Gülsüm xanımla sosial
şəbəkədə tanış olduq. Yazılarımı, xüsusui ilə də "Türmə
əhvalatları" silsiləsindən olan hekayətləri oxuduğunu dedi.
Söhbətimiz davamlı olaraq bir neçə dəfə təkrarlandı. Mənə aydın
olan bu oldu ki, bu xanım kimdirsə, türmə həyatına yaxından
bələddir. Onun mülahizələri, mənimlə həmsöhbət olması ürəyimcə idi.
Bir dəfə isə ürəyimdəkiləri virtual söhbətimizdə dilə
gətirdim:
- Siz naşı adama oxşamırsız, deyəsən yaxın
adamlarınızdan həbsxana həyatı yaşayanlar olub.
- Hə, ona bənzər bir şey var, - yazdı. Və əlavə də etdi ki,
istəyirəm siz dustaq qadınların həyatından da yazasız. Onların da
arasında şərlənən, bilməyərəkdən cinayət törədənlər var.
Razılaşsam da, bu işin bir qədər çətin olacağını da dedim:
- Axı mən bunu edə bilmərəm. Mən içəridəki qadınları heç
görmədim. Kiminlə eyni cəza evində oldumsa, onların həyat
hekayətlərini dinlədim, yazdım. Həm də qadınlar haqda yazmaq düzgün
olmaz, onlar özü də buna razılıq verməz.
- Mən sizə kömək edərəm, rahatsız olma, şərti adlarla təqdim
edərsiz.
Razılaşdıq ki, görüşək.
- Münasib vaxt tapan kimi özüm sizə xəbər edəcəm, - dedi.
Və çox keçmədi ki, həmin münasib vaxt tapıldı. Gülsüm xanım məni
Sumqayıt şəhərinə dəvət etdi:
- "Şərq bazarı"na yaxın bir yerdə zəng edərsən.
Nömrəsini də verdi.
Görüşəcəyimiz gün vədələşdiyimiz yerdə oldum. Yol boyu üzünü
görmədiyim Gülsümün çöhrəsini, oturuşunu, duruşunu gözümün önündə
canlandırırdım. Onu gah xeyli yaşı olan, gah da orta yaşlı xanım
kimi təsəvvür edirdim. Bütün təsəvvürlərimdə o yaraşıqlı bir xanım
olaraq gözlərimin önündə olur, mənimlə söhbət edirdi.
Görüş yerinə çatdıqda onu gördüm. Zəng etməyə ehtiyac olmadı. O
da məni tanımışdı, şəkillərimi görmüşdü. Mən isə onun FB-dəki
profilində öz şəkil yerinə solmuş gül şəkli qoyduğunun fərqinə
gördükdə vardım. Bu xanım dolu bədənli olsa da, çox yaraşıqlı idi.
Lakin gözlərindəki qüssə onun sifətinin tamam solğun görüntüsünü
əks etdirirdi. Eynən profilinə qoyduğu şəkil kimi idi. Bu qadın
kədərə bürünmüşdü, sanki. Amma səsində bu heç hiss olunmadı…
Salaqmlaşıb, hal-əhval tutduqdan sonra Gülsüm xanımın təklifi
ilə dəniz sahilindəki çay evlərindən birinə gedəsi olduq.
- Açıq havada oturaq…
Razılaşdım. Çay sifariş verdik. Yenə də söhbət o insanlardan
getdi ki, həyatlarını bilərəkdən və bilməyərəkdən zindanda keçirir,
həyatlarının rəngini qaraya boyayırlar.
Hiss edirdim ki, əsas mövzuya gəlmək istəyir. Elə ona görə də
dilləndim:
- Gülsüm xanım, siz mənə dustaq həyatı yaşamış xanımlarla tanış
edəcəyinizi demişdiz.
- Hə, biri ilə. Lazım gəlsə, tanıdığım bəziləri də var, onlarla
da söhbət edərəm, razılıq versələr, görüşərsiz, - dedi.
Özünü yaxından tanımaq istədim:
- İşləyirsizmi?
Heç yerdə işləmədiyini dedi. Amma bir vaxtlar işləyirmiş, hətta
vəzifə sahibi də olub.
- Mən ali təhsilli müəlliməm. Uzun müddət müəllim, məktəb
direktorunun müavini, şəhər təhsil şöbəsində metodist və digər
vəzifələrdə çalışmışam. Dostlar, əhatəmdə olan həmkarlar, elə
düşünürdüm ki, məni heç vaxt tək qoymaz. Amma sonradan elə
təkləndim ki…
Öyrənirəm ki, subaydır, ailə həyatı qurmayıb. Atası məktəbli
olarkən dünyasını dəyişib. Anasını isə yaxınlarda itiriblər.
Hazırda atasından qalma evdə qardaşı və qardaşının ailəsi ilə
yaşayır. Gəlin işlədiyinə görə qardaşı uşaqlarına baxır…
- Bəs özünüz niyə işləmədiniz? Yaşınız o qədər də çox
deyil, ailə qurmaq…
Sözümü kəsdi:
- Gələn ay 35 yaşım tamam olacaq. Sənə haqqında deyəcəyim qadın
mənəm. 29 yaşım olanda bir səhvimin ucundan bütün karyeramı alt-üst
etdim. Həbs olundum və düz 3 il yarım cəza çəkdim. Ailə qurmağa
gəldikdə isə, yəqin ki ailəm heç vaxt olmayacaq. Dul kişiyə gedib
başqa qadından olan uşağına da baxa bilmərəm. İnanmıram ki,
ürəyimdə sevgi hissləri cücərə bilsin. Belə yaxşıdır. Qardaşımın
balalrı mənə ana deyir. Bibi sözündən çox xoşum gəlir, amma nədənsə
mənə ana dedilər.
- Bəs analarına nə deyirlər?
- Analarını rusca, "mama" deyə çağırırlar.
Təbəssümü də gözəldir. Qardaşı balalrından danışır, amma ana
şəfqəti ilə, ana mehri ilə. Mövzuya qayıdıram:
- Yaxşı Gülsüm xanım, danışın, necə oldu, niyə o səhvi
etdiz? Gənc idiz, gözəlsiz, karyera, yüksəliş…
Armudu stəkanı dodaqlarına aparır. Soyumuş çayı birnəfəsə içir.
Solfetlə boyasız dodaqlarını qurulayır. Ona çay süzürəm. Təşəkkür
edir. Görürəm ki, söhbətə təkan vermək çətin gəlir. Amma
danışır:
- Mən evdə gəlinə də dedim. Dedim ki, tapacam bu adamı və bütün
olanları danışacam. Qoy yazsın. İnan, bütün yazılarının
səmimiliyinə inanmışam. Cəza evlərində olanların əksəriyyəti
günahsızdır… - bir qədər fikrə gedir, sonra əlavə edir: -
Cinayətləri olsa da belə… Sadəcə bizim hüquq–mühafizə işçilərimiz
maraqlanmır, tədqiqat aparmır ki, bu adam necə oldu bu cinayəti
törətdi? Onu nə vadar etmişdi buna? Sosial bəla, əxlaqsız zaman,
imkanlı adamın zəif olana quldar münasibəti və o qədər
bilmədiyimiz, görmədiyimiz səbəblər…
Mən də bir səhvin qurbanı oldum. Amma buna görə mən mütləq həbs
olunmalı idim? Axı gənc idim, təhsilim vardı, işimdə qüsur heç yox
idi. Düzdür, həsəd edənlər, gözü götürməyənlər də vardı. Amma bunun
mənim həbsimə səbəb olacaq tərəfləri yox idi. Lakin işim
dolaşdıqdan sonra, hər gün zəng edib mənə "sabahın xeyir, gecən
xeyrə qalsın" deyənlər yox oldu. İşdən çıxmağımı gözləmədilər,
yerimə keçmək üçün vasitələr axtardılar, adam tapdılar. Həyasızlıq
edənlər də oldu: "Eşitmişəm, işdən çıxırsan, bəlkə danışasan,
yerinə məni qoysunlar, hörmətini də edərik". Dedim, bu vaxta qədər
hansınızdan "hörmət" gözləmişəm?
Gülsüm xanım danışığına ara verdi. Bu dəfə çayı ehmal-ehmal
içdi. İllər öncənin xanım-xatını, vəzifə sahibi olan xanım kimi,
dodaqlarının ucuna yaxınlaşdırdığı stəkana şərəf verirdi sanki.
- Axı siz özünün necə oldu tutuldunuz? Nə idi günahınız?
Axı Azərbaycanda qadını çox nadir halda tuturlar. Yəni onun
cinayəti o qədər ağır olmalı, özü cəmiyyət üçün yarasız və
təhlükəli olmalıdır ki, onu qandallasınlar. Ya da vətənə xəyanət və
sair olsun. Siz nə günahın sahibi idiz?
Gülsüm xanım suallarımın ard-arda düzülməsinə iradını
bildirdi:
- Yaman səbirsiz adamsız. Axı dedim, danışacam. Mən özümü günah
sahibi bilirəm. Amma məni həbs etməyə bilərdilər…
(ardı var)