Yuxarı

Oğlunu müharibədən saxlatmaq üçün pul tökdü, axırda...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütlə – hər yerdə kütlədir! İçində özünü həmişə haq(lı) sayan tanrıcıqlar qaynaşır – pıtraq kimi. Müttəfiqlərini uzaqdan-uzağa tanıması və öz sırasını hər gün yeni səssiz çağırışlar və çağırışçılarla gücləndirməsi ötəri göz təmasına bənddir. Daim birinci şəxsin təkində düşünür və danışır; leksikonundakı əksər cümlələrin “mənsiz”, “mənə görə”, “mənim sayəmdə” kimi söz və söz birləşmələrindən pöhrələnməsi təsadüfi deyil – güc nümayişidir. Ancaq və yalnız fürsət düşdükcə ulduz axını qədər ani mövqe korreksiyasını da unutmur. Strateji xəttində şirnikləndirici casus atmacaları ilə ətrafındakıları daha çox və daha yaxşı öyrənmək, daha çox və daha yaxşı itaət altında saxlamaq və idarə etmək istəyi...

Onun sensor xarakterli ənənəvi ideoloji xətti, çoxluğa güvənən dayaq nöqtələri, təlimatlan(dırıl)mış xüsusi təyinatlıları və amansız mübarizə üsulları var. Fərqliliyi sevmir! Özünə bənzəməyənləri davamlı təsir və təpki altında saxlayır. Alternativlərini var gücü ilə ya özününküləşdirir, ya əzib-tapdalayır, ya da ləkələyə-ləkələyə sıradan çıxarmağa çalışır. Amma heç kim heç vaxt güclü tərəfə zorla yuvarlanmır; meyli çəkməsə!..

İnsanın gerçək “mən”i haqqında doğru-düzgün bilgiyə sahib olmaması və onu məişət problemlərinin xarabalıqları altında köməksiz vəziyyətdə atması kəskin reqressiya – geriləmə əlamətidir. Dayandığın yerdən hara və necə baxırsansa, bax: ən yaxşı halda gözünə yalnız keçmişin görünəcək. Həyatımızın hər gün kosmik sürətlə artan dinamikası yedəyində gətirdiyi ağlasığmaz rəqabət mühiti ilə daha çılğın və daha güzəştsiz xaotik disbalans yaradır – mürəkkəb kombinasiyalarla zəngin. Yoxuşla müqayisədə və münaqişədə enişin əlçatanlığı və daha rahat görünməsi istər-istəməz reallığı epizodik qütbə sıxışdırır. Dəyərlərlə dəyər sahibləri arasındakı neytral ərazi güzəran psixologiyası ilə minalanıb. Real təhlükə insanın öz gerçəyinə qovuşmasından ötrü indi ancaq real qurban(lar) tələb edir.

Yüz il əvvəl sanki gözə görünməkdən çəkinən “utancaq” şərti işarələrlə manşırlanmış həyət-bacalar ilk növbədə insanın özünə və ətrafındakılarına inam və etibarının ideal göstəricisi idi; başqalarının bostanına daş atmaq hələm-hələm dilə gətirilməyən müqəddəs kəlmələrin ayaq altına atılması kimi qarşılanırdı, həm də ölümdən betər. Özünəinam yalnız bir ocağın ətrafına sığınmış ailə çevrəsində tükənmirdi; radiusu kənd-kənd, bölgə-bölgə uzandıqca uzanır, əhatə dairəsini ucqarlaradək genişləndirirdi. İstinad nöqtəsi əhalini əxlaq normaları üzərində kökləyən və çərçivəsiz bir mühitdə münaqişəsiz həyat tərzini qoruyub saxlayan sağlam davranış modeli – yaşam fəlsəfəsi idi. Ən çox da tərbiyə üsulu!..

Qravitasiyası geri dönüşündə zəngin ali dəyərlərin axınını ikiqat artırdıqca xaric səslərin, yabançı və yalançı elementlərin dövriyyəyə girişini qapadırdı. Sovet rejiminin allahsızlar cəmiyyəti insanların iç dünyasından sürgün olunmuşdu: vicdanın hökmü ilə. İnam və iman qandan gəlirdi, ürəkdən su içirdi. Hətta məscidlərin az sayda gözə görünməsi də heç vaxt gözə görünməyən Yaradanla yaranan arasındakı bağı qıra bilməmişdi, əksinə, Allaha güvən kin-küdurətdən və riyakarlıqdan uzaq, sevgi, mərhəmət, şəfqət kimi ülvi hisslərlə ifadə olunurdu. Empati duyğusu insanla müqayisədə Everest və Comolunqma kimi nəhəng zirvələri təpəyə çevirmişdi...

Yurdda hüzür düşəndə ən azı qırx gün toy mağarı qurulmazdı, radio və televizorun səsi alınardı. Qəbiristanlıq və qəbirlər hasarsız idi. Adamların saf və səmimi münasibətində öləndən qabaq və öləndən çox, ölü sahibinə hörmət dayanırdı. Keç(in)mişlə nisbətdə gerçəyə verilən dəyər insanı ruhdan və həvəsdən düşməyə qoymayan, öz indisindən gələcəyə daşıyan təsəlli – “tamam”ı “davam”a çevirən yüksək gərginlikli enerji transformasiyası idi – toplumdan gələn assimilyasiya.

Qonşumuzun bir anın içində yanıb-külə dönən evi bir ayın içində yumruq kimi birləşən elatın əlilə yenidən tikildi, əvvəlkindən də gözəl! Ailə təbii fəlakətin ağrı-acısını axıradək yaşamağa macal tapmadı heç!..

Yaddaşımda hər səhər nənəsinin çağırışı ilə əsnəyə-əsnəyə yuxudan oyanan, gərnəşə-gərnəşə pal-paltarını geyinən, deyinə-deyinə açıq qapılardan keçən bir uşaq yaşayır; Allahın verdiyi naz-neməti ehtiyacı olanlarla paylaşa-paylaşa, bölüşə-bölüşə. Nə bir niyyəti vardı, nə də minnəti...

İnsanın öz gələcək “mən”inə ögey münasibəti özünə və öz gerçəyinə etinasız və ehtiyatsız davranışından başladı. Həyat məktəbində dəyişən dəyərlər (sərhədlər, mücadilə vasitələri, həyat şərtləri, yaşam prinsipləri) dəyişməyən dəyərləri toplumdan ayırdı; hazırlıqsız uşaq kimi sinif otağının qaranıq bir küncündə tək ayağı üstündə qoydu, üzünü daşa-divara dirədi, alçaltdı – hamıya güldürdü...

Görünənlər bir elin gözü qarşısında bir evin pəncərəsinə çırpılmış daş kimi idi: xarakteri ilə daha çox günəşin cazibəsindən çıxmış meteoriti xatırladırdı. Sın(dırıl)mış pəncərə idrakın ya görmədiyi, ya görə bilmədiyi, ya da görmək istəmədiyi tərəfindən – zəif bənddən əvvəlcə damcı-damcı sızan, ayağı yer alanda isə qarşısına çıxan hər şeyi sındırıb-uçuran fəlakətə yol açdı: qüsurlu düşüncəyə! İtkisi tarixin ən dağıdıcı müharibəsindən də betər, təbiətin ən ölümcül xəstəliyindən də!..

İnsanı olduğu yerə düşüncəsi aparır, ayaqları yox!..

İş yalnız sənə aid olanların sənə gəlməsilə bitmir; sən də aid olduqlarına gedirsən. Ya özünü başqalarına çevirirsən, ya da başqalarını özünə!..

İnsanın indisi ilə daim münaqişədə – döyüş şəraitində yaşaması qurduğu düşüncə barrikadalarından bəllidir... Özü ilə rastlaşmaq, tək qalmaq, təklənmək qorxusu iliyinədək işləyib, hətta vizual təsəvvürü ağrısız ötüşmür. Əslində, zamanla hamının öz həqiqi simasını gizlətməsi üçün bir səbəbi var mütləq. Amma hamının o səbəblə üz-üzə gəlmək cəsarəti yoxdur. Düşüncəsində rəqibini özündən güclü görən, düşüncəsi ilə uduzan insan – toyuq yuvasında becərilmiş qartal yumurtası kimidir. Kütləni seçir – tanıdığı tək ünvanı. Kütləni tanıyır, özünü tanımır. Özündən və aqibətindən xəbərsiz yaşayır – özündən və aqibətindən xəyali uzaqlarda. İndi o, ümidsiz və atılmış gerçəyi ilə həm qatıldığı kölgə ordusunun, həm də müharibə tarixinin ən şanssız əsgəridir. Qalib gəlsə də, öləcək, məğlub olsa da!..

P.S. Doxsanıncı illərdə tanıdığım bir ailə vardı – indi yoxdur. Ata oğlunu müharibədən saxlatdırmaq üçün var-dövlətindən keçdi, qohum-əqraba qapısını döydü. Sonra həyətyanı sahəsində ona ayrıca ev tikdi. Toy çaldırdı. Nəvə sahibi oldu. Sonra münasibətləri korlandı. Sonra küsdülər. Sonra bir-birini görməyə gözləri olmadı: ortaya hasar söhbəti girdi. Sonra üç-dörd qarış torpaqdan ötrü sözləri çəp gəldi. Sonra oğul əlindəki bellə atasının başını ortadan paraladı...

Tarix
2024.04.20 / 08:30
Müəllif
İbrahim Rüstəmli
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla