"Türmə əhvalatları" layihəsində
(Əvvəli
burada)
Gülsüm xanım nə çəkinir, nə kimsədən ehtiyat edirdi.
Sumqayıt böyük şəhər olsa da, Bakı deyildi. Çay içməyə gələn
insanların demək olar hamısı bizim stola tərəf baxır, günün bu
vaxtında qadının kişi məclisində - çay evində oturmasını qəbul edə
bilmirdi. Hər halda reaksiyalardan bunu duymaq heç də çətin
deyildi.
- Yox, səbirsiz deyiləm. Səndən ötrü bir qədər
nigaranam. Axı burada tək qadın sənsən, bütün stolların arxasında
oturanlar kişidir.
- Nə edək bəs? Mənə bura yaxşıdır. Təmiz havası var. Kimə görəsə
gedib özümü bağlı yerə salan deyiləm ki… Xoşum gəlmir qapalı
yerdən..
Bu onun bir müddət həbsxana həyatı yaşamasından da irəli gələ
bilərdi. O hissləri çox yaşamışam, 10 saylı CÇM-də olanda açıq
havada gəzmək belə mənə əsəb gətirirdi. Tikanlı məftillərlə
qurşaqlanmış hündür daş hasarların o tərəfindəki həyat adama
əlçatmaz görünürdü. "Görəsən orada insanlar indi necə nəfəs alır,
nə düşünür, nə yeyirlər?" - düşüncəsi adamı tərk etmir. Başqa bir
planetdə yaşayırsan, sanki. Qapalı mühitdə qalmaq məni necə
bezdiribsə, indinin özündə belə, lap sərt qış havası olsa da,
maşınımın pəncərələrini açıq qoyuram. O da qala dar bir otaqda,
kamerada olasan, bu, doğurdan da bezdiricidir.
- Hər halda düşündüm ki, adamların stolumuza tərəf
baxması səni sıxır, narahatsan.
- Yox, elə deyil. Mənim üçün burada sizdən başqa heç kəs yoxdur.
Hər kəs öz dünyasının sakinidir. Mənim dünyamın, mənim həyatımın
bugünkü hissəsində siz və bütün ömrüm boyu mənimlə olacaq keçmişim
var. Mən o keçmişlə bu gün də birgəyəm, amma o keçmişi bu gün sizə
danışmağın yolunu arayıram. Düzmü edirəm? Məni tanıyanların hamısı
həbsimin necə baş verdiyini soruşur. Bunu bilsələr belə, sanki
danışmağa başqa mövzuları yoxdur. Hələ istintaqın gedişində
müstəntiq də, hakim də, dövlət ittihamçısı da sual verdi ki, necə
oldu cinayətkar şəbəkənin üzvünə çevrildin. Cavab verdim, danışdım,
heç nəyi gizlətmədim. Qohum, tanış da, qonşu da bildi. Amma
olanların üstünə olmayanları da qoydular, danışmaqdan bezmədilər.
Vicdanları bilər…
Gülsüm xanım danışdıqca stolun üstündəki salfeti
barmağına dolayır, sanki üzük düzəldir, salfetin düyünlənən yerini
üzük qaşına bənzədir, sonra yeni bir salfet götürür, təkrar edir.
Qəfildən gözlərimə baxır. Bu vaxta qədər mən tərəfə baxanda
baxışları çiynimin üstündən uzaqlara dikilirdi.
- Mən yoruldum sizə "siz" deməkdən… gəl belə edək, keçək
"sən"ə.
Bununla da müraciətimizə bir qədər də doğmalıq əlavə
olundu.
- Amma sənə özüm danışacam. Özü də sənin bu yazının qəhrəmanı
tək mən olmayacam, qadınlarımızın hamısı olsun, qoy bu yazıda
onların hər biri öz günahlarını görsün, etiraf etsin…
Gülsüm xanım ətrafa boylandı, yaxın-uzaq stollara nəzər
saldı. Sonra yenə də söhbətinə davam etdi:
- Məni qohumlarım tutdurdu, desəm, yalan olmaz. Mən indi onları
qınayıram, düzdür, amma özümü daha çox qınaq, günah sahibi kimi
görürəm. Heç kəsi məcbur edib nəyəsə təhrik etmirlər. Düzdür,
şirinlikləşdirmə, təsir etmə, aldatma olur. Amma dirəniş göstərib,
zor tətbiq etmə hallarına təsadüf etmədim.
Gülsüm xanımın nə vaxt əsas mövzuya qayıdacağını
gözləmək məni bezdirib artıq. Sözünü də kəsmək istəmirəm. Narazı
qalmağımı isə nə iləsə bildirməliyəm. Amma buna ehtiyac qalmır.
Xanım danışır:
- Demək, mən təhsil şöbəsində işləyirdim, metodist idim. Mənə
hörmət edir, xətrimi istəyirdilər. Şəhərimizdə keçirilən dövlət
tədbirlərinə dəvət olunurdum, bəzilərinin hətta təşkilatçısı da mən
olurdum. Hər kəs məni daha qabaq cərgədə görürdü. Elçilərim qapıdan
boynubükük qayıdırdı, karyeramı quracaqdım. Belə bir vaxtda
qohum-əqrəba da çox olur. Hələ İrandan gələn qohumlarımızı demirəm.
Onlar çox imkanlı idi. Bakıya gəldikdə bahalı otellərdə qalırdılar.
Arada vaxt tapıb bizə də gəlirdilər. Hədiyyə, parça və ətriyyat,
həna və sair gətirərdilər. Biz də onları pis qarşılamırdıq. Tacir
idi qohumumuz, ticarətlə məşğul idi. Bir gün xanımı ilə bizə
gəlmişdi. Mən evdə idim, sağollaşıb işə gedərkən qonağımız dedi ki,
qızım, bu parçanı, filan yerdə adam var, zəng edim, yolunun
üstündədir, ver ona. Yeni gəlmişdilər, rahatsız olmasınlar, deyə
razılaşdım: - Nə olar, çatdıraram, - dedim. Elə də böyük bükülü
deyildi. Apardım, idarənin qarşısında cavan bir oğlanla yaşlı qadın
dayanmışdı. Parçaya baxdılar, dedilər ki, bu nümunədir. Yaxşı
satılsa, deyərəm, gətirərsən. Bunu siz bilərsiz, dedim, mən sadəcə
qohum xahiş etdi deyə gətirdim. Beləliklə, təxminən 3-4 gündən
sonra həmin qadını idarənin qarşısında gördüm. Dedi ki o parçadan
yenə gətir. Dedim, mən alverçi deyiləm, kiminlə danışmısansa de,
gətirsin. Qohum isə artıq iki gün idi ki İrana qayıtmışdı. Evdə
anama dedim, anam dedi, əlaqə saxlasalar, deyərəm. Bir həftə sonra
qapımızı döydülər. Tanımadığımız adamlar 5 top parça gətirmişdi.
Dedilər, bunu sizə göndəriblər, zəng edib aparacaqlar. Beləliklə,
mən özüm də bilmədən iki cinayətkar şəbəkənin vasitəçisinə
çevrildim. Qaçaq yolla gələn parçaları zəng edib həmin qadına
çatdırırdım. Qadın mənə pul verirdi. Mən o pulları parçanı
gətirənlərə verirdim. Üstündən götürüb bizə də verirdilər. Anam
götürürdü, zəhmətimizin haqqıdır, deyirdi. Hər dəfə də verilən pul
maaşımdan çox olurdu. Sonradan gələn qaçaq malların içərisində İran
hənası, xurma da olurdu. Və mən də onları həmin qadına çatdırırdım.
Bizim üçün də bağlama qoyulurdu. Amma satış üçün göndərilən
bağlamalar bizə göndərilənlərdən fərqli rəngdə, ölçüdə olurdu.
Artıq özüm də marağında idim bu ticarətin. İşimlə bir araya
sığmasa da, varlanırdım. Doğrusu, hənaya, ətriyyata görə bizə bu
qədər zəhmət haqqı verilməsi də məni düşündürmürdü. Hər şey yaxşı
idi. Qardaşıma maşın da aldıq. Onun üçün bir ticarət obyekti açdıq.
Evləndirdik.
Çay çoxdan qurtarıb; stolumuzdan nəzərini yayındırmayan gənc
çayçıya işarə edirəm, çay gətirir. Araya sükut çökür.
- Və… - mövzuya qayıdıram.
- Bir müddətdən sonra qohumların zəng kəsildi. Bizə göndərilən
malları gətirənlər də, aparanlar da qeybə çəkildi. Özümüz narahat
olduq. İrana zəng etdik. Qohumumuzla danışdıq, səhhəti, işi ilə
maraqlandıq. Dedi ki, başı bir qədər qarışıqdır, vaxt tapıb
gələcək. Gəlmədi. Əvəzində isə evimizə polislər gəldi. Axtarış
apardılar. İrandan gətirilən hədiyyələri tapdılar, məni və anamı
şöbəyə apardılar. Məlum oldu ki, göndərilən hənanın, xurma
bağlamalarının içində narkotik maddə varmış və biz özümüz də
bilmədən bunun paylaşmasında, yayılmasında iştirakçı olmuşuq.
- Bəs iranlı qohum necə oldu? Həbs
olundumu?
- Yox, o, guya ki indi də axtarışdadır. Amma bu məsələ ilə bağlı
böyük bir dəstə həbs olundu.
Gülsüm xanım onu da dedi ki, qohuma inanması və zəhmət çəkmədən
varlanmağa həvəsli olması onu həbsxanaya qədər gətirib çıxarıb və
bu onu bir an da rahat buraxmır.
- Geridə qalan xoş və qara zolaqlı günlərimə heç qayıtmaq
istəmirəm. Hər şeyi yenidən başlamaq istəyirəm, amma bacara
biləcəmmi?
- Gülsüm xanım, bəs səninlə həbsxanada necə davrandılar,
oraların qayda-qanunlarına necə uyğunlaşdın?
(ardı var)