl gəzdirdi", acı-acı gülümsədi:

- Keç...

Keçmədim. İçimi sancı doğrayırdı amma. Sən belə şeyləri başa düşərsən, qorxurdum ki, üstümü isladam. Amma özümü yenə də tox tutdum. Axtarış aparıldı. Mənə ən çox pis təsir edən qonşularımızın şahid kimi dəvət olunması idi. Bizi istəyənlər də, istəməyənlər də vardı. Yataq otağını, mətbəxi, qonaq otağını, hamamı, tualeti axtardılar. Dediyim kimi, İrandan gələn, həna, qurudulmuş, limon, parça və bəzi ətriyyatdan başqa əllərinə bir şey keçmədi. Sonra anamla məni polisə apardılar. Qardaşıma zəng etməyi xahiş etdik ki, bilsin. Anamı axşam buraxdılar. Məni isə saxladılar. Həbs olunan adamları mən tanıyırdım və onlar ancaq mənimlə görüşdüklərini, məndən mal alıb pul verdiklərini dedilər. Deyilənlər, düzdür, dedim. Amma mən heç bilmirdim ki, onlara verdiklərim, tiryək, yaxud digər narkotik mallar imiş. Sözsüz inanmadılar. Mənimlə "podelnik" kimi tutulanlar da dedilər ki, inanmırıq bilməsin.

İki gündən sonra istintaqın gedişi və məhkəməyə qədər məni evə buraxdılar. İşə getdim. Hamı təəccüblə üzümə baxırdı, günahkar idim və heç kəsə fikir vermirdim. Kadrlar şöbəsinin əməkdaşı zəng edib məsləhət gördü ki, məzuniyyətə çıxım. Onsuz da əlim işə-zada yatmırdı. Razılaşdım.

3 aydan çox istintaq getdi. Qardaşım maşınını, ticarət obyektini satdı. Dayım kömək etdi. Axır ki məhkəməm baş tutdu və mən təqsirləndirildiyim maddənin ən yüngülü bəndi ilə üç il yarım həbs olundum.

Gülsüm xanım danışır və danışdıqca da gözlərini tez-tez qırpır. Niyə? Bəlkə o günləri gözlərinin qarşısına gətirmək istəmir, kirpikləri ilə qovur? Günəşin şüası üstünə düşür. Yerini dəyişməyi təklif edirəm:

- Stulunu bəri çək, gün səni "vurur".

- Qoy vursun, vurulmuşun qorxusu yoxdur, kaş elə gün işığı vursun, gün görməyənləri, şaxta-sazaq olmasın, – deyir və stulunu da dəyişir. Stəkanını onun qarşısına qoymazdan qabaq çayını təzələyirəm. O isə davam edir:

- İnan, hakimin səsini eşidə bilmədim. Cavan, yaraşıqlı bir xanım olasan və səni gör nədə ittiham edələr. Nə isə, qoluma qandal vurmaq istədilər, hakim qəzəblə çımxırdı ki, etməyin. Məni gətirdilər Şüvəlan türməsinə. "Titanik" adlanan korpusda saxladılar. Kamerada məndən savayı 6 məhbus qadın da vardı. Gözüm qaraldı. Başıma dünya fırlandı sanki.

- Səni pis qarşıladılar? Yer göstərdilər sənə?

- Yox yer göstərmədilər. Qələt edərlər mənə yer göstərərlər, mən öz yerimi yaxşı bilən adamam.

- Axı təcrübəsiz idin, türmə qanunlarını bilmirdin, vəzifə sahibi olmusan, dövlət işində çalışmısan, məmur olmusan. İçəridə pis baxırlar axı beləsinə.

- Düz deyirsən... amma mənə oturmaq üçün yer verib, şponka ayırdılar, dedilər, təmizlik işlərinə növbəliliklə baxırıq. Bilirsən, o qadınlar da mənim kimi yazıqlar idi. Düzdür, biri kriminal aləmlə yaxınlığı ilə tanınırdı, amma heç biri dustaq həyatını özünün həyatının bir hissəsi kimi görmürdü. Bu baxımdan narahatlığım yox idi. Məni ən çox narahat edən türməyə girərkən üstümdə aparılan yoxlanış idi. Çox diqqətlə yoxladılar. Düzdür, qadın nəzarətçilər idi yoxlayanlar, amma özümü təhqir olunmuş kimi hiss edirdim.

- Bu adi bir prosesdir, qanun belə tələb edir, üst-başın yoxlanılmalıdır. Özü də sən elə bir maddə ilə günahkar bilinibsən ki, bu, mütləq lazım idi.

Gülsüm ilk dəfə zəiflik göstərdi. Ağladı. Səsi çıxmasa da, göz yaşları sifəti boyunca iz saldı. Əl dəsmalı ilə gözlərinin yaşını qurutdu. Davam etdi:

- Bilirsən, mən də bilirəm yoxlamalıdırlar. Amma bu nəzarətçi qadınlar, məni təhqir etdilər. Soyun, dedilər. Qapını da bağlamayıblar. Dedim, qapını örtün, güldülər, bura heç kəs gəlməz dedilər. Soyunmaq istəmədim, üstümə çımxırdılar. Nəhayət, qapını örtdükdən sonra üst geyimimi soyundum, "tamam soyun", - dedilər. Bəlkə harandasa narkotik maddə gizlətmisən deyib, özləri mənə əl atdılar. Ağladım, dedim, bu bir yanlışlıq olub. Mən... mən...

Susdu. Yenidən ağladı. Və stəkanda soyumaqda olan çaydan ovcuna süzüb, gözlərinə çəkdi. Tez kənar stoldakılara fikir verdim. Gülsümün ağlaması onlara da sirayət etmişdi. Baxışlarımı tutmasınlar deyə, gözlərini gizlədilər. Gülsüm isə ətrafın fərqində də deyildi. Onsuz da danışdığını heç kəs eşitmirdi.

– Mən narkoman deyiləm dedim. Onlar mənim bədənimdə nə isə axtarmaq istədilər... təkcə onu deyə bildim ki, mən qız uşağıyam, toxunmayın mənə... "Geyin, - dedilər, - sonra da, hörmət elə". Dedim götürün, cibimdən çıxan pul qarşılarında idi. 10 manat götürdülər. Sonra kameradakı qızlar dedi ki, gərək özün 5 manat təklif edəydin... mənə dedilər ki, hələ çox şey görəcəksən, eşidəcəksən...

Gülsüm yenə də səssiz ağladı. Göz yaşlarının dodaqlarına düşənini bu dəfə dili ilə quruladı.

- Məni bilirsən nə dəhşətə gətirdi? Axşam yoxlanışında nəzarətçi qadın "kormuşqa"nı açıb çağırdı: - Ey, bakirə, sənə bağlama var, qəbul elə, bura qol çək. Bilmədim kimi çağırır, tərpənmədim. İçəridə olan qadınlardan biri mənə tərəf döndü: - Səni çağırır...

O gündən mənim ayamam "Bakirə" oldu. Axı sən bilirsən, hər dustağa qoyulan bir ad var...

Ardı var

Tarix
2015.09.17 / 09:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla