Milli Şura üzvü, sabiq deputat Gültəkin Hacıbəyli barəsində yayılan məlumata kəskin reaksiya verdi, halbuki AXCP sədri Əli Kərimlinin də adı eyni siyahıda hallanmışdı, buna baxmayaraq, Kərimli bu xüsusda sosial şəbəkə hesabında o informasiyanı yayan media qurumuna qarşı küfr səsləndirmədi.
Milli Şura üzvü Gültəkin Hacıbəyli isə adının Ramiz Mehdiyevin “Dövlət” Şurasında da çəkilməsindən yaman həyəcanlandı və qəribə şəkildə o informasiyanı yayan media qurumunu Ramiz Mehdiyevin adamı olmaqda ittiham etməyə çalışdı, həm də özünün uzun illər məhz sabiq PA rəhbəri tərəfindən təzyiqlərə məruz qoyulduğunu da vurğulamağı lazım bildi. Yəni bu böhtandır, özü Ramiz Mehdiyevin təzyiqinə məruz qalıb həmişə, məhkəmələrə də Mehdiyevin təlimatı əsasında çəkilib və s.
Daha uğurlu reaksiya verməsi üçün Gültəkin Hacıbəyli gərək həmkarlarından təlimat alaydı. Çünki səsləndirdiyi bütün iddialar hakim komandaya məxsus olan, Ramiz Mehdiyevlə adı hallanan şəxslər tərəfindən total şəkildə dilə gətirilən sözlərdir. Özlərini bu cür qorumağa çalışırlar və Gültəkin Hacıbəylinin də “eyni metoddan” istifadə etməsi bir qədər təəccüb yaradır. Axı G.Hacıbəyli indi, daha doğrusu, 2011-ci ildən müxalifətdədir və “həmkarları” əslində Şurada olanlardır - Milli Şuranı nəzərdə tuturuq. Bəs niyə rəqib saydığı tərəfin fikirlərindən istifadə edir?
Digər tərəfdən, Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin təzyiqi altında illərdir yaşadığını deməsi də doğru deyil. Özünün “istinad etdiyi” kimi çıxmasın, amma bu ölkədə doğrudan da Gültəkin Hacıbəylinin məhz hansı səbəbdən qəzəbə tuş gəldiyini bilməyən şəxs yoxdur!
Gültəkin Hacıbəyli 2000 və 2005-ci illərdə, ardıcıl iki dönəm Milli Məclisin üzvü seçilib. Necə seçilib, Milli Məclisdə necə işləyib, seçicilərinə və xalqa münasibətdə necə fərqlənib - heç kəsin yadından çıxmayıb, özü demiş, bunu da bu ölkədə bilməyən yoxdur.
Gültəkin Hacıbəyli tərcümeyi-halından və Vikipediyasından sildirsə də, özü demişkən, bu ölkədə hamı bilir ki, o, Prezident İlham Əliyevin seçkilərdə vəkili olub, onun qızğın təbliğatçısı kimi hər zaman seçilib. Gültəkin Hacıbəyli məhz İlham Əliyevin təbliğatında yer almasından məharətlə istifadə edib, özü haqqında “rəhbərliyə yaxın millət vəkili” imici formalaşdırmağa çalışıb və bunun sayəsində də icra strukturlarında çalışan məmurlardan imtiyazlar əldə edib: torpaqlar, əkin sahələri, ev, mülk, “ailə mirası” və s.
Onun MƏHZ (!!!) bu imicini formalaşdırmağa çalışması səbəbindən “ipi qırıldı” və siyasi karyerasının üzərindən xətt çəkildi. O qara və qalın “xətti” çəkən şəxsin isə Ramiz Mehdiyev deyil, kim olduğunu, Gültəkin Hacıbəylinin özü demişkən, bu ölkədə hər kəs çox yaxşı bilir.
O ki qaldı Gültəkin Hacıbəylinin ölkədən qaçması barədə medianın yazdığına verilən cavaba, bu da təəccüblüdür.
G.Hacıbəyli ölkədən qaçmadığını deyib. Toplum TV-yə danışıb, bildirib ki, sentyabrın 25-dən oğlunun təhsili ilə əlaqədar Türkiyədədir, lakin yaxın zamanda Azərbaycana qayıdacaq.
Həm də deyib ki, vətənində həbsxanada olmağı xaricə getməkdən üstün tutur.
Həqiqətən də əgər Ramiz Mehdiyev haqda ittiham 14 oktyabrda irəli sürülübsə, G.Hacıbəyli isə 25 sentyabrda Türkiyəyə gedibsə, onda hansı “qaçmaqdan” danışmaq olar ki!
Sadəcə, bir məsələ maraqlıdır. Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına sabiq millət vəkilinin keçmiş həyat yoldaşı (uşağın atası) izn vermirdi. 12 mart 2021-ci ildə mediaya danışan G.Hacıbəyli dedi ki, məhkəmə bu qadağanı götürdü, artıq T.Mehdi ölkədən çıxa bilər.
T.Mehdi ilə bağlı bu qərarın verilməsi isə onun Almaniyada ali məktəb qazanması ilə əlaqədar idi. Yəqin ki, G.Hacıbəyli məhkəməyə Almaniyadan qəbul və orda seçilən universitetdən qeydiyyatdan keçdikləri haqda sənəd təqdim edibmiş. Mart ayında bunu necə əldə ediblər, bu ayrı məsələdir - fakt odur ki, 2004-cü il təvəllüdlü, 2021-ci ildə 17 yaşı olan və ölkədən çıxması üçün hər iki valideyninin icazəsi tələb edilən T.Mehdiyə atasının qoyduğu qadağanı məhkəmə məhz “Almaniyada universitet qazanması” səbəbindən ləğv etmişdi.
İndi isə bəlli olur ki, G.Hacıbəylinin oğlu Türkiyədə təhsil alır və bu səbəbdən də Gültəkin Hacıbəyli tez-tez Türkiyəyə gedir.
Doğrusu, hər kəsin şəxsi həyatı özünə aiddir, ancaq bir halda ki, G.Hacıbəylinin Türkiyəyə 25 sentyabrda, həm də oğlunun təhsili ilə bağlı getdiyi deyilir, gərək onun Almaniyada təhsil almamasının səbəbi də deyilsin, yoxsa insanlar çeşid-çeşid şübhələrə düşə bilər.
Digər tərəfdən, Gültəkin Hacıbəyli 1 ay 5 gündür oğlunun təhsili ilə əlaqədar Türkiyədədir. Ali məktəb tələbəsi, 21 yaşlı gəncin təhsili ilə bağlı 1 ay 5 gün nə etmək olar ki! Yenə ibtidai sinif olsaydı, çantasını daşımağa yardım edərdi...